Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir
Far.Az xəbər saytı

Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir


Məktəbin vəzifəsi yalnız bilik vermək deyil, həm də şəxsiyyət yetişdirməkdir.

Bunu "Report"a açıqlamasında Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev deyib.

Onun sözlərinə görə, müasir demokratik Azərbaycan dövlətinin ideoloji əsasları XIX əsrdə formalaşmağa başlayan maarifçilik ideyaları ilə sıx bağlıdır:

"Bu tarixi irsin əsasını dünyəvilik, demokratiklik, sivil inkişaf və milli özünüdərk təşkil edirdi. Bu gün də həmin prinsiplərin qorunması müasir Azərbaycan dövlətçiliyinin və təhsil sisteminin mühüm şərtlərindəndir. Məktəbin vəzifəsi yalnız bilik vermək deyil, həm də şəxsiyyət yetişdirməkdir. Təhsilalanlarda müstəqil düşüncə, hüquqa hörmət, ictimai məsuliyyət və fərqli baxışlara dözümlü münasibət formalaşdırmaq dünyəvi təhsilin əsas məqsədlərindəndir. Milli-mənəvi dəyərlərə bağlılıqla müasir dünyagörüşü bir-birini tamamlamalıdır. Dini etiqada hörmət də insanları geyimlərinə görə mühakimə etməmək, onların ləyaqətini qorumaqla uzlaşmalıdır".

H. Quliyev əlavə edib ki, vahid məktəbli geyimi məsələsi də dünyəvi təhsil və ümumi məktəb qaydaları kontekstində dəyərləndirilməlidir:

"Qanunla müəyyən edilmiş geyim qaydalarına riayət etmək, təhsil sisteminin dünyəvi xarakterini qorumaq və məktəbdə bütün şagirdlərə bərabər yanaşmaq vacibdir. Belə həssas məsələlərin ictimai müzakirəsində manipulyativ çağırışlara, dini duyğulardan siyasi məqsədlərlə istifadəyə və cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdlərinə qarşı ayıq olmaq lazımdır".

Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər