Milyonlarla avro mənimsəmə, qanunsuz qərarlar və siyasi intriqalar: Fransa seçkilərinin pərdəarxası
Far.Az xəbər saytı

Milyonlarla avro mənimsəmə, qanunsuz qərarlar və siyasi intriqalar: Fransa seçkilərinin pərdəarxası


Fransanın siyasi dairələrini Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi nədənsə narahat edir.

Hər fürsətdə kövrək sülh prosesinə əngəl törətməyə çalışan həmin dairələr bu dəfə Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi və bir çox digər qanunazidd əməllər törətmiş və uzunmüddətli məhkəmə prosesi əsasında ədalətli hökmlər almış erməni cinayətkar xuntanın qayğısına qalmağa başlayıblar.

Söhbət 25 fransız siyasətçinin 2 oktyabrda "Le Figaro" qəzetində dərc olunan "Azərbaycanda saxlanılan bütün erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi" tələbindən gedir. Yeri gəlmişkən, bu məqalə Azərbaycan Prezidenti İlham Əliyevin humanist addımından – Azərbaycanda məhkum olunmuş bir sıra şəxslərin, o cümlədən casusluğa görə 10 il azadlıqdan məhrumetmə cəzası almış Fransa vətəndaşı Martin Ryanın əfv aktını imzalamasından cəmi bir neçə gün sonra dərc edilmişdi. Doğrudur, əfv qərarından dərhal sonra Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu addımı müsbət humanist jest kimi xarakterizə etdi. Fransa XİN Azərbaycan hakimiyyəti ilə təmasları davam etdirmək niyyətini vurğuladı və Ryanın azad edilməsinin iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm addım olduğunu qeyd etdi.

Lakin Fransada prezident seçkiləri kampaniyasının qızğın çağında ayrı-ayrı siyasətçilər üçün yalnız öz maraqları və erməni diasporunun səsləri vacibdir. Daha doğrusu, təkcə səslər yox, həm də Fransa Respublikasının prezidenti vəzifəsi uğrunda mübarizədə diaspordan alınan böyük maliyyə yardımları da onlar üçün çox önəmlidir.

"Le Figaro"dakı sözügedən məqaləyə imza atanların siyahısına nəzər salsaq, bu siyasətçilərin təkcə Azərbaycana qarşı qərəzlərini deyil, həm də onların qaranlıq ictimai-siyasi keçmişlərini aydın görə bilərik.

"Report" analitik qrupu həmin məktub müəlliflərindən 10 nəfərinin siyasi bioqrafiyasını araşdırıb. Əldə etdiyimiz məlumatlar bu erməni sevdalılarının əslində kim olduqlarına aydınlıq gətirir.

Ruan meri Nikola Mayer-Rossinyol: korrupsiya ittihamlarından soyqırımı qalmaqalına qədər

Fransanın tarixi Normandiya bölgəsinin paytaxtı, təxminən 500 min əhalisi olan Ruan şəhərinin meri Nikola Mayer-Rossinyol (Nicolas Mayer-Rossignol) son illər ərzində bir neçə ciddi ittihamla üzləşərək Fransa siyasi həyatının ən mübahisəli simalarından birinə çevrilib. Mayer-Rossinyol Sosialist Partiyasının üzvü kimi 2020-ci ildə Ruan meri seçilib və ilk gündən onun idarəçilik üslubu müzakirələrə səbəb olub.

2022-ci ilin iyununda "Le Poulpe" nəşri Mayer-Rossinyola qarşı cinayət xarakterli şikayətin verildiyini ictimaiyyətə açıqlayıb. Məlum olub ki, Ruan Bələdiyyə Kredit Kassasının keçmiş direktoru Loran Dupley hələ 2022-ci ilin yanvarında prokurorluğa rəsmi müraciət edərək, siyasi motivlə işdən çıxarılması ilə əlaqədar merin hərəkətlərinin araşdırılmasını tələb edib. Məhkəmə prosesi Dupleyin xeyrinə nəticələnib, merin qərarı ləğv edilib, direktor işinə bərpa olunub və bələdiyyə ona 43,8 min avro kompensasiya ödəməyə məcbur edilib.

2025-ci ilin oktyabrında "Le Poulpe" nəşri daha böyük maliyyə qalmaqalını üzə çıxarıb: Ruan Bələdiyyə Kredit Kassasının 2021-2024-cü illərdəki idarəçiliyi ilə bağlı ciddi maliyyə pozuntuları aşkar edilib. Məlumatlar Fransa Korrupsiyaya Qarşı Mübarizə Agentliyi (AFA) vasitəsilə Normandiya Regional Hesablama Palatasının diqqətinə çatdırılıb.

2026-cı ilin fevralında "Le Poulpe" və "Mediapart" nəşrləri xüsusilə diqqətçəkən bir hadisəni üzə çıxarıb. Ruanda soyqırımında iştirakına görə birinci instansiya məhkəməsinin qərarı ilə 14 il azadlıqdan məhrum edilmiş, lakin apellyasiya prosesi zamanı azadlığa buraxılmış bələdiyyə əməkdaşı Klod Muhayimanaya (Claude Muhayimana) tətbiq edilmiş kadr qərarları araşdırılıb. Soyqırımı ittihamı ilə mühakimə olunan şəxsi Nikola Mayer-Rossinyol nəinki bələdiyyədəki işinə qaytarıb, hətta vəzifə dərəcəsini yüksəldib və əməkhaqqısını artırıb.

Hazırda Nikola Mayer-Rossinyol həm maliyyə pozuntuları, həm kadr qərarları, həm də etik baxımdan çoxsaylı suallarla üzləşir. Araşdırmalar davam edir və siyasi müşahidəçilər bu hadisələrin onun 2026-cı ildəki siyasi karyerasına ciddi təsir göstərəcəyini proqnozlaşdırır.

Olivye Forun siyasi karyerası: ixtisar qalmaqalından etimadsızlıq uğursuzluğuna qədər

Prezident seçkilərində Sosialist Partiyasının (SP) namizədi, partiyanın birinci katibi və Milli Assambleyanın deputatı Olivye For (Olivier Faure) siyasi karyerası boyunca çoxsaylı qalmaqallarla yadda qalıb.

2021-ci ilin fevralında "Mediapart" nəşri Forun rəhbərliyi dövründə Sosialist Partiyasında həyata keçirilməsi nəzərdə tutulan ixtisar planı barədə araşdırma dərc edib. Partiyanın bəzi əməkdaşları iş şəraitindən, maliyyə idarəçiliyindən və kadr siyasətindən narazılıqlarını bildiriblər.

2023-cü ilin yanvarında SP-in rəhbər seçkilərinin nəticələri ciddi partiyadaxili mübahisəyə səbəb olub. For və artıq təqdim etdiyimiz Nikola Mayer-Rossinyol arasında səslərin hesablanması və seçki prosedurlarının düzgünlüyü ilə bağlı fikir ayrılıqları yaranıb.

2026-cı ilin martında Fransada bələdiyyə seçkiləri zamanı SP ilə "Əyilməz Fransa" (LFI) arasında yaradılmış yerli ittifaqlar Forun siyasi strategiyasının partiya daxilində tənqid edilməsinə səbəb olub. Keçmiş prezident Fransua Olland da partiyanın seçki strategiyasına dair narazılığını ifadə edib. 2026-cı ilin iyulunda hökumətə qarşı etimadsızlıq təşəbbüsünü dəstəkləyən For öz partiyadaşları sosialist deputatların əksəriyyətinin dəstəyini ala bilməyib. Bütün bu faktlar Olivye Forun hətta partiya daxilində nüfuzunun aşağı olduğunu göstərir.

Attalın siyasi irsi: qanun pozuntuları, etirazlar və məhkəmə qərarları

2027-ci il prezident seçkiləri üçün "Renaissance" partiyasının namizədi kimi irəli sürülən Fransa Milli Assambleyasının deputatı Qabriel Attal 2024-cü ilin yanvar-sentyabr aylarında Fransanın Baş naziri vəzifəsini icra edərkən bir sıra ciddi qalmaqallara səbəb olan qərarlara imza atıb.

Attalın baş nazirliyi dövründə Yeni Kaledoniyada TikTok sosial şəbəkəsinə giriş tamamilə dayandırılıb. Lakin Fransa Dövlət Şurası 1 aprel 2025-ci il tarixli qərarında bu bloklamanı hüquq və azadlıqlara qeyri-mütənasib müdaxilə hesab edərək qanunsuz elan edib.

Attalın təşəbbüsü ilə irəli sürülmüş, yetkinlik yaşına çatmayan hüquqpozuculara və onların valideynlərinə münasibətdə məhkəmənin səlahiyyətlərini sərtləşdirən qanunun bir sıra əsas müddəaları Konstitusiya Şurasının 19 iyun 2025-ci il tarixli qərarı ilə Konstitusiyaya zidd sayılaraq ləğv edilib. Bu qərar Attalın "sərt intizam" siyasətinə ciddi zərbə vurub.

31 avqust 2026-cı ildə 6 müstəqillik tərəfdarı olan kanak Attal, Jerald Darmanen, Erik Düpon-Moretti və Sebastyen Lekornü barəsində Respublika Ədalət Məhkəməsinə şikayət təqdim edib. Şikayət 2024-cü ilin iyununda saxlanılma şəraiti və məhbusların kontinental Fransadakı həbsxanalara köçürülməsi ilə bağlı olub.

Senatın 19 noyabr 2024-cü il tarixli hesabatı da Attalın Baş nazir kimi əlavə büdcə qanunu layihəsi təqdim etməməsini sərt şəkildə tənqid edib. Bu addım dövlət maliyyəsinin şəffaflığını və parlamentin büdcə nəzarəti səlahiyyətlərini zəiflədib.

2024-cü ilin fevralında Fransanı bürüyən geniş miqyaslı fermer etirazları fonunda Attal hökuməti strateji əhəmiyyətli "Ecophyto" planını müvəqqəti dayandırıb. Pestisid istifadəsinin 50% azaldılmasını hədəfləyən bu plan 2008-ci ildən bəri Fransanın əsas ekoloji strategiyalarından biri idi. Qərar dərhal ekoloji təşkilatların güclü etirazına səbəb olub.

Gizli sənəd ifşa olundu: Qlüksmanın partiyası kasıbları seçici kimi görmür?

Fransa siyasi arenasında 2027-ci il prezident seçkilərinə hazırlıq qızışdıqca, "Place publique" partiyasının namizədi, Avropa Parlamentinin deputatı Rafael Qlüksman (Raphaël Glucksmann) keçmişi və siyasi fəaliyyəti ilə bağlı ciddi suallarla üz-üzədir. 2009-2013-cü illərdə Qlüksman Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yaxın müşaviri kimi fəaliyyət göstərib. 2026-cı il iyulun 12-də "Le Monde" nəşri onun Gürcüstandakı fəaliyyətinə dair geniş araşdırma dərc edib. Fransanın "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella Qlüksmanı xarici dövlətin maraqlarına xidmət göstərməklə bağlı tənqid edib.

2026-cı il mayın 12-də "Mediapart" nəşri Qlüksmanın rəhbərlik etdiyi "Place publique" partiyasının 2027-ci il prezident seçkilərinə hazırlıqla bağlı daxili strateji sənədini dərc edib. Sızan sənəd siyasi müşahidəçiləri heyrətə gətirib: kampaniyada əsas hədəf kütlə kimi yaşlı və yüksək gəlirli seçicilər müəyyən edilib, gənclər və şəhərətrafı ərazilərin aşağı gəlirli sakinləri isə prioritet auditoriya kimi nəzərdən keçirilməyib. Material "sosial ədalət və bərabərlik" şüarları ilə meydana çıxan partiyanın real seçki strategiyası ilə arasındakı dərin uyğunsuzluğu üzə çıxararaq, həm partiya daxilində, həm də ictimaiyyət arasında ciddi mübahisələrə səbəb olub.

2026-cı il oktyabrın 2-də "Le Média" nəşri Qlüksmanın partiya fəalları qarşısında çıxışından iki videogörüntü yayımlayıb. Görüntülərdə o, Fransanın siyasi səhnəsinin iki ağır çəkili siması - Marin Le Pen və Jan-Lük Melanşon barədə kobud ifadələr işlədib. Bundan əlavə, Qlüksman sabiq prezidentliyə namizəd Segolen Royalı da hədəfə alıb - onu Emmanuel Makrona siyasi yaxınlaşmaq cəhdində istehza ilə tənqid edib. Videolar sosial şəbəkələrdə sürətlə yayılaraq, Qlüksmanın ictimai imicinə ciddi zərbə vurub.

Fransa senatoru Müzelye maliyyə qalmaqallarının girdabında: korrupsiyadan tutmuş gizli xizək kurortuna qədər

Fransa Senatının üzvü, Provans–Alp–Kot d'Azur regionunun sabiq prezidenti Reno Müzelye (Renaud Muselier) ardı-arası kəsilməyən maliyyə qalmaqallarının mərkəzinə düşüb. Hələ 2020-ci ilin oktyabrında Fransa Hesablama Palatasının regional bölməsi regionun 2015-2018-ci illərdəki fəaliyyətinə dair hazırladığı hesabatda kadr təyinatları və əməkhaqqı ödənişləri üzrə ciddi nöqsanlar aşkar edib.

2025-ci il yanvarın 13-də Marsel məhkəməsi Müzelyenin keçmiş həyat yoldaşı, vəkil Klementi və onun yaxın siyasi əməkdaşı Jan-Lük İvaldini dövlət satınalmaları ilə bağlı qanun pozuntularına görə məhkum edib. İş Marselin sosial mənzil fondu olan "Habitat Marseille Provence"nin hüquqi xidmət müqavilələrinin bölüşdürülməsi ilə əlaqədar olub.

2025-ci ilin fevralında isə "Marsactu" nəşri diqqətçəkən araşdırma ilə çıxış edib. Məlum olub ki, Müzelyenin rəhbərlik etdiyi regional administrasiya dövlət vəsaiti hesabına siyasi xarakterli reklam yerləşdirib. Regionun büdcəsindən 40 min avro xərclənərək "Le Figaro" və "Le Parisien" qəzetlərində Marseldə bələdiyyə seçkilərinin keçirilməsi qaydasının dəyişdirilməsinə qarşı Müzelyenin mövqeyini əks etdirən reklam dərc olunub.

2026-cı il iyulun 15-də "Mediapart" daha bir sensasion araşdırma ilə gündəmə bomba atıb: Müzelyenin ABŞ-nin Yuta ştatında yerləşən "Nordic Valley" xizək kurortunun sahibi olduğu üzə çıxıb. Materiala əsasən, Müzelye 2014-cü ildə kurortu özünün pay sahibi olduğu şirkətlər vasitəsilə satın alıb. Həmin region 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Müzelyenin Fransada 2030-cu il Qış Olimpiya Oyunlarının təşkilinə məsul qurumlarda rəhbər vəzifələr tutması, eyni zamanda ABŞ-dəki Olimpiya təşkilatçıları ilə əməkdaşlığın inkişafında iştirak etməsi mümkün maraqlar toqquşması barədə ciddi müzakirələrə səbəb olub. Nitsanın meri Erik Siotti onun dərhal istefasını tələb edib.

2026-cı ilin iyulunda Marsel prokurorluğu Müzelye haqqında dövlət vəsaitlərinin mənimsənilməsi, qanunsuz maraq əldə edilməsi, favoritizm və korrupsiya ehtimalları üzrə ilkin araşdırma başladıb. Araşdırmanın başlanmasına səbəb onun şəxsi dağ evinə xidmət göstərdiyi bildirilən keçmiş peşəkar xizəkçinin regional administrasiyadan sifarişlər alan şirkət tərəfindən maliyyələşdirilməsinə dair anonim müraciət olub.

2026-cı il avqustda "Marsactu" və "Mediapart" yeni təfərrüatları ictimaiyyətə açıqlayıb. Müzelyenin rəhbərlik etdiyi regional administrasiya sosial şəbəkələrdə fəaliyyətin təşviqi məqsədilə üç kommunikasiya agentliyi ilə irimiqyaslı müqavilələr bağlayıb. Müqavilələr üzrə illik maliyyələşdirmə 625 min avro, üç dəfə yenilənmə nəzərə alınmaqla mümkün ümumi məbləğ isə 2,5 milyon avroya çatıb. Nəşrlər bu qərarı regionun 2025-ci ildə 80 milyon, 2026-cı ildə isə 60 milyon avroluq büdcə ixtisarları həyata keçirməsi fonunda tənqid edib.

Seqolen Ruayalin illərlə toplanmış maliyyə və hüquqi problemləri üzə çıxır

Prezident seçkilərinə namizəd, sabiq ekologiya naziri Seqolen Ruayal (Ségolène Royal) uzun illər ərzində bir sıra ciddi hüquqi və maliyyə problemləri ilə üz-üzə gəlib. Hələ 2008-ci ildə Renn Apellyasiya Məhkəməsi Ruayali iki keçmiş parlament köməkçisinə ödənilməmiş əməkhaqlarının verilməsi və əmək münasibətlərinin qanunsuz dayandırılması ilə bağlı məhkum edib.

2016-cı ilin aprelində vəziyyət daha da kəskinləşib: "Ernst & Young" auditor şirkəti Ruayalin 2004-2014-cü illərdə rəhbərlik etdiyi Puatu-Şarant regionunun maliyyə vəziyyətinə dair hesabatında son dərəcə ciddi nöqsanlar aşkarlayıb. Hesabatda 132 milyon avro məbləğində gecikdirilmiş ödənişlər, 56 milyon avroluq yüksək riskli və 46 milyon avroluq digər riskli kreditlər, eləcə də büdcə xərclərinin kifayət qədər planlaşdırılmaması öz əksini tapıb. Audit regionun maliyyə vəziyyətini ciddi narahatlıq doğuran səviyyədə qiymətləndirib.

2016-cı ilin dekabrında Fransa Hesablama Palatasının regional bölməsi Puatu-Şarant regionunun maliyyə idarəçiliyinə dair yekun hesabatında əvvəlki auditin ortaya qoyduğu maliyyə problemlərini tam təsdiqləyib.

2019-cu ilin sentyabrında isə yeni qalmaqal gündəmə gəlib: "Liberation" və "Le Parisien" nəşrləri Ruayalın Arktika və Antarktika üzrə səfir kimi fəaliyyətinə dair diqqət çəkən araşdırmalar dərc ediblər. Materiallardan məlum olub ki, Ruayal 2017-ci ildə vəzifəyə təyin olunduqdan sonra Arktika Şurasının dörd rəsmi görüşünün heç birində iştirak etməyib.

2026-cı ilin sentyabrında isə Ruayalın daxili siyasi cəbhədə də gərginlik yaratdığı üzə çıxıb. Onun prezident seçkiləri üçün sosial-demokratların ilkin seçkisində iştirak edən Rafael Glucksmann haqqında açıqlamaları Sosialist Partiyası daxilində ciddi fikir ayrılıqlarına səbəb olub. Sentyabrın 19-20-də Ruayal Glucksmannı siyasi təcrübəsinin azlığına görə tənqid edərək onu siyasətdə "təcrübəçi" adlandırıb, habelə mərkəzçi və sağçı seçicilərin dəstəyini qazanmağa çalışdığını bildirib. Glucksmann cavabında Ruayalı uzun illər ərzində müxtəlif siyasi hakimiyyətlərdə vəzifə əldə etməyə çalışmaqda tənqid edib.

Fransa Hesablama Palatası Lefevrin keçmiş təşkilatlarını hədəfə aldı: milyonlarla avro bələdiyyə pulu hara axıb?

İssi-le-Mulino (Issy-les-Moulineaux) şəhərinin meri Tyerri Lefevr (Thierry Lefèvre) bir sıra mübahisəli qərarlarla gündəmə gəlib. 2022-ci ilin oktyabrında Issy-les-Moulineaux bələdiyyəsi seksual xarakterli zorakılıq və mənəvi təzyiqlə bağlı iki keçmiş əməkdaşın şikayətləri əsasında araşdırılan mer Andre Santiniyə hüquqi müdafiə təminatının verilməsini təsdiqləyib. Oktyabrın 14-də "Le Parisien" nəşrinin əldə etdiyi məlumata görə, bələdiyyə iclasında bu qərarı təqdim edən Lefevr hüquqi müdafiənin merin nüfuzunun qorunmasına yönəldiyini bəyan edib. Müxalifət nümayəndələri isə araşdırmanın həmin mərhələsində bələdiyyə vəsaiti hesabına hüquqi müdafiənin təmin edilməsinin qanuniliyini ciddi şəkildə sual altına alıblar.

2025-ci ildə Fransa Hesablama Palatasının İl-de-Frans regional bölməsi İssi-le-Mulino bələdiyyəsinin 2019-cu ildən sonrakı fəaliyyətinə dair hazırladığı hesabatda diqqət çəkən nəticələr ortaya qoyub. Hesabatda maliyyə hesabatlılığı, kadr idarəçiliyi, satınalmalar və bələdiyyəyə bağlı təşkilatlara nəzarət sahələrində əhəmiyyətli çatışmazlıqlar qeydə alınıb. Diqqətçəkən məqam odur ki, yoxlanılan dövrdə Lefevr merin birinci müavini və idarəçilik komandasının əsas üzvlərindən biri olub.

Hesabatda Lefevrin təxminən 20 il rəhbərlik etdiyi CLAVIM assosiasiyası ilə bələdiyyə arasındakı maliyyə və inzibati əlaqələr xüsusi maraq doğurub. Araşdırmaya əsasən, 2022-ci ildə assosiasiyanın 13,9 milyon avroluq gəlirlərinin 8,7 milyon avrosu - yəni 63 faizi - birbaşa bələdiyyə subsidiyalarından formalaşıb. Üstəlik, təşkilata təxminən 7 min kvadratmetr bələdiyyə sahəsi simvolik ödənişlə və ya tamamilə pulsuz istifadəyə verilib.

Eyni hesabatda Lefevrin əvvəllər rəhbərlik etdiyi "İssy Media" şirkətinin bələdiyyədən iqtisadi asılılığı və kommunikasiya xidmətləri üzrə tender prosedurları da araşdırmaçıların diqqətindən yayınmayıb. Şirkətin 2022-ci ildə 1,8 milyon avroluq dövriyyəsinin 1,6 milyon avrosu - 88 faizi - bələdiyyəyə göstərilən xidmətlərdən əldə edilib. Hesablama Palatası rəqabətli bazarın mövcud olmasına baxmayaraq, 2019-cu ildə bağlanmış və 2024-cü ildə yenilənmiş kommunikasiya müqaviləsi üzrə tenderlərə yalnız "İssy Media"nın müraciət etdiyini aşkar edib.

2026-cı il iyunun 16-da Andre Santininin vəfatından sonra Lefevrin mer seçilməsi yerli müxalifət tərəfindən kəskin tənqidlə qarşılanıb.

Valeri Pekress ətrafında maliyyə qalmaqalları: prokurorluq araşdırmaları genişlənir

İl-de-Frans regionunun prezidenti Valeri Pekress (Valérie Pécresse) dövlət vəsaitlərinin idarəçiliyi və seçki maliyyələşdirməsi ilə bağlı çoxsaylı araşdırmaların hədəfinə çevrilib.

2020-ci ilin fevralında Fransa Hesablama Palatasının regional bölməsinin müraciəti əsasında İl-de-Frans Regional Şurasında dövlət vəsaitlərinin mümkün mənimsənilməsi ilə bağlı prokurorluq araşdırması başlanıb. 2020-ci ilin sentyab

rında regional administrasiyada, o cümlədən Pekressin kabinetində geniş axtarış əməliyyatı həyata keçirilib. 2025-ci il sentyabrın 19-da isə "Mediapart" nəşri onun jandarm əməkdaşları tərəfindən dindirildiyini açıqlayıb.

2022-ci ilin fevralında İl-de-Frans Regional Şurasının ekoloq deputatları Pekress barədə qanunsuz maraqlar toqquşması ilə bağlı Milli Maliyyə Prokurorluğuna (PNF) müraciət ediblər. Müraciət onun və həyat yoldaşının dəmir yolu avadanlıqları istehsalçısı "Alstom" şirkətində maliyyə maraqlarının olması və Pekressin rəhbərlik etdiyi İl-de-Frans Nəqliyyat İdarəsinin həmin şirkətlə bağladığı müqavilələrlə əlaqədar olub.

2022-ci il dekabrın 14-də Fransa Seçki Kampaniyalarının Hesabları və Siyasi Maliyyələşdirmə üzrə Milli Komissiyası Pekressin prezident seçkiləri üzrə maliyyə hesabatında bir sıra ciddi uyğunsuzluqlar müəyyən edib. Komissiya 62 400 avroluq daşınmaz əmlak məsləhət xidməti haqqının yalnız 20 min avrosunu əsaslandırılmış xərc kimi qəbul edib, kampaniya qərargahının istifadəsinə görə hesablanmış xərclərin isə 373 427 avroluq hissəsini hesabatdan çıxarıb. Bundan əlavə, bir donordan qanuni həddi aşan məbləğdə ianə alınması və 15 104 avroluq seçki xərclərinin ilkin hesabatda göstərilməməsi aşkar edilib.

2022-ci ilin sentyabrında Paris prokurorluğu Pekressin prezident seçkiləri kampaniyasında regional administrasiyanın insan və maliyyə resurslarından istifadə edilməsi ilə bağlı ilkin araşdırma başladıb. Bununla yanaşı, CNCCFP-nin ayrıca müraciəti əsasında kampaniya qərargahlarından birinin icarəsi və məsləhət xidmətlərinin maliyyələşdirilməsi ilə bağlı etibardan sui-istifadə və cinayət yolu ilə əldə edilmiş vəsaitin qəbul edilməsi məsələləri üzrə ikinci araşdırma da başlanıb.

2025-ci ilin noyabrında Fransa Hesablama Palatasının regional bölməsi İl-de-Frans regionunun 2019-2024-cü illərdəki maliyyə vəziyyətinə dair hesabatını təqdim edib. Noyabrın 12-də "La Lettre" nəşri sənədə istinad edərək regionun maliyyə ehtiyatlarının əhəmiyyətli dərəcədə pisləşdiyini yazıb.

Ksavye Bertranın prezidentlik yolu: qalmaqallar, məhkəmə işləri və 1 faizlik dəstək

Fransa prezident seçkilərinə namizəd olan O-de-Frans (Hauts-de-France) regionunun prezidenti Ksavye Bertran (Xavier Bertrand) ardıcıl mübahisəli qərarları ilə diqqətləri üzərinə çəkir. Bertranın başçılıq etdiyi region 2020-ci ildən etibarən Lille-dəki Averroes müsəlman liseyinə dövlət müqaviləsi çərçivəsində ayrılmalı olan vəsaitlərin verilməsini dəfələrlə dayandırıb və ya rədd edib. Nəticədə, 2026-cı ilin mayında məhkəmə 2025/2026 tədris ili üçün regiona bu vəsaiti ödəməyi tapşırıb. Bertran Averroes müsəlman liseyini "separatizm" kontekstində hədəfə almaqda davam edir.

Diqqət çəkən başqa bir addım da Bertranın təşəbbüsü ilə regionun 2022-ci ildə "Stop Eoliennes Hauts-de-France" federasiyasına üç il üçün 170 min avro subsidiya ayırmasıdır. 31 mart 2026-cı ildə Lille İnzibati Məhkəməsi bu qərarı ləğv edərək assosiasiyanın fəaliyyətinin "regional ictimai maraq" meyarına cavab vermədiyini müəyyən edib. Lakin cəmi iki ay sonra region məhkəmənin bu qərarına baxmayaraq, həmin federasiyaya əlavə 50 min avro ayırıb.

Bundan əlavə, Lille prokurorluğu 2020-ci ildə 2018-2019-cu illərdə LR və UDI regional qruplarının üç seminarına təxminən 15 300 avro regional vəsaitin xərclənməsi ilə bağlı "dövlət vəsaitinin mənimsənilməsi" üzrə ilkin araşdırma başladıb.

Maliyyə məsələləri bununla bitmir. Bertran region rəhbəri seçildikdən sonra deputat və Saint-Quentin meri vəzifələrindən imtina etsə də, gəlir itkisini kompensasiya etmək üçün Saint-Quentin aqlomerasiyasındakı ödənişinin aylıq təxminən 4 000 avro artırılması ciddi siyasi qalmaqala çevrilib. 2024-cü ildə Bertranın bəyan etdiyi xalis gəlirlər 78 606 avro təşkil edib.

Bertran 2026-cı ilin avqustunda prezidentliyə namizəd olacağını rəsmən açıqlasa da, sentyabrın 17-21-də keçirilmiş "YouGov" sorğusu onun üçün ürəkaçan nəticə verməyib: namizəd cəmi 1% səs toplaya bilib.

Olimpiya xərcləri, tender pozuntuları, hədələmə - Marsel meri Payan çoxsaylı araşdırmaların hədəfində

Marsel şəhərinin meri Benua Payan (Benoît Payan) çoxsaylı hüquqi araşdırmaların və məhkəmə işlərinin mərkəzinə çevrilib. 2025-ci ilin iyulunda Fransa Hesablama Palatasının regional bölməsi Marsel bələdiyyəsinin fəaliyyətində ciddi nöqsanlar aşkar edib. 2024-cü il Olimpiya Oyunları üçün Rukas-Blan Marina kompleksinin yenidən qurulmasına dair hesabatda maliyyə idarəçiliyi və dövlət satınalmaları sahəsində əhəmiyyətli pozuntular müəyyən edilib. Hesabata görə, layihənin ümumi dəyəri 2022-2024-cü illərdə 13,5% artaraq 45,59 milyon avroya yüksəlib.

2026-cı ilin fevralında isə "Blast", "Marsactu" və "Le Monde" nəşrləri yeni sensasion məlumatla çıxış ediblər: Payanın sədrlik etdiyi Marsel Dövlət Məktəbləri Şirkətinin (SPEM) satınalmaları ilə bağlı prokurorluq araşdırması aparılır. Diqqəti xüsusilə cəlb edən məqam - Sen-Andre-La-Kastellan məktəbinin tikintisində gecikmələr səbəbindən 1,4 milyon avro dəyərində müvəqqəti məktəb binalarının rəqabətli tender keçirilmədən əldə edilməsidir.

2026-cı ilin fevral-sentyabr aylarında Payanın şəxsi vəkil xərclərinin bələdiyyə büdcəsindən ödənilməsi məsələsi ayrıca hüquqi araşdırmaya gətirib çıxarıb. Martda Marsel prokurorluğu ilkin araşdırmaya başlayıb. Sentyabrın 22-də "Marsactu" nəşri prokurorluğun Payana ikiillik sınaq müddəti ilə cinayət-hüquqi xəbərdarlıq verdiyini ictimaiyyətin diqqətinə çatdırıb.

2026-cı il mayın 28-də Marsel İnzibati Məhkəməsi Payanın rəhbərlik etdiyi bələdiyyənin keçmiş yüksəkvəzifəli əməkdaşı Kristof Pierrelin 2023-cü ildə işdən çıxarılması barədə qərarı ləğv edib. Bələdiyyəyə əməkdaşın sosial və pensiya hüquqlarını bərpa etmək, həmçinin 1 500 avro məhkəmə xərci ödəmək tapşırılıb.

2026-cı il sentyabrın 23-də "Blast" və "Marsactu" nəşrləri daha bir təəccüblü xəbər yayıblar: Payan barəsində hədələmə ilə əlaqədar yeni prokurorluq araşdırması başlanıb. Araşdırma Var departamentinin Sen-Zakari şəhərinin meri Jan-Jak Koulombun mayın 26-da verdiyi şikayət əsasında aparılır. Şikayət Marsel ətrafında su hövzələrinin idarə olunmasına cavabdeh EPAGE HuCA qurumuna rəhbər seçilməsi zamanı yaranmış mübahisə ilə bağlıdır. Koulomb Payanın telefon danışığı zamanı onu özünün dəstəklədiyi namizədə səs verməyə məcbur etmək məqsədilə hədələdiyini bildirib.

2026-cı il oktyabrın 5-də isə Paris Cinayət Məhkəməsində diqqətçəkən bir iş dinlənilib: yazıçı Marsel Pagnolun nəvəsi Nikola Pagnol Benua Payan və onun beş keçmiş və hazırkı müavininə qarşı böhtan və ictimai təhqir iddiası qaldırıb. Mübahisə 2023-cü ildə Marsel bələdiyyəsinin Pagnol ailəsi ilə əlaqəli təşkilatın La Buzine qəsrinin idarə edilməsinə dair müqaviləsini yeniləməməsi və ardınca səslənən ictimai açıqlamalarla bağlıdır.

Və sonda

Bu faktlar fransız siyasi isteblişmentinin əsl simasını göstərir. Üstəlik, burada söhbət sadəcə kiçik miqyaslı siyasətçilərdən getmir – bunlar siyasi qalmaqal və korrupsiyaya bulaşmış şəhər merləri, Fransa siyasi palitrasının əsasını təşkil edən partiya rəhbərləri, Fransa prezidentliyinə namizədlərdir. Təqdim olunan faktlardan göründüyü kimi, bu siyasətçilər üçün iki əsas prinsip var – mübarizədə bütün vasitələr yaxşıdır və pulun qoxusu olmur. Artıq qeyd etdiyimiz kimi, bütün bu siyasətçilər illərdən bəri erməni diasporu tərəfindən əldə edilib və indi ayrı-ayrı "müraciətlər" dərc edərək aldıqları vəsaitləri itaətkarcasına doğrultmağa çalışırlar.

"Report" Analitik Qrupu

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər