Cəbrayılın bugünkü siması iki böyük tarixi mərhələni birləşdirir: yaddaş və gələcək - RƏY
Far.Az xəbər saytı

Cəbrayılın bugünkü siması iki böyük tarixi mərhələni birləşdirir: yaddaş və gələcək - RƏY


4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat qeyd edib ki, bu tarix yalnız bir şəhərin işğaldan azad olunmasını deyil, eyni zamanda, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, tarixi-mədəni irsin bərpasının və yeni inkişaf mərhələsinin başlanmasını ifadə edir.

Şahin Seyidzadə bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyində yeni səhifə açdı. Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində rayonun yaşayış məntəqələri bir-birinin ardınca azad edildi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və bir sıra digər kəndlər işğaldan azad edildi.

"Beləliklə, 2020-ci il oktyabrın 4-ü Cəbrayılın müasir tarixində xüsusi rəmzi məna qazandı. Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan ordusunun hərbi uğurlarının mühüm mərhələlərindən biri idi. Ümumilikdə rayon ərazisində bir şəhər və 90 kənd işğaldan azad edildi. Cəbrayıl əməliyyatı asan başa gəlməmişdi. İşğalçı qüvvələr rayon ərazisində bir neçə xəttdən ibarət istehkamlar qurmuşdular. Bu müdafiə xətlərinin yarılması hərbçilərdən böyük şücaət, peşəkarlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün də mühüm imkanlar yaratdı. Buradan Xocavənd rayonunun cənub kəndləri və Hadrut istiqamətində əməliyyatların keçirilməsi, daha sonra Zəngilan, Qubadlı və Laçın istiqamətində irəliləyiş üçün əlverişli şərait yarandı", - o bildirib.

Ş. Seyidzadənin sözlərinə görə, Cəbrayılın azad olunması həm də tarixi-mədəni baxımdan mühüm hadisə idi:

"Rayon ərazisində yerləşən Xudafərin körpüsü Azərbaycanın qədim memarlıq irsinin ən qiymətli nümunələrindəndir. Bu tarixi abidənin azad edilməsi və Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalandırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm rəmzi hadisəyə çevrildi".

Deputat Cəbrayılda aparılan quruculuq işlərinə diqqət çəkib:

"Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək simasının hüquqi və şəhərsalma əsaslarını müəyyənləşdirib. Baş plana əsasən şəhərdə yaşayış, sosial xidmət, ictimai məkanlar və digər funksional zonalar nəzərdə tutulur. 2040-cı ilin sonuna qədər şəhərdə 15 min sakinin yaşaması proqnozlaşdırılır. Rayonun kəndlərinin bərpası da mərhələli şəkildə həyata keçirilir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri üzrə geniş layihələr hazırlanıb. Bu kəndlərdə fərdi evlərlə yanaşı, məktəblər, uşaq bağçaları, tibb və sosial obyektlər, sahibkarlıq və xidmət infrastrukturu yaradılır. Horovlu kəndində yeni yaşayış məntəqəsinin salınması da Böyük Qayıdışın mühüm nümunələrindəndir.

Cəbrayıl şəhərinə qayıdış isə bu prosesin ən mühüm mərhələlərindən biridir. İlk köç karvanının 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salınması uzun illər davam edən həsrətin sona çatmasının real ifadəsi oldu. Cəbrayılın bugünkü siması iki böyük tarixi mərhələni birləşdirir: yaddaş və gələcək. İşğal illərinin ağrısı tarixin bir hissəsidir, lakin bu gün əsas istiqamət quruculuq və inkişafdır".

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər