Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB


Avqustun 28-də Müdafiə Nazirliyinin rəhbərliyi 30 Avqust – Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.

B. Akgün çıxışında türk xalqı və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi qələbə qazanaraq Türkiyənin müstəqilliyi uğrunda apardığı mübarizəni uğurla başa çatdırdığını bildirib.

Səfir dövlət başçılarının uğurlu siyasi fəaliyyətləri nəticəsində regionda sülhün təmin olunmasına yönəlmiş son addımları yüksək qiymətləndirib, Cənubi Qafqazda davamlı sülh və rifahın təmin olunması üçün tarixi imkan yarandığını qeyd edib.

Türkiyənin Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini və sülhün, sabitliyin təmin olunması üçün fəal mövqe göstərəcəyini ifadə edib.

B. Akgün çıxışında ölkəmizin Vətən müharibəsində qazandığı qələbənin Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində əldə edildiyini qeyd edərək, bu qələbənin qazanılmasında əməyi olanların daim hörmət və ehtiramla yad edilməsinin vacibliyini bildirib.

Daha sonra çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər bayramı və Türk Silahlı Qüvvələr Gününün 104-cü il dönümü münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.

Z. Həsənov Türkiyənin Qurtuluş savaşında əldə etdiyi Zəfərin qardaş ölkənin tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb.

O bildirib ki, Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" və Azərbaycanı çox sevən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipləri ilə hər ötən gün daha da möhkəmlənir.

Nazir Azərbaycan və Türkiyə dövlət başçılarının arasında olan səmimi münasibətlərin sayəsində bu əlaqələrin daha da inkişaf etdiyini, məhz elə bu prinsipləri rəhbər tutaraq, ölkələrimizin həmişə olduğu kimi həlledici anlarda da bir-birinin yanında olduğuna diqqət çəkib.

General-polkovnik Z.Həsənov regional sülh və təhlükəsizliyin mühüm sütunlarından olan Azərbaycan–Türkiyə ikitərəfli əməkdaşlığının dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini ifadə edib.

Müdafiə naziri hazırda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun qurulması istiqamətində hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə islahatlar aparıldığından danışıb.

Keçirilən islahatlar çərçivədə döyüş hazırlığı sahəsində həyata keçirilən fəaliyyətlərin dinamikasının gündən-günə artırıldığını, hər il həm Azərbaycanda, həm də Türkiyədə ordularımızın peşəkarlığının artırılması, qarşılıqlı uzlaşmanın əldə edilməsi, eləcə də dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, müxtəlif qoşun növlərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirildiyini bildirib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin 30 Avqust - Zəfər bayramı münasibətilə ölkənin Azərbaycandakı səfirliyində rəsmi tədbir keçirilib.

"Far.Az" xəbər verir ki, qəbulda Azərbaycan müdafiə naziri Zakir Həsənov və nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iştirak ediblər.

Bununla yanaşı, qonaqlar arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, digər ölkələrin Azərbaycandakı səfirləri, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri yer alıblar.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.

Təbrikdə bildirilib ki, 30 Avqust Zəfəri türk xalqının əsarəti qəbul etməyəcəyini bütün dünyaya göstərib və Anadolu torpaqlarında milli müstəqilliyin qorunmasını təmin edib. R.T.Ərdoğanın mesajında 104 il əvvəl xalqın nümayiş etdirdiyi əzmkarlıq, cəsarət, birlik və qətiyyətin bu gün də Türkiyə üçün əsas motivasiya mənbəyi olduğu vurğulanır.

Müdafiə naziri Zakir Həsənov isə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının hər keçən gün daha da möhkəmləndiyini vurğulayıb. Nazir bildirib ki, iki ölkə arasındakı münasibətlər Ulu Öndər Heydər Əliyevin miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün ifadə etdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipi əsasında inkişaf edir.

"Bu prinsiplər birliyimizin əbədi və dəyişməz rəmzi olmaqla yanaşı, Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirən mükəmməl bir konsepsiyadır" - deyə, Zakir Həsənov əlavə edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər