Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ


Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir, Trans-Adriatik Qaz Dəhlizi (TAP) isə onun Xəzər qazının tədarükünü birbaşa Avropa bazarı ilə birləşdirən əsas Avropa halqası olaraq qalır. Şaxələndirilmiş qaz mənbələrinə tələbatın olması və TAP infrastrukturunun genişləndirilməsi fonunda bu marşrutun əhəmiyyəti artmaqda davam edir.

2026-cı ilin əvvəlində TAP genişləndirmənin birinci mərhələsini başa çatdıraraq mövcud uzunmüddətli nəql gücünü ildə təxminən 1,2 milyard kubmetr artırıb. Buna paralel olaraq buraxılış qabiliyyətinin daha da artırılması istiqamətində işlər davam edir, qaz nəqli infrastrukturundan hidrogen və digər aşağı karbonlu qazların nəqli üçün istifadə perspektivləri öyrənilir.

"TAP AG"nin idarəedici direktoru Luka Skieppati (Luca Schieppati) "Far.Az"a müsahibəsində Azərbaycan qazının tədarükünün etibarlılığı, TAP-ın genişləndirilməsinin birinci mərhələsinin nəticələri, yeni güclərin perspektivləri, İtaliyanın ən böyük bazar kimi rolu və boru kəmərinin enerji keçidinə hazırlığı barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Cənab Skyeppati, son illər TAP Xəzər qazının Avropaya tədarükündə əsas marşruta çevrilib. Avropa bazarında davam edən tələbat və Avropa İttifaqının (Aİ) enerji təchizatı mənbələrini şaxələndirmək istəyi fonunda Azərbaycan qazı tədarükünün etibarlılığını və proqnozlaşdırılma mümkünlüyünü necə qiymətləndirirsiniz?

- Cənub Qaz Dəhlizinin Avropa hissəsi kimi TAP Azərbaycan qazının tədarükünü Avropa bazarları ilə birləşdirən yeganə birbaşa boru kəməri marşrutudur və Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsi səylərində mühüm rol oynayır.

Son beş il ərzində TAP yüksək təhlükəsizlik, etibarlılıq və fasiləsiz istismar göstəriciləri nümayiş etdirib. Kommersiya istismarına başlanandan bəri boru kəməri ilə Avropa bazarlarına 60 milyard kubmetrdən çox təbii qaz tədarük edilib. Bu həcm sözügedən məsələlərin Avropa üçün strateji prioritetlərə çevrildiyi bir dövrdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və tədarükün şaxələndirilməsinə mühüm töhfə verib.

TAP Avropa enerji bazarlarında dərin dəyişikliklər dövründə istismara verilib. Onun bu müddət ərzində təhlükəsiz və etibarlı şəkildə işləmək qabiliyyəti həm infrastrukturun özünün, həm də Cənub Qaz Dəhlizinin bütün dəyər zəncirinin dayanıqlılığını nümayiş etdirib.

SGC ilə qaz tədarükünün sabitliyi TAP-ın yüksək istismar göstəriciləri ilə birlikdə bizə qazın nəqli ilə bağlı öhdəliklərimizi ardıcıl olaraq yerinə yetirməyə və Avropa bazarının ehtiyaclarını təmin etməyə imkan verir.

- TAP-ın buraxılış qabiliyyətinin genişləndirilməsi prosesi hazırda hansı mərhələdədir? Aparılmış bazar sınaqlarından hansı əsas nəticələr əldə olunub və TAP əlavə buraxılış gücünün tam həcmini nə vaxt təmin edə biləcək?

- TAP-ın ilkin buraxılış qabiliyyəti mərhələli şəkildə artırılaraq ildə 20 milyard kubmetrdən çox ola bilər. Əlavə güclər bazara açıq, şəffaf və ayrı-seçkiliyə yol verilmədiyi müntəzəm bazar sınaqları vasitəsilə təklif olunur.

Bu kontekstdə TAP 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr həcmində uzunmüddətli nəql gücünü təmin edərək genişləndirmənin birinci mərhələsini uğurla başa çatdırıb. Bu, 2021-ci ilin bazar sınağının uğurla keçirilməsinin nəticəsi olub.

Gələcəkdə TAP növbəti bazar sınaqları vasitəsilə əlavə bazar tələbinə cavab verməyə hazırdır. 2025-ci ilin bazar sınağı hazırda davam edir və onun nəticələri boru kəmərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində növbəti addımları müəyyən edəcək.

- Genişləndirmənin birinci mərhələsi ildə təxminən 1,2 milyard kubmetr əlavə nəql gücünün təmin edilməsini nəzərdə tutur ki, bunun da 200 milyon kubmetrə qədəri 2026-cı il oktyabrın 1-dən Albaniyanın payına düşəcək. Bu qrafiki təsdiqləyə bilərsinizmi? Zəruri tikinti və texniki işlər hansı mərhələdədir və Albaniyaya qaz tədarükünün nə vaxt başlaması gözlənilir?

- Genişləndirmə proqramının birinci mərhələsi artıq başa çatıb. Kipoi və İtaliya arasında ildə təxminən 1,04 milyard kubmetr həcmində uzunmüddətli nəql gücü 1 yanvar 2026-cı ildən etibarən istifadəyə verilib.

Bundan başqa, qazın DESFA sistemindən daxil olması və 2026-cı il oktyabrın 1-dək istismara veriləcək Albaniyadakı yeni nöqtədən çıxış üçün illik 0,16 milyard kubmetr qaz ayrılıb.

Söhbət sistem daxilindəki nəql gücündən gedir. Faktiki qaz tədarükü aşağı axın infrastrukturunun hazırlıq səviyyəsindən və yükgöndərənlərin nominasiyalarından asılı olacaq.

- İtaliya TAP vasitəsilə nəql olunan qazın ən böyük satış bazarı olaraq qalır. 2026-cı ilin birinci yarısı üçün tədarük həcmləri nə qədər olub və buraxılış qabiliyyətinin genişləndirilməsi İtaliya bazarı üçün hansı əhəmiyyətə malikdir?

- İtaliya Xəzər qazının əsas tədarük istiqaməti olaraq qalır. Kommersiya istismarına başlanandan bəri ölkəyə 50 milyard kubmetrdən çox qaz nəql edilib.

İtaliyanın enerji bazarı tənzimləyicisi olan ARERA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycan ümumi idxal həcminin 16,2 %-ni təmin edərək İtaliyanın ikinci ən böyük qaz tədarükçüsü olub. Bu, ölkənin enerji təchizatı mənbələrinin şaxələndirilməsində Cənub Qaz Dəhlizinin artan rolunu əks etdirir.

Buraxılış qabiliyyətinin artırılması yükgöndərənlər üçün əlavə çeviklik təmin edir və Xəzər qazının İtaliya bazarına töhfəsini gücləndirir. 2026-cı ilin birinci yarısında İtaliyaya 5,5 milyard kubmetrdən çox qaz nəql edilib.

- Son illərdə Avropa ölkələrinin Azərbaycan qazına marağı nəzərəçarpacaq dərəcədə artıb. TAP-ın mövcud və genişləndirilən infrastrukturu əlavə tələbatı ödəməyə nə dərəcədə hazırdır? Avropalı yeni alıcılardan bu marşrut vasitəsilə tədarüklə bağlı konkret müraciətlər daxil olurmu?

- Avropada Azərbaycan qazına maraq yüksək olaraq qalır və bu, enerji təhlükəsizliyinin, tədarükün şaxələndirilməsinin və dayanıqlı infrastrukturun əhəmiyyətini əks etdirir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2026-cı ilin iyul ayında Bakıya səfəri zamanı da Cənubi Qafqazla Avropa arasındakı enerji əlaqələrinin strateji əhəmiyyətini vurğulayıb.

TAP infrastrukturu ilkin olaraq tələbatın mümkün artımı və bazar şərtlərinin dəyişməsi nəzərə alınmaqla yaradılıb. Genişləndirmənin birinci mərhələsi 2026-cı ilin əvvəlində başa çatıb və bazarı əlavə olaraq ildə 1,2 milyard kubmetr həcmində uzunmüddətli nəql gücü ilə təmin edib.

Bundan başqa, bazar iştirakçıları ENTSOG-un hərrac təqviminə uyğun olaraq PRISMA platforması vasitəsilə qısamüddətli güclərdən istifadə edə bilərlər. Bu, tələb və təklifdəki dəyişikliklərə daha çevik reaksiya verməyə imkan yaradır.

