Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub
Far.Az xəbər saytı

Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub


Bakının Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Firudin Hacıyevi avtobusla vurub öldürməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Ələşrəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report"un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Orxan Qocayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ittiham aktı elan olunub.

İttihama görə, Ələşrəf Əliyev "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini pozub.

Belə ki, o, həmin qanuna görə, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməklə, yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib.

İttihamda vurğulanıb ki, o, qanunun tələblərini kobud surətdə pozub və nəticədə Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində tunelin sağ çiynində dayanan piyada Firudin Hacıyevi vuraraq ölümünə səbəb olub.

Ə. Əliyev özünü qismən təqsirli bilib. O, deyib ki, hadisə vaxtı tuneldə zərərçəkən Firudin Hacıyevdən bir neçə metr irəlidə xadimə işləyən qadınlar da olub. O, həmin qadınları gördüyünü, lakin tuneldə işıq olmadığı üçün Firudin Hacıyevi görmədiyini söyləyib.

"Bu hadisənin olmağını mən də istəməzdim. Onu görən kimi əyləci basdım. Lakin avtobus əyləci basdıqdan sonra bir metr irəlilədi. Hadisə yerindən qaçmadım, təcili tibbi yardıma zəng elədim. Tunel qaranlıq olduğu üçün orada Firudin Hacıyevi görməmişəm. Tuneldə işıq və müşahidə kameraları yox idi".

Zərərçəkən şəxsin hüquqi varisi, mərhum Firudin Hacıyevin oğlu Əkbər Hacıyev prosesdə bildirib ki, hadisədən sonra qarşı tərəfdən barışıq üçün müraciət edilməyib:

"Mən hadisənin qəsdən olduğunu düşünmürəm. Mənə dəyən mənəvi ziyanı ödəyə bilməzlər, lakin yas mərasimi, eləcə də bu qəbildən olan işlərin görülməsi üçün 12 min manatdan çox kredit götürmüşük, eyni zamanda qohumlardan da borca pul almışıq. Ümumilikdə 25 min manat ziyana düşmüşük. Təqsirləndirilən tərəf məhkəməyə qədər barışığa cəhd etməyib. Bir dəfə də zəng edib könlümüzü almayıblar. Biz onlardan pul tələb etməmişdik. Mən təqsirləndirilən şəxsdən şikayətçiyəm, ən ağır şəkildə cəzalandırılmağını istəyirəm".

Hakim tərəflərə barışıq üçün 3 həftə vaxt verib. Növbəti iclas sentyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı ilin 24 aprelində səhər saatlarında Bakının Sabunçu rayonunda Heydər Əliyev prospekti ilə Yavər Əliyev küçəsi istiqamətində olan yeraltı avtomobil keçidində baş verib.

Belə ki, Ələşrəf Əliyev 186 xətt marşrutu üzrə fəaliyyət göstərən "Daewoo" markalı avtobusla hərəkətdə olan zaman yolun sağ tərəfində dayanan Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi, ərazidə təyinatı üzrə fəaliyyət göstərən 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub. O, xəstəxanaya çatdırılan zaman yolda vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Ələşrəf Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər