İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Far.Az xəbər saytı

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

"Far.Az" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin önəminə toxundu, investisiya, ticarət, biznes sahələrində tərəfdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün səylə çalışacağını vurğuladı.

Səfir Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Həmçinin iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirdi.

İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini deyən səfir tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını ifadə etdi.

Luis Morsinq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamikaya da toxundu və bu xüsusda ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğuladı.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirdi.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarının və müəllifinin məhz Azərbaycan olduğunu dedi, iki ölkə arasında əldə edilən sülhü dünyada presedenti olmayan bir hal kimi qiymətləndirdi.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çox yaxşı olduğunu bildirən dövlətimizin başçısı bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərlərini, həmçinin onlarla beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırladı.

Görüşdə Azərbaycanla İsveç arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübabiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Oxşar xəbərlər

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər