Lənkəranda müasir suvarma sistemlərinin təşviqi ilə bağlı interaktiv təlim proqramı başlayıb
Far.Az xəbər saytı

Lənkəranda müasir suvarma sistemlərinin təşviqi ilə bağlı interaktiv təlim proqramı başlayıb


Lənkəranda "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda üç günlük interaktiv təlim proqramına start verilib.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, proqram Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilir.

Təlim proqramı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər əsasında təşkil olunub.

Proqramın təqdimatında çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, aqrar sahənin dayanıqlı inkişafı, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma əsas prioritet istiqamətlərdəndir. O qeyd edib ki, Aqrar Təlim Mərkəzi tərəfindən cari il ərzində 52 rayon üzrə təşkil olunan 628 təlimdə ümumilikdə 16 min 709 fermer iştirak edib.

S.Hacıyev həmçinin vurğulayıb ki, uzunmüddətli dayanıqlı kənd təsərrüfatının formalaşdırılması idarə olunan və səmərəli suvarma sistemi olmadan mümkün deyil. Sədr diqqətə çatdırıb ki, son üç il ərzində ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85–87 min hektardan 127 min hektara çatdırılıb. Bu göstərici həyata keçirilən dövlət dəstəyinin və görülən işlərin real nəticəsidir. Qarşıdakı dövrdə müasir suvarma sistemlərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə 2030-cu ilin sonunadək bu sistemlərin tətbiq olunduğu ərazilərin həcminin 300 min hektara çatdırılması planlaşdırılır.

Tədbirdə beynəlxalq ekspert Abdullah İlker Esin və sahə üzrə mütəxəssis Akif Quliyev müasir suvarma texnologiyalarına dair təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı ənənəvi və müasir suvarma üsullarının müqayisəsi, müasir suvarma sistemlərinin üstünlükləri, damcı və yağmurlama kimi intensiv suvarma texnologiyalarının tətbiqi, su itkilərinin əsas səbəbləri və onların azaldılması yolları, suvarmaya təsir göstərən iqlim, torpaq və bitki amilləri, eləcə də müasir suvarma sistemlərinin düzgün layihələndirilməsi və planlaşdırılması prinsipləri ətraflı izah olunub. İştirakçılar mövzular üzrə praktiki nümunələr və beynəlxalq təcrübə ilə tanış olublar, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın üçüncü günü isə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən nümunəvi təsərrüfatda praktiki məşğələ keçiriləcək. İştirakçılar burada müasir suvarma sistemlərinin tətbiqini praktik olaraq öyrənmək və onların iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Oxşar xəbərlər

Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər