Anar Cəfərov: "Aqrar subsidiyaların "ağıllı texnologiya"lara tətbiqi gözlənilir"
Azərbaycanda aqrar subsidiyaların "ağıllı texnologiya"lara yönəldirilməsi planlaşdırılır.
Bunu "Far.Az"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.
Onun sözlərinə görə, Aqrar İnnovasiya Mərkəzi gənclərin, xüsusilə ali təhsil müəssisələrində süni intellekt, data analitikası, kompüter mühəndisliyi və böyük verilənlər sahələrində təhsil alan tələbələrin aqrar sahəyə cəlb olunması istiqamətində mütəmadi işlər görülür: "Bu tələbələrlə və gənclərlə aqrobiznes festivalları çərçivəsində mütəmadi olaraq "bootcamp"lar təşkil edirik. Həmin "bootcamp"lar "Kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində həyata keçirilir".
A. Cəfərov bildirib ki, burada əsas məqsəd istedadlı gənclərin aqrar sahədə ixtisaslaşmış və fəaliyyət göstərən iri aqroparklara, böyük təsərrüfatlara səfərlərini təşkil etməkdir: "Bildiyiniz kimi, həmin təsərrüfatlarda da yenidənqurma işləri aparılır. Bir çox təsərrüfat süni intellekti öz fəaliyyətində tətbiq etməkdə maraqlıdır. Gənclərimiz isə həmin təsərrüfatlarda müxtəlif maraqlı həllər təklif edirlər. Artıq ümumilikdə 100-dən çox aqrar startapımız var və onlar müxtəlif istiqamətlərdə xidmətlər təklif edirlər. Bunlara mobil və biznes platformaları, fermerlərin məhsullarını istehlakçılara çatdırmasına dəstək göstərən mexanizmlər daxildir. Fermerlər bu platformalara qoşularaq məhsullarını birbaşa istehlakçılara satmaq imkanı əldə edirlər. Bununla da vasitəçilərə çəkilən xərclər minimuma enir".
O qeyd edib ki, bununla yanaşı, maraqlı cihazlar, suvarma sistemləri və məhsul yığımında istifadə olunan aqreqatlar da mövcuddur: "Fermerlər bu həlləri tətbiq etməklə daha çox gəlir əldə etmək, eyni zamanda xərclərini azaltmaq imkanı qazanırlar. Bildiyiniz kimi, ölkəyə gətirilən və ölkədə tətbiq olunan, güzəşt mexanizmlərindən yararlanan texnikaların siyahısı var. Bir neçə startapımız artıq öz məhsullarını kütləvi istehsal mərhələsinə çatdırıb. Dövlət olaraq bu startapların istehsal etdiyi və xidmət göstərdikləri sahələrdə istifadə olunan avadanlıqlara 40 % dəstək göstəririk. Belə ki, fermer avadanlığı alarkən onun dəyərinin 20 %-ni ilkin ödəniş kimi ödəyir, 40 %-ni dövlət qarşılayır, qalan 40 %-ni isə fermer 5 il ərzində hissə-hissə ödəyir. Bu, yerli istehsalçılarımız və startapçılarımız üçün nəzərdə tutulmuş güzəşt və dəstək mexanizmidir".
Mərkəzin rəhbəri həmçinin qeyd edib ki,fermerlər müvafiq qaydada bəyan etdikləri və digər şərtlər qaydasında olduğu halda dövlət subsidiyası alırlar: "Fermerlər həmin subsidiyanı ilk növbədə sertifikatlı toxumlara, tinglərə, dərmanlara, gübrələrə və aqrar sahədə tətbiq olunan digər preparatlara yönəldə bilərlər. Bununla yanaşı, hazırda elə bir mexanizm üzərində işləyirik ki, yaxın gələcəkdə fermerlər "ağıllı həllər"dən istifadə etdikləri zaman dövlət tərəfindən verilən subsidiyanı həmin həllərin alınmasına və tətbiqinə də xərcləyə bilsinlər. Bu vəsait inkişaf etməkdə olan aqrar startap ekosistemində fəaliyyət göstərən 100-dən çox startapın təqdim etdiyi xidmətlərə yönəldilə bilər. Bu isə startapçılarımıza əlavə gəlir qazandırmaqla yanaşı, onların fəaliyyətlərini daha da təkmilləşdirmələrinə və inkişaf etdirmələrinə imkan yarada bilər".
A.Cəfərov qeyd edib ki, bu sahədə görüləcək işlər çoxdur: "Məqsəd startaplar tərəfindən hazırlanan, təklif edilən innovativ həllərin fermerlərin ehtiyaclarını nəzərə alınaraq həyata keçirilməsidir. Eyni zamanda, fermerlərin həmin xidmətlərdən istifadə etməsinin dövlət tərəfindən verilən subsidiya vəsaiti hesabına maliyyələşdirilməsi üzərində işləyirik".
Oxşar xəbərlər
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













