Qarşıdurmaların coğrafiyası genişləndiyindən təhlükəsizlik anlayışı təkcə hərbi təhlükələrlə məhdudlaşmır - RƏY
Azərbaycanın ətrafında müharibələrin getdiyi, qarşıdurmaların coğrafiyasının genişləndiyi, dövlətlər və xalqlar arasında münasibətlərin getdikcə daha açıq düşmənçilik müstəvisinə keçdiyi bir şəraitdə milli təhlükəsizlik anlayışını yalnız hərbi təhlükələrlə məhdudlaşdırmaq mümkün deyil.
Bu sözləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Prezident İlham Əliyevin ötən gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən çıxışını şərh edərkən deyib.
O bildirib ki, müasir dünyada müharibə yalnız cəbhə xəttində aparılmır:
Deputat qeyd edib ki, Nəqliyyat yollarının, enerji xətlərinin, ticarət marşrutlarının və iqtisadi əlaqələrin genişlənməsi yalnız iqtisadi dövriyyəni artırmır, həm də dövlətlər arasında qarşılıqlı maraq sahəsini də genişləndirir:
"Qarşılıqlı maraqların genişləndiyi yerdə qarşıdurmanın siyasi və iqtisadi qiyməti yüksəlir. Bu baxımdan Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfələrdən biri də regionun müxtəlif istiqamətlərini bir-birinə bağlayan iqtisadi və logistika infrastrukturu yaratmaqdır. Azərbaycanın enerji siyasəti də eyni kontekstdə qiymətləndirilməlidir".
E.Mirzəbəyli qeyd edib ki, ölkənin yaratdığı enerji infrastrukturu Xəzər hövzəsini Qafqaz və Avropa ilə birləşdirən uzunmüddətli sistem formalaşdırıb və bu, müharibələr dövründə xüsusilə əhəmiyyətlidir:
"Çünki enerji təhlükəsizliyi artıq iqtisadi kateqoriya olmaqdan çıxaraq dövlətlərin siyasi müstəqilliyinə və strateji qərarvermə imkanlarına birbaşa təsir edən amilə çevrilib. Azərbaycanın regional təhlükəsizlik siyasətinin digər mühüm elementi isə öz ərazisinin başqa dövlətlərə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsi prinsipidir. Bu mövqe, əslində, Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkanda öz təhlükəsizlik sərhədlərini müəyyənləşdirməsinin ifadəsidir".
Elçin Mirzəbəylinin sözlərinə görə, müasir qarşıdurmalarda cəmiyyətin informasiya mühiti strateji əhəmiyyət daşıyır:
"İnsanların hadisələrə münasibətini, milli maraqlar haqqında təsəvvürlərini, başqa xalqlara və dövlətlərə münasibətini, hətta öz ölkəsinin gələcəyinə inamını belə hədəf auditoriya üçün nəzərdə tutulan hibrid informasiyalar vasitəsilə istiqamətləndirmək mümkündür. Bu səbəbdən informasiya mühitində aparılan mübarizəni adi media rəqabəti kimi təqdim etmək doğru olmazdı. Çünki bu xüsusda söhbət təkcə yalan xəbərlərin yayılmasından getmir".
Onun fikrincə, daha təhlükəli proses cəmiyyətin hadisələri qiymətləndirmək qabiliyyətinin sistemli şəkildə manipulyasiya edilməsidir.
"Eyni faktların seçilməsi, başqa faktların sistemli şəkildə kənarda saxlanılması, hadisələrin yalnız bir tərəfinin təqdim olunması, müəyyən ifadələrin təkrar-təkrar dövriyyəyə buraxılması, tarixi və siyasi proseslərin məqsədli şəkildə kontekstdən çıxarılması nəticə etibarilə cəmiyyətin reallıq haqqında təsəvvürünün dəyişdirilməsinə xidmət edən siyasi texnologiya elementləridir", - deputat deyib.
O vurğulayıb ki, Azərbaycan qanunvericiliyində media subyektlərinin maliyyələşdirilməsi ilə bağlı konkret məhdudiyyətlər mövcuddur:
"Media haqqında" Qanunun 26.5-ci maddəsi media subyektinin müəyyən xarici fiziki və hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, habelə xarici dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyini müəyyən edir. qanunun 69.2-ci maddəsi isə xarici şəxslərin çap və onlayn media məhsullarına sponsorluğuna ayrıca limit qoyur. 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərlə xarici maliyyələşmə ilə bağlı tələblər daha da konkretləşdirilib və müəyyən hallarda media subyektinin fəaliyyətinə xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilib. Həmin dəyişikliklərdə saxta məlumatların yayılmasına yol verilməməsi ilə bağlı tələb də ayrıca təsbit olunub. Deməli, məsələ artıq abstrakt təhlükəsizlik diskursundan ibarət deyil, dövlət bu sahəni hüquqi tənzimləmənin predmetinə çevirib. Lakin problemin hüquqi tərəfi qədər siyasi və ictimai tərəfi də var".
Elçin Mirzəbəylinin sözlərinə görə, xarici maliyyə yalnız bir media strukturunun maliyyə dayanıqlığı məsələsi deyil:
"Əgər müəyyən informasiya platformasının iqtisadi mövcudluğu uzunmüddətli şəkildə xarici siyasi və ya ideoloji mərkəzdən asılıdırsa, burada həmin platformanın informasiya gündəliyinin də xarici maraqlardan təsirlənməsi reallığı meydana çıxır. Müharibə şəraitində və ya müharibə təhlükəsinin genişləndiyi geosiyasi mühitdə cəmiyyətin parçalanması hərbi məğlubiyyət qədər təhlükəli nəticələr doğura bilər. Çünki xarici təzyiq qarşısında dövlətin əsas dayaqlarından biri onun daxilindəki sosial və siyasi həmrəylikdir. Bu həmrəyliyin zəiflədilməsi üçün mütləq birbaşa dövlət əleyhinə çağırışlar tələb olunmur. Cəmiyyətin ayrı-ayrı təbəqələri arasında qarşılıqlı düşmənçilik yaratmaq, regional, sosial, siyasi və digər fərqləri qarşıdurma predmetinə çevirmək, insanları bir-birinin milli maraqlara münasibətini şübhə altına almağa sövq etmək də kifayətdir".
Onun sözlərinə görə, bir müddət sonra insanlar eyni hadisəyə yalnız fərqli baxışlarla yanaşmırlar, onlar bir-birlərini artıq fərqli siyasi və ictimai düşərgələrin nümayəndələri kimi qəbul etməyə başlayırlar:
"Məhz bundan sonra informasiya qarşıdurması sosial qarşıdurmaya çevrilir. Bu baxımdan ideoloji təxribatın məqsədi heç də həmişə konkret bir siyasi qərarı dəyişdirmək olmur. Daha fundamental məqsəd cəmiyyətin ümumi qərar qəbul etmək qabiliyyətini zəiflətməkdən ibarətdir. Bir cəmiyyət ortaq təhlükə haqqında ortaq təsəvvürünü itirəndə təhlükəyə qarşı kollektiv reaksiya vermək qabiliyyətini də itirir. Bu gün təhlükəsizliyin yalnız sərhəd, ordu və silah məsələsi olduğunu düşünmək reallığı görməmək deməkdir. Dövlətin enerji infrastrukturu, nəqliyyat dəhlizləri, iqtisadi əlaqələri, diplomatik manevr imkanları, informasiya mühiti və ən nəhayət, cəmiyyətin daxili həmrəyliyi bir-birindən ayrı təhlükəsizlik elementləri deyil".
Deputat əlavə edib ki, bunların hamısı eyni sistemin müxtəlif hissələridir:
"Azərbaycanın regional təhlükəsizliyə töhfəsi də bu baxımdan yalnız hər hansı bir münaqişə zamanı verilən siyasi bəyanatla ölçülə bilməz. Regional bağlantıların qurulması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və ölkə ərazisinin regional hərbi qarşıdurmaların platformasına çevrilməməsi daha geniş təhlükəsizlik siyasətinin tərkib hissələridir. Müasir dünyada dövlətin suverenliyi yalnız onun sərhədlərinin toxunulmazlığı ilə ölçülmür. Dövlətin öz cəmiyyətinin düşüncə məkanında nə qədər suveren qalması da milli təhlükəsizliyin fundamental göstəricilərindən biridir".
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub













