Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb
Far.Az xəbər saytı

Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb


AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı "Skytrax"ın təşkil etdiyi mərasim 18 sentyabr 2026-cı il tarixində Londondakı "The Langham" hotelində keçirilib.

Mükafat aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi vasitəsilə sərnişin təcrübəsini yaxşılaşdırmaq istiqamətində davamlı səylərinin göstəricisidir.

"Skytrax"ın baş icraçı direktoru Edvard Pleysted bildirib: "Azərbaycan Hava Yolları Mərkəzi Asiya və MDB-də regional aviaşirkət xidmətləri sahəsində nümunəvi mövqeyini möhkəmləndirib. Bu mükafat aviaşirkətin donanmasını və marşrut şəbəkəsini genişləndirməklə, eləcə də xidmət keyfiyyətini yüksəltməklə davamlı inkişafa sadiqliyini nümayiş etdirir".

Azərbaycan Hava Yollarının İdarə Heyətinin sədri Samir Rzayev qeyd edib: "Bu uğur hər gün fədakar əməyi ilə sərnişinlərimizin səyahət təcrübəsini formalaşdıran əməkdaşlarımıza məxsusdur. Bu həm də sərnişinlərin "Azərbaycan Hava Yolları"na göstərdiyi etimadın ifadəsidir. Yeni təyyarələrə investisiya yatırarkən, marşrut şəbəkəmizi genişləndirərkən və xidmətlərimizi təkmilləşdirərkən əsas diqqətimizi hər bir səyahəti daha təhlükəsiz, daha rahat və daha əlverişli etməyə yönəldirik. Bu mükafatı almaqdan qürur duyur və göstərilən etimadı bundan sonra da doğrultmaq üçün böyük əzmlə çalışırıq".

Ölkənin milli aviadaşıyıcısı Azərbaycanın beynəlxalq bazarlarla əlaqələrinin qurulmasında rolunu gücləndirməyə davam edir. Aviaşirkətin inkişaf prioritetləri donanmanın yenilənməsi və marşrut şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təyyarə göyərtəsində göstərilən xidmətlərin və rəqəmsal alətlərin təkmilləşdirilməsini də əhatə edir. Bu, sərnişinlərə daha geniş seçim imkanları və səyahətin bütün mərhələlərində daha rahat təcrübə təqdim edir.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər