Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
Avropanın beş aparıcı futbol çempionatında mövsümün ilk bölümünün nəticələri maraqlı mənzərə ortaya qoyub.
BAKU.WS xəbər verir ki, ənənəvi qolçularla yanaşı, bəzi futbolçular gözlənilmədən bombardirlər siyahısının ön sıralarında qərarlaşıblar.
İngiltərə Premyer Liqası
Brayan Brobbi - "Sanderlend", 5 oyunda 3 qol
Niderlandlı hücumçu "Mançester Siti" ilə 3:5 hesabı ilə başa çatan qarşılaşmada komandasının bütün qollarını vuraraq diqqət çəkib. Bu, Premyer Liqanın tarixində komandasının məğlub olduğu oyunda futbolçunun het-trik etdiyi yalnız altıncı haldır.
Maraqlıdır ki, Brobbi beşinci tura qədər qol hesabını aça bilməmişdi. "Mançester Siti" ilə görüşdəki məhsuldar çıxışı ona bombardirlər yarışında üçüncü pilləni bölüşməyə imkan verib.
Markus Tavernye - "Bornmut", 5 oyunda 3 qol
"Bornmut"un vingeri ötən mövsüm Premyer Liqada 34 oyunda 7 qol vurmuşdu. O, yeni mövsümün ilk beş turunda artıq üç dəfə fərqlənib.
Tavernyenin məhsuldarlığı xüsusilə komandanın uğursuz startı fonunda diqqət çəkir. "Bornmut" ilk beş turda qələbə qazana bilməsə də, futbolçunun qolları sayəsində "Nyukasl" və "Brentford"la heç-heçə edib.
İspaniya La Liqası
Rafinya - "Barselona", 7 oyunda 12 qol
"Barselona"nın braziliyalı futbolçusu mövsümün ən məhsuldar oyunçularından birinə çevrilib. Rafinya 2026/27 mövsümündə bütün turnirlərdə keçirdiyi səkkiz oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 12 qolu La Liqanın payına düşür.
Futbolçu "Sevilya" və "Rasinq"lə oyunlarda het-trik edib. La Liqa tarixində yalnız İsidro Lanqara və Telmo Sarra üç oyunun hər birində het-trik etməyə nail olublar.
"Barselona"nın futbolçuları arasında isə Rafinya bu göstəriciyə görə yalnız Lionel Messi və Luis Suaresdən sonra gəlir. Mənbədə həmçinin qeyd olunur ki, "France Football" braziliyalı futbolçunu "Qızıl top"un 30 namizədi arasına daxil etməyib.
Serxio Kamelyo - "Rayo Valyekano", 7 oyunda 7 qol
"Atletiko" yetirməsi olan Kamelyo 2023-cü ildən "Rayo Valyekano"nun formasını geyinir. 2026/27 mövsümünün ilk yeddi turunda yeddi qola imza atan hücumçu karyerasının ən məhsuldar dövrlərindən birini yaşayır.
Onun qolları "Rayo Valyekano"ya "Rasinq" üzərində 3:2 hesablı qələbə qazanmağa, həmçinin "Alaves" və "Osasuna" ilə heç-heçə etməyə kömək edib. Kamelyo "Barselona" ilə oyunda dubl edib, "Real Madrid"ə qarşı görüşdə də fərqlənib.
İtaliya A Seriyası
Doniel Mallen - "Roma", 5 oyunda 6 qol
Niderlandlı hücumçu İtaliya çempionatında yeni mövsümün əsas sürprizlərindən biridir. Mallen ötən mövsümün ikinci yarısında "Roma"nın heyətində 18 oyunda 14 qol vurduqdan sonra yayda klub tərəfindən birdəfəlik transfer olunub.
27 yaşlı futbolçu yeni mövsümə də yüksək məhsuldarlıqla başlayıb və ilk beş turda altı qol vurub. "Roma"nın baş məşqçisi Can Pyero Qasperini hücumçunun imkanlarından maksimum istifadə etməyi bacarıb.
Antonio Raimondo - "Frozinone", 5 oyunda 4 qol
Ötən mövsüm B Seriyasında çıxış edən "Frozinone" yeni mövsümə yaxşı başlayıb və ilk beş turdan sonra 10 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
Komandanın əsas qol silahlarından biri Antonio Raimondodur. Hücumçu "Fiorentina" və "Venesiya" ilə oyunlarda dubl edib və ümumilikdə dörd qola imza atıb.
Quştavu Varela – "Montsa", 4 oyunda 4 qol
21 yaşlı portuqaliyalı futbolçu yayda "Benfika"dan "Montsa"ya transfer olunub və yeni klubunda dərhal məhsuldarlığı ilə seçilib.
Varela "İnter" və "Udineze" ilə görüşlərdə qol vurub, "Sassuolo" ilə qarşılaşmada isə dubl edərək komandasına mövsümdə ilk qələbəni qazandırıb. O, bombardirlər siyahısında Raimondo və Lautaro Martineslə birlikdə ikinci pilləni bölüşür.
Almaniya Bundesliqası
Yunes Ebnutalib - "Ayntraxt" Frankfurt, 4 oyunda 4 qol
Ebnutalib yeni mövsümə məhsuldar başlayıb. Hücumçu Bundesliqada keçirdiyi ilk dörd oyunda dörd qol vurub və bombardirlər siyahısında Patrik Şik, Maykl Olise və digər futbolçularla birlikdə ilk pilləni bölüşür.
Onun ən yaddaqalan çıxışı ilk turda "Union"a qarşı olub. Ebnutalib həmin görüşdə het-trik edib və oyun 3:3 hesabı ilə başa çatıb.
Yuito Suzuki – "Frayburq", 4 oyunda 4 qol
Yaponiyalı futbolçu ötən mövsüm Bundesliqada 25 oyunda cəmi dörd qol vurmuşdu. Bu mövsüm isə eyni nəticəyə cəmi dörd turda çatıb.
Suzuki ilk turda "Verder"ə qarşı 4:1 hesablı qələbədə het-trik edib. O, əsasən hücumameyilli yarımmüdafiəçi və ya ikinci hücumçu mövqeyində çıxış edir.
Filipp Tits - "Maynts", 4 oyunda 4 qol
Filipp Tits yeni klubunda özünü yaxşı tərəfdən göstərir. "Maynts" yay transfer dönəmində futbolçunu 4 milyon avroya heyətinə qatıb və o, artıq dörd qola imza atıb.
190 santimetr boya malik hücumçu "Hamburq"la oyunda iki, Münhenqladbax "Borussiya"sı ilə qarşılaşmada isə bir qol vurub. "Maynts" ilk turlardan sonra Konfrans Liqası zonasına yüksəlib.
Fransa Liqa 1
Paris Brunner - "Monako", 5 oyunda 4 qol
"Borussiya Dortmund"un yetirməsi olan 20 yaşlı alman hücumçu "Monako"da yeni mövsümə uğurlu start verib. Brunner beş turda dörd qol vurub və bütün qollarını ciddi rəqiblərlə oyunlarda qeydə alıb.
O, "Marsel"ə qarşı görüşdə dubl edib, "Strasburq"la oyunda komandasına bir xal qazandıran qola imza atıb, "Lans"la qarşılaşmada isə "Monako"nun 2:1 hesablı qələbəsinə töhfə verib.
Kamori Dumbia - "Brest", 5 oyunda 4 qol
Mali əsilli hücumçu da Liqa 1-də bombardirlər yarışının ön sıralarındadır. Dumbia ilk beş turda dörd qol vurub.
O, "Le-Man" və "Tuluza" ilə oyunlarda fərqlənib, "Havr" üzərində 2:1 hesablı səfər qələbəsində isə iki qol vurub. "Brest" 2023/24 mövsümündə çempionatı üçüncü pillədə başa vuraraq Çempionlar Liqasında çıxış etmişdi.
Lassin Sinyoko - "Paris", 5 oyunda 4 qol
Yayda "Oser"dən "Paris"ə keçən hücumçu yeni klubunda debüt mövsümünə yüksək məhsuldarlıqla başlayıb. Sinyoko beş turda dörd qol vurub.
Onun hesabında "Nitsa" ilə oyunda qələbə qolu və "Marsel"lə səfər qarşılaşmasında het-trik var. Beləliklə, futbolçu indiyədək komandası üçün altı xal qazandıran qollara imza atıb.
Avropanın əsas çempionatlarında mövsümün başlanğıcı göstərir ki, bombardirlər yarışında yalnız ulduz futbolçular deyil, daha az tanınan hücumçular da diqqət mərkəzinə düşə bilirlər. Rafinyo, Mallen, Brunner, Dumbia və digər futbolçuların məhsuldar çıxışı yeni mövsümün ilk turlarına xüsusi rəng qatıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













