"AzerGold" xarici ölkədə ilk törəmə şirkətini yaradıb
"AzerGold" QSC xarici ölkədə ilk törəmə şirkətini "AzerGold Uzbekistan" MMC-ni yaradıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd Azərbaycan və Özbəkistan arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.
Yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.
Hazırda "Akba" qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.
Bu müddətdə yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq "Joint Ore Reserves Committee" (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də mümkün hasilat və emal texnologiyalarının araşdırılması nəzərdə tutulur. Yatağın sənaye miqyasında işlənməsinin texniki-iqtisadi baxımdan məqsədəuyğunluğunu qiymətləndirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələrə uyğun olaraq, qızıl yatağının gələcək istismarına dair investisiya təklifi hazırlanaraq Özbəkistanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Bu il iyunun 17-də "AzerGold" və Özbəkistanın Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.
"AzerGold"un Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər mühüm istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə iyulun 17-də "AzerGold", "Uzbekgeologorazvedka" SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.
Layihə çərçivəsində Özbəkistanın Nəvai və Nurata şəhərləri arasında yerləşən perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılması nəzərdə tutulur. Hazırda müəssisənin təsis sənədlərinin razılaşdırılması və zəruri dövlət icazələrinin alınması istiqamətində müvafiq işlər davam etdirilir. Birgə müəssisə yaradıldıqdan sonra perspektivli sahələrdə geoloji tədqiqatların və kəşfiyyat işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Layihə üzrə ilkin ikiillik dövrü əhatə edən geoloji kəşfiyyat və maliyyələşmə planı hazırlanıb. Tədqiqatların nəticəsində iqtisadi cəhətdən istismara yararlı mineral ehtiyatlar müəyyən edilərsə, tərəflər həmin yataqların birgə işlənməsi və müvafiq investisiya layihələrinin həyata keçirilməsi imkanlarına baxacaq. Bununla yanaşı, hazırda tərəflər arasında Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.
"AzerGold"un Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sahəsində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından mühüm addımdır. Həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, dağ-mədən sənayesi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də "AzerGold"un beynəlxalq fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













