Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
Far.Az xəbər saytı

Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ


Oğurluqda təqsirləndirilən Pənah İsayevin (adı, soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az Pravda.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci (oğurluq əməli) maddələrində nəzərdə tutulan hərəkəti anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub, Pənah İsayev buna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.

İttihama görə, Pənah İsayev epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkdiyi üçün hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb.

Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs tanışı və qardaşı ilə əvvəlcədən əlbir olaraq Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evini hədəf seçib.

Belə ki, 2025-ci ilin iyun ayında gecə saat 02 radələrində onlar hasarı aşaraq evin həyətinə qanunsuz daxil olublar. Daha sonra həyətdə yerləşən tövlənin və saxlanc yerinin qapısını açaraq oradan 154 baş xırdabuynuzlu heyvanı aparıblar.

Təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub.

Pənah İsayev bildirib ki, rəsmi iş yeri olmayıb və fərdi əməklə dolanıb.

İfadəsinə görə, hadisə günü qardaşı və tanışı ilə birlikdə spirtli içki qəbul ediblər. Həmin vaxt tanışı onlara birlikdə oğurluq etməyi təklif edib. Qardaşı əvvəlcə bu təklifdən imtina edərək oradan uzaqlaşıb. Lakin sonradan onların yanına qayıdıb.

Daha sonra taksi ilə Samux rayonunun Qarayeri qəsəbəsinə gedərək əvvəlcədən seçdikləri evdən heyvan oğurlamağa qərar veriblər.

Həyətdən oğurladıqları heyvanları qabaqlarına qataraq kanalboyu yol ilə Göygöl istiqamətində aparmağa başlayıblar. Yolda körpüdən keçərkən heyvanlar irəliləməyib. Bu zaman Pənahın qardaşı oğurlanmış heyvanların geri qaytarılmasını təklif edib. Bu səbəbdən tanışı ilə qardaşı arasında mübahisə yaranıb. Ardınca qardaşı əsəbiləşərək onları tərk edib.

Təqsirləndirilən şəxs isə tanışı ilə birlikdə heyvanları başqa istiqamətdən apararaq Göygöl rayonunun Balçılı kəndinə çatdırıb və onları tanışının qohumunun həyətinə yerləşdiriblər. Ertəsi gün ayıldıqdan sonra etdiyi əmələ görə peşman olub və tanışına zəng edərək heyvanların taleyi ilə maraqlanıb.

Məhkəmədə qanuni nümayəndə qismində dindirilən təqsirləndirilən şəxsin atası bildirib ki, oğlu hərbi xidmətdən qayıtdıqdan sonra ciddi psixi problemlər yaşamağa başlayıb.

Ata məhkəmədə oğlunun oğurluq hadisəsində iştirak etdiyinə inanmadığını bildirib.

Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, hadisə gecə baş verdiyindən oğurluğun necə törədildiyini görməyib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanların 130 başı tapılaraq geri qaytarılıb.

Zərərçəkmiş bildirib ki, təxminən 12 min manat məbləğində ziyan hələ də ödənilməyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxsin atası dəymiş zərəri ödəmək və şikayətin geri götürülməsini xahiş etsə də, tərəflər arasında razılıq əldə olunmayıb.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər