Prezident İlham Əliyev AQEM tribunasından beynəlxalq hüququn tətbiqində problemləri üzə çıxarıb – rəy
Far.Az xəbər saytı

Prezident İlham Əliyev AQEM tribunasından beynəlxalq hüququn tətbiqində problemləri üzə çıxarıb – rəy


Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı əsas məsələlərdən biri Ermənistanın uzun illər davam edən işğal siyasətinə və onun ağır humanitar nəticələrinə beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymətin verilməməsidir.

Bunu "Far.Az"a Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən VII Zirvə Görüşündə çıxışını şərh edərkən Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

"Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olub, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından qovulub, etnik təmizləməyə məruz qalıb. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların da öz tarixi torpaqlarından didərgin salınması xalqımızın yaddaşında dərin iz buraxıb".

Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemləri üzə çıxardı:

"Azərbaycanın təcrübəsi bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların yerinə yetirilməsini təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Prezident İlham Əliyevin bu məsələyə dair mövqeyi beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da aktualdır. Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaradılmadıqca müharibələrin və münaqişələrin qarşısını almaq çətin olacaq".

S. Salmanova qeyd edib ki, təcavüzkarın cəzasız qalması yeni təhlükələrə yol açır, beynəlxalq hüquqa inamı zəiflədir və münaqişələrin uzanmasına şərait yaradır:

"Buna görə də beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni meyarlarla yanaşılması qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Ölkəmiz bu gün də regionda dayanıqlı sülhün təmin olunmasını, dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və hüquqi öhdəliklər əsasında qurulmasını dəstəkləyir. Bu baxımdan AQEM kimi çoxtərəfli platformalar beynəlxalq problemlərin müzakirəsi, dövlətlərin mövqelərinin yaxınlaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır".

Milli Məclisin üzvü bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regional və qlobal təhlükəsizliyə, dövlətlərarası dialoqun inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Oxşar xəbərlər

AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər