Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, komissiyanın ilk iclasının açılışında Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclasının parlament əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. Spiker bir az əvvəl başa çatan İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində parlament dialoqunun möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflərin sadiqliyinin ifadə olunduğunu vurğulayıb. Həmçinin parlamentlərimiz arasında 2027–2028-ci illər üzrə praktiki tədbirləri əhatə edən növbəti "Yol xəritəsi"nin imzalandığını diqqətə çatdırıb.
Milli Məclisin sədri komissiyanın parlamentlərarası qarşılıqlı fəaliyyətin daimi mexanizminə çevrilməsi ilə bağlı fikirlərini bölüşüb, bildirib ki, bu təsisat ikitərəfli gündəliyin aktual məsələlərinin müntəzəm müzakirəsinə imkan yaradacaq. O, komissiyanın praktiki fəaliyyətə başlamasını ölkələr arasında ali səviyyədə əldə olunmuş strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin parlament müstəvisində davamı kimi səciyyələndirib.
Sahibə Qafarova komissiyanın fəaliyyətinin ilkin mərhələsində qarşıda duran vəzifələrə toxunaraq, təşkilati məsələlərin həllini, parlamentlərarası əlaqələrin mövcud vəziyyətinin təhlilini və artıq fəaliyyət göstərən əməkdaşlıq mexanizmləri nəzərə alınmaqla birgə işin prioritetlərinin müəyyənləşdirilməsini əsas vəzifələr kimi qeyd edib. Digər mühüm vəzifənin ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların və imzalanmış sazişlərin həyata keçirilməsində parlamentlərin rolunun müəyyənləşdirilməsi olduğu vurğulanıb. Bu kontekstdə ikitərəfli əməkdaşlığın, ilk növbədə iqtisadi sahədə əməkdaşlığın qanunvericilik bazasının təkmilləşdirilməsinə diqqət yetirilməsinin vacibliyi qeyd edilib.
Sahibə Qafarova parlamentlərin komitələri arasında əlaqələrin möhkəmləndirilməsinin zəruriliyinə də diqqət çəkib. Bildirib ki, məhz bu səviyyədə qanunvericilik məsələlərinin ətraflı müzakirəsi, milli təcrübələrin mübadiləsi və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə qərarların hazırlanması üçün geniş imkanlar mövcuddur. O, komissiyanın fəaliyyətinin səmərəliliyinin konkret nəticələr, birgə təşəbbüslər və praktiki təkliflərlə müşayiət olunacağına əminliyini ifadə edib.
Çıxışının sonunda Sahibə Qafarova bugünkü iclasın komissiyanın səmərəli fəaliyyəti üçün başlanğıc nöqtəsi olacağına və parlament dialoqunu yeni məzmunla zənginləşdirəcəyinə inamını bildirib.
Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirərək, ikitərəfli razılaşma və sazişlərdə nəzərdə tutulan layihələrin həyata keçirilməsində parlamentlərin, xüsusilə profil komitələrinin fəal iştirakının vacibliyini vurğulayıb.
Tənzilə Narbayeva komissiyanın fəaliyyətinin konkret birgə layihələr üzərində qurulmasını, iclasların müntəzəm keçirilməsini və zərurət yarandıqda onlayn görüşlərin təşkilini məqsədəuyğun hesab edib. Növbəti iclasın Özbəkistanda keçirilməsi barədə razılaşmanı xatırladan Senat sədri komissiyanın fəaliyyətinin iki ölkə prezidentləri səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
İclasda çıxış edən vitse-spiker, Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri Musa Qasımlı Azərbaycan və Özbəkistan xalqları arasında tarixi qardaşlıq münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi və ardıcıl səyləri nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu münasibətlərin parlamentlər müstəvisində davam etdiyini deyən vitse-spiker parlamentlərarası əməkdaşlığın geniş potensialının və inkişaf perspektivlərinin bir qədər əvvəl keçirilmiş forumun nəticələrində, xüsusən onun Bakı Bəyannaməsində öz əksini tapdığını qeyd edib.
Gündəlikdəki məsələlərin müzakirəsində Milli Məclisin komitə sədri Səməd Seyidov, komitə sədrlərinin müavinləri Fatma Yıldırım, Günay Əfəndiyeva, Jalə Əliyeva, deputat Samir Vəliyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, eləcə də Özbəkistan Ali Məclisinin deputatları çıxış ediblər.
Çıxışlarda Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlər bölüşülüb, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun nəticələrinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Həmçinin, iki ölkənin parlamentləri arasında əlaqələrin institusional inkişafında yeni mərhələ olan Parlamentlərarası Əməkdaşlıq Komissiyasının qarşısında duran məqsəd və vəzifələrə toxunulub, onun fəaliyyətinin prioritet istiqamətləri və mövcud əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. İclasda Milli Məclisin komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Əminə Ağazadə, həmçinin Özbəkistan Ali Məclisinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.
Milli Məclisin Mətbuat xidmətindən "Report"a bildirilib ki, sənədi Azərbaycan tərəfdən parlament sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
"Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün Bakıda keçiriləcək forumda "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusunda müzakirələr aparılacaq.
Həmçinin Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027–2028-ci illər üçün praktiki tədbirlər planının ("Yol xəritəsi") imzalanması nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













