Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ
Nadir "mezzo-soprano" səsi ilə Azərbaycanın opera sənətinə möhürünü vuran Xalq artisti Fidan Hacıyeva zəngin yaradıcılığı ilə illərdir tamaşaçıların rəğbətini qazanıb. Dünyanın müxtəlif səhnələrində ölkəmizi layiqincə təmsil edən sənətkar üçün musiqi sadəcə sənət yox, nəfəs aldığı, yaşadığı və varlığını tamamladığı dünyadır.
Bəs bu zirvənin gətirdiyi şöhrət onun gündəlik həyatına necə təsir edib? O səhnənin işıqları ilə qovuşan bu ömür yolunda nə vaxtsa səhnədən gedəcəkmi? Bəs həyat yoldaşının, övladlarının Xalq artistinin bu möhtəşəm sənət yoluna münasibəti necədir? Fidan Hacıyevanı qarşıda hansı yeni yaradıcılıq layihələri gözləyir?
Bütün bu sualları Xalq artisti Fidan Hacıyeva BAKU.WS-ə səmimi müsahibəsində cavablandırıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Artıq 21 yaşında "Səhnəmizin Karmeni" olan Fidan Hacıyeva üçün bu sənətə gəlmək çətin olub?
-Təbii ki, bütün sahədə çətinliklər var. Mən öz sənətimi, yəni operanı, klassik musiqini çox sevirəm. Bununla yaşayıram. Bu sənətdə hər şeyi sevə-sevə edirəm. Musiqi məktəbim var, tələbələr yetişdirirəm. Çoxlu konsertlərimiz, tədbirlərimiz olur, bunların hamısını biz sevə-sevə edirəm.
- Repertuarınızda klassik əsərlərdən başqa hansı janrlı mahnılar var?
-Sırf opera ifa etmirəm. Operadan başqa repertuarımda xalq mahnıları, estrada əsərləri də var. Səsimin çərçivəsindən çıxmayaraq bunların hamısını ifa edirəm. Şairimiz Məmməd Arazın sözlərinə yazılmış "Dağlar məndən küsüb" mahnısında bir az muğam da oxumuşam. Müxtəlif janrlarda ifa etməyi çox sevirəm. Amma buna baxmayaraq, yenə də öz səsimin çərçivəsindən çıxmıram. İnsanlar var ki, səs tonlarını dəyişirlər. Mənim səs tonum "mezzo-soprano"dur. Qadınlarda bu, ən bəm və nadir səsdir. Biz adətən soprano səslərinə qulaq asırıq. Lakin "mezzo-soprano" nadir qadın bəm səsidir. Bu səsimə uyğun müxtəlif obrazları oynaya bilmişəm. Məsələn, "Karmen"i, "Sevil" operasında "Gülüş"ü... Bu obrazların səsləri "mezzo-soprano" səs üçün yazılıb. Üzeyir Hacıbəyovun "Koroğlu" operasında "Xanəndə qız", "Arşın mal alanda" Asya və digərləri...
- Siz tez-tez xaricdə festivallarda, tədbirlərdə olursunuz, bu zaman başınıza gələn maraqlı hadisələr olub?
-Maraqlı hadisələr tez-tez yaşanıb. Türkiyədə "Aspentos" adlı qədimi teatr var. Orada iki tamaşada çıxış etdim. Onlardan biri "Karmen", digəri isə açıq səma altında nümayiş olunan tamaşa idi. Ulduzların altında, açıq havada çıxış etmək çox maraqlı təcrübə idi. Bir dəfə elə güclü külək əsdi ki, notlar havada uçmağa başladı. Bəziləri panikaya düşdü, notlarını tutmağa çalışdı. Belə maraqlı hadisələr də başımıza gəlir. Yadıma başqa bir hadisə də düşür. "Sevilya bərbəri" operasında çıxış edirdim. Kostyumumu geyinmək üçün otağa keçmişdim. Kostyumum kifayət qədər ağır idi və ətəyi geniş olduğundan hərəkət etmək bir qədər çətin idi. Sonra məlum oldu ki, kostyumun ətəyinin içinə yarasa girib. O, orada gizlənmişdi. İnanın, bunu görəndə elə qışqırdım ki...! Xüsusilə də siçan və yarasalardan qorxuram. Bizim başımıza belə hadisələr tez-tez gəlir.
- Xalq artisti Fidan Hacıyeva bu sənətə möhürünü hansı obrazı ilə vurub?
-Düşünürəm ki, adım çəkiləndə ilk növbədə "Karmen" yada düşür. Türkiyədə də bununla bağlı maraqlı bir xatirəm var. Bir dəfə müqavilə əsasında çıxış edirdim. Orada məni o qədər də tanımırdılar. Amma "Karmen"i o qədər ifa edirdim ki, zamanla bu əsər mənimlə eyniləşdi. Söhbət fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasından gedir. Bu operanı həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində keçirilən konsertlərdə dəfələrlə ifa etmişəm. "Karmen"i sənət həyatımın və karyeramın ən böyük uğurlarından biri hesab edirəm. "Karmen" obrazı böyük uğur gətirib.
- Noyabrın 8-də "Zəfər Günü" münasibətilə Parisdə konsertiniz oldu. Bu konsertə necə hazırlaşmışdınız və oradan hansı təəssüratlarla qayıtdınız?
-Paris səhnəsində çıxış etmək mənim üçün çox maraqlı və həyəcanverici idi. Parisin məşhur opera teatrlarından birində, dünya şöhrətli sənətkarların çıxış etdiyi səhnədə olmaq mənim üçün xüsusi təcrübə idi. Düşünürdüm ki, görəsən, hansı atmosferdə çıxış edəcəm, bu möhtəşəm səhnədə özümü necə hiss edəcəm? Çox gözəl konsert oldu və yüksək səviyyədə təşkil edilmişdi. Fransadakı səfirimiz Leyla Abdullayevanın təşkilatçılığı ilə baş tutan konsertdə Fransanın məşhur kamera orkestri bizi müşayiət etdi. Əməkdar artist Ramil Qasımov da konsertdə iştirak edirdi. Həmçinin Opera və Balet Teatrının baş dirijoru, Əməkdar incəsənət xadimi Eyyub Quliyev və gənc rəssamımız Nərgiz Əliyeva da tədbirdə yer almışdılar. Ümumilikdə, çox gözəl və təntənəli konsert oldu.
- Sizin musiqi məktəbiniz var. Belə bir məktəb yaratmaq ideası sizdə necə yarandı?
-Mən 3 il İtaliyada məşhur opera ifaçısı Bruna Baglioninin ustad dərslərində iştirak etmişəm. Onun öz musiqi məktəbi var idi. Roma yaxınlığında yerləşən "Fraskati" adlı şəhərdə yaşayırdı. Dörd mərtəbəli villası var idi. Ailəsi ilə birlikdə orada yaşayırdı, eyni zamanda binanın bir mərtəbəsini musiqi məktəbi kimi istifadə edirdi. Mən də ora dərs almağa gedirdim. Çox gözəl həyəti var idi. Hər dəfə oraya gedəndə düşündüm ki, mütləq Azərbaycana qayıtdıqdan sonra mən də belə bir məktəb açmalıyam.
Bura da mənim evimdir. Əvvəlcə başqa bir yerdə məkan icarəyə götürməyi düşündüm. Sonradan qərara gəldim ki, musiqi məktəbini elə öz evimdə yaradım. Çünki bura şəhərin mərkəzində yerləşir. Üstəlik, bu, XIX əsrə aid çox qədim bir evdir. Öz tarixi və gözəl akustikası var. Düşündüm ki, musiqi məktəbi üçün çox münasib məkandır. Bu ideya İtaliyada müəllimimin məktəbini gördükdən sonra yarandı. Azərbaycana qayıtdıqdan sonra, 2015-ci ildə burada musiqi mərkəzi kimi fəaliyyətə başladıq. 2017-ci ildə isə artıq musiqi məktəbi statusu aldıq.
Musiqi məktəbimizin gözəl yetirmələri var. Onlardan biri bu yaxınlarda Muğam Mərkəzində beynəlxalq festival çərçivəsində çıxış etdi. Daha sonra onunla birlikdə Minskə getdik və orada da çıxış etdik. O, Azərbaycan Musiqili Komediya Teatrının solistidir.
Digər solistlərim də beynəlxalq müsabiqə və festivallarda uğurlar qazanırlar. Bu yaxınlarda tələbəm Əli də beynəlxalq müsabiqənin laureatı oldu. Belə uğurlarımız çoxdur. Artıq tələbələrimin bir qismi Musiqi Akademiyasını, konservatoriyanı bitirdikdən sonra mənim yanıma gəlib çalışırlar. Anar və Sevil ilk tələbələrim olub. İndi isə artıq özləri də gəlib məktəbinizdə çalışırlar.
- Elə bir əsər var ki, Fidan Hacıyeva onu hələ ifa etməyib. Lakin çox istəyər ki, o mahnını səsləndirsin...
-Mən hələ düşünürəm ki, bu yaşdan sonra konsert fəaliyyətimi daha da gücləndirməliyəm. Əvvəllər, təbii ki, ailə, uşaqlar və digər məsuliyyətlər səbəbindən çox şeyi həyata keçirə bilməmişəm. Ancaq düşünürəm ki, indi daha fəal olmalıyam. Həm öz tələbələrimi, həm də Azərbaycan klassik opera musiqisini tamaşaçılara daha geniş şəkildə tanıtmalıyam. Bunu həm Azərbaycanda, həm də dünyada etməliyəm... Adımı daşıyan Beynəlxalq Opera Festivalının keçirilməsi bizə çox geniş auditoriya qazandırdı. İndi də bu istiqamətdə çalışmağa davam edirəm. İstəyirəm ki, həm mənim tələbələrim, həm də bizə müraciət edən gənc ifaçılar öz istedadlarını nümayiş etdirmək imkanı qazansınlar.
- Bu yaxınlarda məşhur müğənni Ajda Pekkan qeyd etdi ki, hələ də tamaşaçı qarşısına çıxanda çox həyəcan keçirir. Bəs 30 ilə yaxındır sənətdə olan Fidan Hacıyeva da hələ də səhnədə tamaşaçı qarşısında həyəcanlanırmı?
-Əlbəttə, həyəcanlanıram. Yaxın zamanda Heydər Əliyev Sarayında konsertim olacaq. Çox böyük bir proqram hazırlayıram. Bu konsert həm festivalın bağlanış mərasimi olacaq, həm də mənim üçün xüsusi əhəmiyyət daşıyır. Konsertdə antraktsız 23 əsər ifa edəcəyəm. Proqram 7 dildə təqdim olunacaq: Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və daha bir başqa dildə... Müxtəlif janrlara müraciət edəcəyik. Əsasən Azərbaycan və ispan əsərləri üstünlük təşkil edəcək. Təbii ki, həyəcanlanıram... Çünki Heydər Əliyev Sarayı Azərbaycanın ən böyük konsert zallarından biridir. Orada çıxış etmək böyük məsuliyyətdir. Konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri məni müşayiət edəcək. Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə musiqi məktəbinin xoru və uşaqları da çıxış edəcəklər. Oğlum da məni müşayiət edəcək. Düşünürəm ki, hər bir ifaçıda bu həyəcan olmalıdır. Bu, tamaşaçı qarşısında məsuliyyət hissidir.
-Siz 2015-ci ildə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xalq artisti" adına layiq görülmüsünüz. Düşünürəm ki bu sizin üçün çox gözəl bayram hədiyyəsi olub. Bəs ad gününüzdə ya da bayramlarda başqa hansı qeyri-adi, maraqlı hədiyyələr almısınız?
-İnanın ki, həmin xəbəri eşidəndə sevincimdən ağlayırdım. Bundan böyük hədiyyə ola bilərmi? Xüsusilə də incəsənət nümayəndəsi üçün bundan böyük mükafat, bundan böyük sevinc yoxdur.
-Səhnədə bir çox obrazlarınız olub. "Xanəndə qız" "Gülüş", "Asya", "Gülçöhrə", "Karmen", "Rozina", "Santuzza" və digərləri. Bu obrazlardan özünüzə ən yaxın hiss etdiyini hansı olub?
- Əvvəllər özümü daha çox Jorj Bizenin "Karmen" operasındakı obrazla eyniləşdirərdim. Ancaq indi özümü italyan bəstəkarı Cüzeppe Verdinin "Aida" operasındakı Amneris obrazına daha yaxın hiss edirəm. Bu yaxınlarda Heydər Əliyev Sarayında Yusif Eyvazovla birlikdə həmin operanı ifa etdim. Amneris şahzadə obrazıdır. Ümumiyyətlə, bu operanı çox sevirəm və özümü bir qədər həmin obrazda görürəm.
- Fidan Hacıyevanı həyatda əsas nə güclü edir?
– Mübarizəni sevən insanam. Qarşıma məqsəd qoyan və həmin məqsədə çatmağa çalışan biriyəm. Düşünürəm ki, hər bir insan həyatda məqsədlə yaşamalıdır. Qarşısına məqsəd qoymalı və ona çatana qədər bu yolda irəliləməlidir. Yadımdadır, 3-cü Beynəlxalq Opera Festivalını təşkil edərkən düşündüm ki, bu il həm də mənim üçün həm də yubiley ilidir. Opera səhnəsində fəaliyyətimin 30 ili tamam olur. Artıq bu, 3-cü Beynəlxalq Opera Festivalımızdır. Əvvəlki festivallar kimi onun da yeddi gün davam etməsini düşünürdüm. Sonra qərara gəldim ki, yeddi gün ərzində istədiklərimizin hamısını həyata keçirə bilmərik. İstəyirdim ki, festival həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də ölkəmizin gözəl şəhərlərində geniş şəkildə qeyd olunsun. Buna görə də daha böyükmiqyaslı festival təşkil etdik. Festival üç ay ərzində davam edir. Azərbaycanda ilk dəfədir ki, bu qədər uzunmüddətli opera festivalı keçirilir. Xarici ölkələrdə yəni, Fransada və İngiltərədə də oldum. Həmin ölkələrin ən böyük konsert zallarında konsertlərim keçirildi. Əsas məqsədlərimizdən biri də yeni səsləri kəşf etmək, gənc opera ifaçılarını üzə çıxarmaq və onlara böyük konsert salonlarında səhnəyə çıxmaq imkanı yaratmaqdır. Bəlkə də inanmazsınız, əvvəllər tanımadığım vokal ifaçılarını kəşf edib tamaşaçılara təqdim etmişəm. Çox gözəl konsertlərimiz olub. Onlardan biri də İçərişəhərdə, Şirvanşahlar Sarayında baş tutub.
Bundan başqa, 2019-cu ildə öz adımı daşıyan, yalnız xanımlardan ibarət Azərbaycanın ilk kamera orkestrini yaratmışam. Hətta kontrabas ifaçımız da xanımdır.
- Necə düşünürsünüz, insanların sizdə bəyənib və ya bəyənmədiyi xüsusiyyətləriniz hansılardır?
– Bu gün səhər yoldaşıma da həmin sualı verdim. Dedim ki, görəsən, mənim hansı xasiyyətimi bəyənmirsən? O da mənə belə cavab verdi: "Əgər bəyənməsəydim, bu qədər il sənin yanında olmazdım. Səni sevirəm və buna görə də yanındayam" dedi. Təbii ki, hər insanın çatışmazlıqları var. Heç kim qüsursuz deyil, hər şeyin ideal olması mümkün deyil. Mən isə çalışıram ki, insanlarla, uşaqlarla və ətrafımdakı hər kəslə gözəl münasibət qurum. İnsanlara yaxşılıq etməyi sevirəm. Heç vaxt mənim kiminsə haqqında pis danışdığımı eşitməzsiniz. Haqqımda nəsə deyildiyini eşidəndə də "Eybi yoxdur, deyibsə, deyib, mən onu bağışlayıram" deyirəm. Özünüz də bilirsiniz ki, heç bir qalmaqalda, söz-söhbətdə iştirak etməmişəm və bundan sonra da belə hallarda olmaq istəmirəm.
- Şöhrət insanı dəyişirmi?
- Şöhrət insanı o zaman dəyişə bilər ki, o, öz üzərində işləməyi dayandırsın! Amma inanın gələcəklə bağlı o qədər planlarım, görəcəyim işlər, ifa edəcəyim əsərlər var ki… Hazırda çox çətin əsərləri üzərimə götürmüşəm. Onlara hazırlaşmağa vaxtım belə çatmır. Bəzən öz-özümə deyirəm ki, görəsən, indi mənim haqqımda kitab yazılsa, orada nələrdən bəhs edilər? Hələ çoxlarının bilmədiyi, gələcəkdə açıqlanacaq işlərim də var. Yaxın zamanda haqqımda yazılan kitabın təqdimatı olacaq. Bu, barədə hələ heç bir yerdə xəbər açıqlama dərc olunmayıb. İlk dəfə bu barədə sizə açıqlama verirəm. Bəzən oxuduqlarıma baxıb özüm də təəccüblənirəm və deyirəm ki, bunları mən özüm etmişəm? Amma daxilən hiss edirəm ki, hər gün yenidən başlamalı, hər şeyi təzədən öyrənməliyəm. Öyrəniləsi hələ o qədər çox şey var ki… Ona görə də daim öz üzərimdə işləməyə çalışıram. Tez-tez kitablar oxuyur, yenilikləri izləyir, yeni dillər öyrənirəm. Şöhrətin öz özümdə təsirini hiss etmirəm.
- Dünyada elə məşhurlar var ki, onların həyatı haqqında film çəkilir. Bəs siz nə vaxtsa öz həyatınız haqqında film çəkilməsini istərdiniz? İstəyərdinizsə sizi hansı aktrisanın oynamasını arzulayardınız?
- Bu barədə çox düşünməmişəm. Bu yaxınlarda Ancelina Colinin Mariya Kallası canlandırdığı filmə baxdım. Çox gözəl film idi. Ümumiyyətlə, Ancelina Colini çox sevirəm. Amma düşünürəm ki, italyan aktrisa da məni yaxşı canlandıra bilər. Çünki italyanlar bir qədər emosional olurlar və bu xüsusiyyətlərinə görə bizə də çox bənzəyirlər.
- Bəzi sənətçilər müəyyən yaşdan sonra səhnə ilə vidalaşacaqlarını bildirirlər. Siz nə vaxtsa bu barədə düşünmüsünüzmü?
- Hələ ki, səsim imkan verir, güclüdür və oxuyuram. Amma səsimdə müəyyən zəifləmə hiss etsəm, mütləq səhnədən gedəcəm. Səhnə sevgisi tamam başqa hissdir. Mənim tələbələrim var, onları yetişdirirəm. Onlar mənim davamçılarımdır. Həmişə deyirəm ki, siz nə edirsinizsə, elə bilin ki, mənim sənətimi davam etdirirsiniz.
- Biz bilirk ki, yaxın günlərdə sizin Heydər Əliyev Sarayında konsertiniz olacaq. İstərdik biraz bu haqda danışasınız. Hansı yeniliklər olacaq və tamaşaçıları nələr gözləyir?
- Əsas konsertim dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək. Bu, həm Bakıda, həm də İstanbulda təqdim etdiyim solo konsert proqramıdır. Eyni zamanda, III Beynəlxalq Opera Festivalının bağlanış mərasimi olacaq.
Konsertdə bütün ailəm iştirak edəcək. Oğlum da məni müşayiət edəcək. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edəcək. Dirijor Xalq artisti Yalçın Adıgözəlovdur. Bundan başqa, İspaniyadan flamenko rəqs qrupu da proqramda iştirak edəcək. Opera və Balet Teatrının rəqs kollektivi ilə də birlikdə çalışırıq. İnanıram ki, çox maraqlı və gözəl konsert olacaq.
- Eşq, sevgi və məhəbbətin Fidan Hacıyevanın həyatındakı yeri...
Siz İngiltərə vətəndaşı Filip Neylorla ailə qurmusunuz. Bu izdivac necə baş tutdu və tanış olduğunuz gündən vaxta qədər Filip Neylorun sizin sənətinizə münasibəti necə olub?
Filipplə, Milad bayramında tanış olmuşam. O, həmin vaxt Bakıya gəlmişdi. Mən isə orada yenə də "Karmen" obrazını ifa edirdim. Milad bayramı ilə bağlı bir tədbir təşkil olunmuşdu. Tofiq Quliyevin qızı Lalə Quliyeva məni oxumaq üçün həmin tədbirə dəvət etmişdi. Mən də orada "Karmen"in ariyasını ifa etdim. Əslində, ingilis dilini məktəbdən öyrənmişdim. O zaman bilmirdim ki, gələcəkdə bu dil mənə müəyyən dərəcədə lazım olacaq. Sadəcə, konservatoriyada təhsil alacağımı bilirdim və dili sevə-sevə öyrənirdim. Sonradan isə bunun mənə çox böyük faydası oldu. Həmin tədbirdə ilk dəfə Milad bayramı atmosferini yaşayırdım. Çox gözəl təşkil olunmuşdu: Şam ağacı, bəzəkli süfrələr, yeməklər, bayram ab-havası… Özümü "Zoluşka" kimi bir nağılın içində hiss edirdim.
İfamı bitirdikdən sonra gördüm ki, yaşıl rəngli pencəkli bir alicənab bəy mənə yaxınlaşdı. İngilis dilində dedi: "Such a beautiful voice! I love your voice. Where do you work?" Yəni səsimin çox gözəl olduğunu vurğuladı və harada işlədiyimi soruşdu. Mən də Opera və Balet Teatrının solisti olduğumu dedim. O isə nə vaxt yenidən tamaşamın nə vaxt olacağını soruşdu. Bir həftə sonra "Arşın mal alan" tamaşasının olacağını dedim və vaxtı olsa, gəlməsini təklif etdim.
Bir həftə sonra Filip tamaşaya gəldi. Ertəsi gün Opera Teatrının mühafizəçisi mənə ondan bir məktub gətirdi. Məktubda tamaşada olduğunu, öz telefon nömrəsini yazdığını və ona zəng etməyimi xahiş etdiyini bildirmişdi. Mən də zəng etdim və görüşdük. Beləcə, tanışlığımız başladı.
- Belə başa düşdük ki, Filip bəy həm sizi, həm də operanı çox sevir...
- O, sənəti sevməsəydi, düşünürəm ki, biz bir yerdə olmazdıq. Filip məndən də çox operaya qulaq asır, klassik musiqini sevir. Ümumiyyətlə, musiqi onun böyük həvəsidir. Hətta onun xüsusi hobbi kimi məşğul olduğu bir sahə də var. Böyük səsucaldanlar hazırlayır. Bu sahənin həvəskarıdır. Bu yaxınlarda İngiltərədə bir kolleksiyaçıdan 300-ə yaxın vinil plastinka almışdı. Həmin plastinkaların arasında Müslüm Maqomayevin albomu da var idi. Yəni musiqiyə böyük marağı var.
- Bəs həyat yoldaşınızın ölkəmizlə bağlı təəssüratları necədir? Azərbaycanda ən çox nəyi sevir?
- Həyat yoldaşım artıq neçə ildir Azərbaycanda yaşayır. Demək olar ki, özünü azərbaycanlı hesab edir. Hər il Yanvarın 20-də Şəhidlər Xiyabanına gedir. Deyir ki, bu insanlar öz xalqı uğrunda qanlarını töküb, onların xatirəsini yad etmək borcumdur. Qarabağ müharibəsində şəhid olanların məzarlarını da dəfələrlə ziyarət edib. Azərbaycanın adət-ənənələrinə, mədəniyyətinə, musiqisinə böyük hörməti var. Musiqimizdən ən çox sevdiyi sənətkarlardan biri Əməkdar artistimiz Aybəniz Haşımovadır. Mərhum Xalq artistimiz Zaur Rzayevin ifalarını, kamança ustası Habil Əliyevin əsərlərini dinləyir. Muğamımıza da qulaq asır. Yəni Azərbaycan musiqisinə xüsusi marağı var.
- Azərbaycan evlilik həyatında gəlin-qayınana münasibəti də var ki, bu ailələrdə özünəmxsus yer tutur. Bəs sizin qayınananızla münasibətiniz necə olub?
- Qayınanam artıq dünyasını dəyişib. Çox gözəl insan idi, əsl aristokrat xanım idi. İndi isə anam bizimlə yaşayır. O evdə Azərbaycan mətbəxinin gözəl təamlarını hazırlayır. Şəkərbura, paxlava, plov və digər milli yeməklərimizi bişirir. Filip də bunları çox sevir. O deyir ki, mənim ən gözəl "Cehiz"im elə mənim anandır. Anam da ona öz övladı kimi qayğı göstərir. Üç övldım da Azərbaycan dilində təmiz danışır. Onların həm ingilis, həm də Azərbaycan adları var. Böyük qızımın 22, ortancıl oğlumun 21, kiçik oğlumun isə 13 yaşı var. Kiçik oğlum Çarlz klassik musiqini sevir, pianoçudur. Hazırda mənə də müşayiət edir.
- Həyat yoldaşınız xarici vətəndaş olduğu üçün övladlarınızın xaricdə yaşamaq və ya təhsil almaq istəyi olub? Əsasən hansı sahələrə yönəliblər?
- Böyük qızım Corcina Xəyalə İngiltərədə diplomatiya üzrə təhsil alıb. Hazırda Azərbaycanda yaşayır. Ortancıl oğlum Davud isə iqtisadiyyat üzrə təhsil alır. O da İngiltərədə oxuyur, amma hazırda Azərbaycandadır. Kiçik oğlum Çarlz isə hələ bizimlədir. İnşallah, o da gələcəkdə öz yolunu seçəcək və sənət fəaliyyətini davam etdirəcək.
- Bəs övladlarınızın sizin sənətinizdə ən çox sevdiyi obraz hansıdır?
- Oğlum mənim üçün əsərlər yazır. Bir neçə il əvvəl ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş çox gözəl bir əsər bəstələyib. Əsər "Öndər" adlanır və gözəl şairimiz Vahid Əzizin sözlərinə yazılıb. Mən onu konsertdə də ifa etmişəm, klip də çəkdirmişik. Naxçıvanda, Heydər Əliyev Sarayında da səsləndirmişəm. Qızım isə, demək olar ki, bütün əsərlərimi sevir. Oğlum da hazırda məni müşayiət edir və sənətimə böyük maraq göstərir.
- Bəzən cəmiyyətimizdə valideynlər uşaqlarının peşə seçiminə müdaxilə edir, onları istədikləri sahədən uzaqlaşdıraraq başqa istiqamətə yönəldirlər. Sizin ailədə necə, uşaqlarınız belə yanaşma olub?
- Həyat yoldaşım çox mehriban insandır. Həmişə uşaqlarla birlikdə oturub məsləhətləşirik. Onların harada oxumaq, hansı sahəni seçmək istəmələri bizim üçün çox önəmlidir. Əlbəttə, müəyyən məsələlərdə öz məsləhətlərimizi verə bilərik, amma son qərar onların arzularına uyğun olmalıdır. Biz uşaqlarımızı belə böyütmüşük. Məncə, mehriban ailə üçün ən vacib məqamlardan biri də budur.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













