ARDNF-in aktivləri 73 milyard dollara yaxındır
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 milyard 596 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 1,3 % azdır.
"Far.Az" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 531,3 milyon manat, o cümlədən neft-qaz gəliri 4 milyard 953,4 milyon manat, idarəetmə gəliri isə 3 milyard 577,9 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 6 milyard 447,9 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 3 milyard 688,1 milyon manat təşkil edib.
6 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 374,9 milyon manat, "Şahdəniz" yatağından isə 437,1 milyon manat vəsait daxil olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 2,1 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 12,3 milyon manat yönəldib, idarəetməyə isə 15,4 milyon manat xərcləyib.
"I rübdə başlamış ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunub və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. II rübdə isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub, müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.
I rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləyib. I rübün sonlarından etibarən bu meyil əksinə dönüb, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirib və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olub. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir edib, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirib.
Qlobal səhm bazarları I rübün əvvəlində müsbət nəticələr göstərib, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən I rübün qalan hissəsində geriləyib. II rübdə bazarlarda bərpa müşahidə edilib, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neftin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olub. II rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və volatillik yenidən artıb.
Qızılın qiyməti I rübün əvvəlində kəskin artıb, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olub. I rübün sonunda isə qiymətlər kəskin azalıb və real faiz dərəcələrinin artımı fonunda bu eniş II rüb ərzində davam edib", - deyə ARDNF bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şahdəniz" yatağından ilk qazın əldə edilməsindən 30 il ötür
ARDNF-in aktivləri 70 milyard dolları keçib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