Biz həmçinin mövcud buraxılış qabiliyyətindən maksimum səmərəli istifadə etmək üçün sistemin istismarını optimallaşdırmağa və kommersiya məhsullarını inkişaf etdirməyə davam edirik.

Əlavə bazar tələbatı olduqda marşrut gələcəkdə də genişləndirilə bilər. Yeni güclərin yaradılması ilə bağlı qərar ilk növbədə gələcək bazar sınaqlarının nəticələrindən, həmçinin yükgöndərənlərin müvafiq uzunmüddətli kommersiya öhdəliklərini öz üzərinə götürməyə hazır olmasından asılı olacaq.

- Avropanın qaz infrastrukturu tədricən enerji keçidinin tələblərinə uyğunlaşır. TAP hidrogen və digər aşağı karbonlu və ya bərpa olunan qazların potensial nəqlinə nə dərəcədə hazırdır? Bu istiqamətdə texniki tədqiqatlar və sınaqlar aparılırmı?

- TAP gələcək enerji ssenariləri nəzərə alınmaqla mövcud infrastrukturun istifadə və uyğunlaşdırılma yollarını öyrənir. Xüsusilə hidrogenin və digər aşağı karbonlu və ya bərpa olunan qazların, o cümlədən biometanın nəqli imkanları qiymətləndirilir.

Sistemin hidrogenin nəqlinə hazırlığı ilə bağlı 2021-ci ildə aparılmış ilkin tədqiqat TAP-ın gələcəkdə hidrogen qarışıqlarını nəql etmək potensialını təsdiqləyib. O vaxtdan bəri beynəlxalq laboratoriyada materialların ilkin sınaqları aparılıb, həmçinin yerüstü infrastruktur obyektlərinin hidrogenin nəqli üçün uyğunluğu qiymətləndirilib.

Hazırda texniki imkanları, zəruri şərtləri və sistemin gələcək istifadəsinin potensial variantlarını müəyyən etmək məqsədilə bu tədqiqatların nəticələri təhlil edilir.

Biometana gəlincə, onun mövcud infrastrukturla əlaqəsi bir qədər fərqlidir: söhbət ilk növbədə biometandan TAP-ın obyektləri, xüsusilə kompressor stansiyaları üçün aşağı karbonlu yanacaq kimi istifadə imkanlarından, həmçinin qaz infrastrukturu ilə potensial uyğunluğunun qiymətləndirilməsindən gedir. Beləliklə, TAP həm alternativ qazların nəqli imkanlarını, həm də öz fəaliyyətinin nəticəsi olan karbon izinin tədricən azaldılması yollarını nəzərdən keçirir.

Eyni zamanda, bu cür həllərin reallaşdırılması üçün texniki, tənzimləyici və kommersiya aspektlərinin daha da dərindən öyrənilməsi lazım gələcək. Hesab edirik ki, mövcud qaz infrastrukturu Avropanın enerji keçidinin dəstəklənməsində mühüm rol oynaya bilər.

- Azərbaycanda qaz hasilatının potensial artımını və yeni tədarük mənbələrinin mümkün qoşulmasını nəzərə alaraq, TAP-ın gələcək inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Cənub Qaz Dəhlizi Avropaya tədarüklərin şaxələndirilməsində öz əhəmiyyətini artıq sübut edib və onun gələcək inkişafı bir sıra amillərdən asılı olacaq. Eyni zamanda, Azərbaycanda gələcək qaz hasilatı həcmləri və potensial yeni tədarük mənbələri ilə bağlı məsələlər ilk növbədə istehsalçılar və müvafiq bazar iştirakçılarının səlahiyyətinə aiddir.

Öz növbəsində, TAP qazın təhlükəsiz, etibarlı və səmərəli nəqlinin təmin edilməsinə və infrastrukturun dəyişən bazar tələbinə uyğunlaşa bilməsinə fokuslanıb.

Genişləndirmənin birinci mərhələsi başa çatdıqdan sonra sistem buraxılış qabiliyyətinin daha da genişləndirilməsi potensialını qoruyub saxlayır. Bu cür potensialın reallaşdırılması müəyyən edilmiş bazar sınağı proseduru çərçivəsində təsdiqlənmiş bazar tələbindən və yükgöndərənlərin müvafiq kommersiya öhdəliklərindən asılı olacaq.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Luka Skiepatti: "TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır" - MÜSAHİBƏ
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər