Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
Beynəlxalq mediaforumun iştirakçıları Səmərqənddəki Şahi-Zində memorial kompleksini, həmçinin Mirzə Uluqbəy muzey-kompleksini ziyarət ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, iştirakçılar şəhərin ən qədim memarlıq ansambllarından birinin tarixi, eləcə də görkəmli alim və astronom Mirzə Uluqbəyin elmi irsi ilə tanış olublar.
Şahi-Zində kompleksi Səmərqəndin 25 əsrlik tarixini əks etdirən unikal memarlıq ansamblıdır. Yerli sakinlər onu "qəbiristanlıq-küçə" adlandırırlar. Ansambla 11 məqbərə, məscid və digər tikililər daxildir.
Ekskursiya zamanı iştirakçılara məlumat verilib ki, arxeoloji qazıntıların nəticələrinə əsasən Şahi-Zindənin ilk tikililəri XI–XII əsrlərə aiddir.
Kompleksdə Məhəmməd peyğəmbərin əmisi oğlu Qusam ibn Abbasın türbəsi xüsusi yer tutur. Tərcüməsi "Yaşayan şah" mənasını verən Şahi-Zində adı əfsanəsi məhz onun adı ilə bağlıdır. Rəvayətə görə, Qusam yerli əhalini İslamla tanış etmək üçün 676-cı ildə Səmərqəndə gəlib.
İştirakçılar məqbərələrin zəngin dekorativ tərtibatına diqqət yetiriblər. Burada mavi və digər çalarlarla yanaşı rast gəlinən qırmızı rəng xüsusi marağa səbəb olub. Ekskursiya zamanı bildirilib ki, orta əsrlərdə qırmızı rəngin əldə edilməsi çətin idi, buna görə də o, nadir rəng hesab edilirdi. Bundan əlavə, qırmızı qanla assosiasiya olunurdu.
Uulduz formasında kompozisiyalar da maraq doğurur. Bəzi kitabələr ərəb və fars dillərindədir və oxunması üçün xüsusi hazırlıq tələb edən mürəkkəb xəttatlığı ilə seçilir.
İştirakçılara şiə imamlarının adlarına rast gəlinən kompozisiyalar barədə ayrıca məlumat verilib. Bu, Teymurilər dövrünün mürəkkəb və tam olaraq öyrənilməmiş dini və mədəni xüsusiyyətlərinə diqqət yetirməyə əsas verdi.
İki adsız məqbərə kompleksin özünəməxsus sirri olaraq qalır. Versiyalardan birinə görə, onlar Səmərqəndin qədim mədrəsələrindən birinin qalıqları ilə bağlı ola bilər.
Şahi-Zindənin ən parlaq abidələrindən biri Əmir Teymurun kiçik həyat yoldaşı Tuman-Ağanın məqbərəsidir. Digər tikililərin əksəriyyətində mavi çalarlar üstünlük təşkil etdiyi halda, o, bənövşəyi rəngi ilə seçilir.
Ansamblda həmçinin böyük alim-astronom, Uluqbəyin dostu və silahdaşı Qazızadə Ruminin məqbərəsi də yerləşir. O, əsilzadə nəslinə mənsub deyildi, lakin zəmanəsinin görkəmli alimi idi. Hörmət əlaməti olaraq Uluqbəy onun məqbərəsini digər türbələrdən daha hündürdə tikdirib.
Sənətşünasların "Şahi-Zindənin incisi" adlandırdıqları Şadi-Mülk-Ağa məqbərəsi xüsusi yer tutur. Teymurun erkən vəfat etmiş bacısı qızı üçün 1327-ci ildə ucaldılan bu məqbərə çoxlu sayda keramika elementləri, mürəkkəb naxışlar və tağın üzərindəki üzüm tənəyi təsviri ilə fərqlənir.
Daha bir abidə Əmir Teymurun bacısına məxsus olan Şirin-Bəy-Ağa məqbərəsidir. O, müxtəlif rəngli oyma naxışlı mozaika, ornamentlər və mənzərəli pannoları ilə seçilir.
Şahi-Zindəni ziyarət etdikdən sonra mediaforum iştirakçıları Mirzə Uluqbəy muzey-kompleksinə baş çəkib, burada görkəmli alimin elmi fəaliyyətinin tarixi, onun XV əsrə aid məşhur rəsədxanasının qorunub saxlanılmış fraqmentləri ilə tanış olublar.
Muzeyin ekspozisiyasında Mirzə Uluqbəy dövründə astronomiya və elmin inkişafına dair materiallar, eləcə də Uluqbəy və Teymurilər dövrünə aid əşyalar, tarixi astronomik və riyazi alətlər, kitablar və əlyazmalar, arxeoloji tapıntılar və alimin elmi irsi ilə bağlı materiallar təqdim olunub.
Mirzə Uluqbəy rəsədxanasının qorunub saxlanılmış hissəsi iştirakçılarda xüsusi təəssürat yaradıb. Tikili 1424–1428-ci illərdə Səmərqənd ətrafındakı Kuhak təpəsində inşa edilib. Onun qalıqları 1908-ci ildə arxeoloq V. L.Vyatkin tərəfindən aşkar edilib.
Rəsədxananın əsas hissəsi nəhəng bucaqölçən alət - sekstant və ya kvadrant idi. Onun qorunub saxlanılmış yeraltı hissəsi bu gün də kompleksin ərazisində yerləşir. Bu alətin köməyi ilə alimlər Günəş, Ay və digər səma cisimlərini müşahidə edirdilər.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Dostluqda etibarsız hesab edilən bürclər













