FAO-nun Ərzaq Qiymətləri İndeksi iyulda yenidən artıb
Far.Az xəbər saytı

FAO-nun Ərzaq Qiymətləri İndeksi iyulda yenidən artıb


Bu ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi orta hesabla 131,1 bənd təşkil edib.

"Report" FAO-ya istinadən xəbər verir ki, bu iyun ayı ilə müqayisədə 0,7 bənd (0,6 %) çoxdur.

Məlumata görə, dənli bitkilər, şəkər və bitki yağlarının qiymət indekslərindəki artım ət və süd məhsullarının qiymətindəki azalma ilə qismən kompensasiya olunub.

Ərzaq Qiymətləri İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 bənd (1 %) yuxarı, 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 29,1 bənd (18,2 %) aşağıdır.

FAO-nun Taxıl Qiymətləri İndeksi iyul ayında orta hesabla 113,8 bənd təşkil edərək iyun ayı ilə müqayisədə 3,8 bənd (3,4 %), ötən ilin iyul ayı ilə müqayisədə isə 7,3 bənd (6,9 %) artıb.

Qara dənizdə ixracın dayanması və infrastruktura dəyən ziyanla bağlı narahatlıqlar, eləcə də əsas istehsalçı ölkələrdəki şiddətli istilərin məhsula ziyan vurması qlobal buğda qiymətlərini 5,8 % artırıb. Bu da qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çox olması deməkdir. ABŞ-nin "Qarğıdalı Qurşağı" (Corn Belt) bölgəsindəki isti və quraq hava şəraiti, eləcə də geosiyasi gərginliklər səbəbindən enerji bazarlarındakı bahalaşma qlobal qarğıdalı qiymətlərini iyun ayı ilə müqayisədə 3,6 % artırıb.

ABŞ-də qarğıdalı bahalaşdığı üçün beynəlxalq sorqo qiymətləri də artıb. Əvəzində arpa qiymətləri 1,9 % azalıb. Belə ki, Avropada istilər məhsula ziyan vursa da, Avstraliya və Qara dəniz bölgəsindəki bol məhsul gözləntisi bu itkini tamamilə kompensasiya edib.

Digər tərəfdən, FAO-nun Bütün Növ Düyü Qiymətləri İndeksi bu ilin iyul ayında nisbətən sabit qalıb. "İndika" növünün qiymətindəki cüzi artım, ticarət edilən digər bütün əsas düyü növləri üzrə tələbatla bağlı qiymət azalmaları ilə balanslaşıb.

FAO Bitki Yağları Qiymət İndeksi iyul ayında orta hesabla 195,7 bənd təşkil edərək, əvvəlki ayla müqayisədə 3,7 bənd (2 %) artıb. Bu 2022-ci ilin iyun ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Günəbaxan və raps yağlarının ucuzlaşmasına baxmayaraq, palma və soya yağının bahalaşması ümumi qiymət indeksini artırıb. Cənub-Şərqi Asiyada mövsümlə bağlı istehsalın artması qiymətləri endirməli idi. Lakin İndoneziyanın biodizel sektorundan gələn möhkəm tələbat və daha yüksək xam neft qiymətləri hesabına ardıcıl ikinci ayda da artıb.

Eynilə, dünyada soya yağı bahalaşıb. Buna səbəb ABŞ-də bu yağa olan böyük tələbat və digər ölkələrin də münasib qiymətinə görə onu daha çox almasıdır. Günəbaxan və raps yağları isə ucuzlaşıb. Belə ki, 2026–2027-ci il mövsümündə bazarda bu yağlardan daha bol olacağı gözlənilir. Lakin Qara dənizdəki gərginliyin yenidən artması və ixracatdakı maneələr ucuzlaşmanın qarşısını alıb.

FAO Ət Qiymətləri İndeksi iyul ayında 127,7 bəndi təşkil edərək iyun ayı ilə müqayisədə 3,6 bənd (2,8 %) azalıb. Lakin bu ötənilki səviyyəsindən hələ də 1,1 bənd (0,8 %) yüksəkdir. Bu, qoyun əti istisna olmaqla, bu ilin əvvəlindən bəri ət qiymətlərində qeydə alınan ilk aylıq azalmadır. Buna baxmayaraq, iyul ayındakı göstərici ötən ilin eyni dövrü ilə müqayisədə hələ də 0,8 % çoxdur.

Qlobal quş əti qiymətləri, əsasən Braziliyada bol ixrac təklifi fonunda kotirovkaların düşməsi səbəbindən iyun ayı ilə müqayisədə azalıb. Eyni zamanda, Avropa İttifaqının antimikrob tələbləri səbəbindən bu bazara çıxışla bağlı qeyri-müəyyənlik yaranıb. Nəticədə, yüksək qiymətli quş əti məhsullarının başqa alternatif bazarlara yönələcəyi gözlənilir ki, bu da həmin bazarlarda rəqabəti artıraraq qiymətlərin daha da düşməsinə təsir edib.

Avropa İttifaqında təklifin bol olması və dünyada tələbatın zəifləməsi səbəbindən donuz əti qiymətləri də aşağı düşüb. Lakin yay aylarında müşahidə olunan isti havalar heyvanların böyüməsini ləngitdiyi üçün qiymətlərin daha çox düşməsinin qarşısını bir qədər alıb.

Dünyada mal əti qiymətləri Asiya ölkələrindən gələn zəif tələbat səbəbindən azalıb. Avstraliyanın illik kvotasının dolması nəticəsində Çin və Cənubi Koreyaya göndərilən məhsulun azalması və növbəti ixracın daha yüksək rüsumlara məruz qalması qiymətləri aşağı salıb. Braziliyada isə Çinin təyin etdiyi limit dolmaq üzrə olduğu üçün ixrac ləngiyib. Əvəzində qoyun əti qiymətləri iyul ayında daha da artaraq yeni rekord həddə çatıb. Buna səbəb Okeaniya bölgəsində ixrac üçün məhsulun az olması, dünyada qoyun ətinə olan yüksək tələbatın davam etməsidir.

FAO Süd Məhsulları Qiymət İndeksi iyul ayında orta hesabla 116,2 bənd təşkil edərək, iyun ayı ilə müqayisədə 0,8 bənd (0,7 %) və ötən ilin iyul ayı ilə müqayisədə 38,4 bənd (24,8 %) aşağı düşüb. Beləliklə aprel ayından bəri müşahidə olunan azalma davam edib. Azalma kərə yağı və süd tozunun qiymətinin düşməsi ilə bağlı olub və pendirin qiymətindəki cüzi artımı üstələyib.

Yağsız süd tozu (YST) qiymətləri iyun ayı ilə müqayisədə 3,3 % azalıb. Buna səbəb Avropa İttifaqı və Okeaniyadakı bol ixrac təklifləri, əvvəlki qiymət artımlarından sonra alıcıların daha ehtiyatlı davranması ilə birləşərək kotirovkalara təzyiq göstərib.

Bununla belə, yağsız süd tozu (YST) ötən ilin iyul ayı ilə müqayisədə qiyməti yüksək qalan yeganə süd məhsuludur. Digər tərəfdən, tam yağlı süd tozunun (TYST) qiyməti 3,1 % azalıb. Buna əsas səbəb Çinin idxal tələbinin zəifləməsi, bunun Cənub-Şərqi Asiya və Yaxın Şərqdəki güclü alıcılığı üstələməsi və bazarda artan ixrac rəqabətinin qiymətlərə aşağıyönlü təzyiq göstərməsidir.

Kərə yağı qiymətləri, süd yağının əlçatanlığının yaxşılaşması və ixrac təkliflərinin genişlənməsi nəticəsində, xüsusilə Avropada bazar gərginliyinin azalması ilə 2,4 % düşüb. Əksinə, pendirin qiyməti isə 1,7 % artaraq ötən ilin iyulundan bəri ilk dəfə aylıq artım göstərib. Buna səbəb Avropa İttifaqında mövsümlə əlaqədar süd istehsalının azalması və pendir qiymətlərinin qalxmasıdır. Avropadakı bu bahalaşma Okeaniyadakı ucuzlaşmanı geridə qoyub. Çünki Okeaniyada pendir təklifinin çox olması və ABŞ tərəfindən güclü rəqabətin yaradılması qiymətlərin aşağı düşməsinə təzyiq göstərməkdə davam edib.

FAO Şəkər Qiymətləri İndeksi iyul ayında orta hesabla 95 bənd təşkil edərək, iyun ayı ilə müqayisədə 5,1 bənd (5,6 %) artıb. Buna əsas səbəb Avropa İttifaqında quraqlıq, Asiyada gözlənilən əlverişsiz hava şəraiti və Braziliyada şəkər qamışından etanol istehsalının artacağı gözləntisidir. Lakin Braziliyada məhsul yığımının yaxşı getməsi qiymətlərin daha çox qalxmasına imkan verməyib. Bütün bunlara baxmayaraq, şəkərin indiki qiyməti ötən ilin iyul ayı ilə müqayisədə hələ də 8 % azdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
FAO iyun ayı üçün ərzaq qiymətlərinin indeksini açıqlayıb
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər