Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Daşkəsən" dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin etməlidir.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, "AzərGold" QSC "Daşkəsən" dəmir filizi, qızıl, mis və digər layihələrin inkişafını həyata keçirəcək: "Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq. Özəl sektorun əsas rolu isə yeni istehsal və emal güclərinə investisiyaların qoyulmasından ibarət olacaq".

Nazir investisiya mühiti və maliyyələşmə imkanlarına toxunaraq deyib ki, Dövlət Proqramının hədəflərinə çatmaq üçün investisiya mühitinin daha da təkmilləşdirilməsi qarşımızda hədəf kimi durur: "Dövlət dəstəyi, investisiya təşviqləri və digər stimullaşdırıcı tədbirlər genişləndirilir. Hüquqi və institusional baza da müasir tələblərə uyğunlaşdırılmalıdır. Maliyyələşmə imkanlarının genişləndirilməsi isə deyərdim ki, fikrimizcə, ən aktual məsələlərdən biridir. Təkcə bu sahə üzrə deyil, ümumilikdə sənaye sahəsinin qarşılaşdığı əsas çağırışlardan biri uzunmüddətli kreditlərə çıxışın mövcudluğudur. Xüsusilə nəzərə alsaq ki, dağ-mədən və metallurgiya layihələrində qərar qəbulundan və layihənin icrasına başlanmasından istehsala qədər ötən müddət 5 il və daha çox davam edir. Belə layihələr üçün uzunmüddətli maliyyələşmə imkanlarının olması xüsusi əhəmiyyət daşıyır. Bu, həm büdcə yükünün azaldılmasına xidmət edir, həm maliyyə ekosistemində, bank sistemində əlavə gəlirlərin yaradılmasını təmin edir".

O qeyd edib ki, bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir. Burada obyektiv çağırış da var: "Bu, ondan ibarətdir ki, bu gün banklarımızda obyektiv olaraq belə uzunmüddətli vəsait mənbəyi də olmaya bilir. Hazırda bu sahədə uzunmüddətli və güzəştli kreditləşmə imkanlarının kifayət qədər məhdud olduğunu qeyd etmək istərdim. Bu baxımdan, möhtərəm cənab Prezident, təklif edirik ki, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirləri hazırlansın və müvafiq maliyyələşmə mexanizmləri müəyyənləşdirilərək diqqətinizə təqdim edilsin".

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər