"Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?
Far.Az xəbər saytı

"Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?


Azərbaycan haqqında "hökm verməyə" çalışan bəzi şəxslərin öz keçmiş açıqlamalarına baxmaq kifayətdir: Peyvəndlərdən sonra "üçqulaqlı, beşgözlü uşaqlar" doğulacağını söyləyən siyasətçi, dünyəviliyin konstitusiyadan çıxarılmasını istəyən keçmiş imam, tələbə mübadiləsini təhqir predmetinə çevirən yazar, xilafətin bərpasını siyasi hədəf sayan müəlliflər…

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın arzuolunmaz şəxs elan etdiyi 31 Türkiyə vətəndaşı arasında bu çıxışların müəllifləri də var. Onların bəzilərinin əvvəlki şərhləri ölkəmizə qarşı səsləndirdikləri fikirlərin hansı düşüncədən qaynaqlandığını göstərir.

Xarici İşlər Nazirliyinin (XİN) mediada yayılan açıqlamasına əsasən, qərar Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi və konstitusiya quruluşu əleyhinə çıxışlar, hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar, dini radikalizm zəminində zorakılığın və düşmənçiliyin təşviqi ilə əsaslandırılıb. Bu, nazirliyin qərarla bağlı açıqladığı mövqedir. Siyahıdakı konkret şəxslərin siyasi və ictimai portretini isə onların öz sözləri tamamlayır.

Fatih Ərbakanın "üçqulaqlı, beşgözlü" siyasəti

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan 2021-ci ildə mRNA peyvəndləri haqqında danışarkən yarı insan, yarı meymun uşaqların, üçqulaqlı və beşgözlü varlıqların doğula biləcəyini söyləyib. Ardınca mətbuat konfransında anadangəlmə anomaliyaları olan körpələrin şəkillərini nümayiş etdirərək bunları peyvəndlərlə bağlı iddialarına bağlayıb.

İnsanların sağlamlıqla bağlı narahatlığını belə qorxulu təsvirlərlə siyasi tribunaya daşımaq məsuliyyətsizlikdir. Partiya sədri olmaq hər deyilən sözə etibarlılıq qazandırmır.

"Üçqulaqlı, beşgözlü uşaqlar" barədə iddialarla gündəmə gələn Ərbakanın Azərbaycana "ağıl öyrətmək" sevdasının özü gülüncdür.

Mehmet Boynukalının dünyəviliklə köhnə hesabı

Ayasofyanın keçmiş baş imamı Mehmet Boynukalın 2021-ci ildə yeni Konstitusiya müzakirələri zamanı dünyəvilik prinsipinin sənəddə yer almamasını istəyib. Onun çıxışları Türkiyənin özündə də etirazla qarşılanıb. Hakim AK Partiyanın nümayəndəsi Bülent Turan belə Boynukalının davamlı polemikalara girməsini açıq tənqid edib.

Bu fakt onun dünyəvi dövlətə münasibətinin Azərbaycanın məktəb qaydaları ətrafındakı müzakirələrdən xeyli əvvəl formalaşdığını göstərir.

Öz ölkəsində dünyəviliyin konstitusiyadan çıxarılmasını istəyən şəxsin başqa dünyəvi dövlətin qaydalarına qarşı çıxması təəccüblü deyil. Qəribə olan həmin ideoloji mövqenin hamı üçün məcburi həqiqət kimi təqdim edilməsi cəhdidir.

Boynukalının siyasi-dini təsəvvürləri Azərbaycan üçün meyar deyil.

Yusuf Kaplan: təhsil proqramına da təhqirlə yanaşan müəllif

"Yeni Şafak" yazarı Yusuf Kaplanın 28 sentyabr 2014-cü il tarixli məqaləsi "Erasmus deyil, "Orgasmus" layihəsi!" adlanır.

Kaplan həmin yazıda Erasmus iştirakçılarının münasibətlərindən bir milyon nikahdankənar uşağın doğulduğunu iddia edir. Sonra isə rəqəmin bir milyon olmasının o qədər də əhəmiyyət daşımadığını, yüz min olsa da onu qəbuledilməz sayacağını bildirir.

Əvvəl böyük rəqəmlə oxucunu sarsıtmaq, sonra rəqəmin əhəmiyyətini azaltmaq və əvvəlcədən verilmiş hökmü qüvvədə saxlamaq: Kaplanın həmin mətnində görünən yanaşma budur.

Beynəlxalq tələbə mübadiləsini bu dillə müzakirə edən müəllifin başqa ölkənin təhsil siyasəti haqqında hökm verməsi onun mühakimə tərzinə dair sualları daha da artırır. Təhsil məsələlərində ciddi mövqe fakt, dəqiqlik və məsuliyyət tələb edir. Təhqiramiz söz oyunu bu tələblərin heç birini əvəz etmir.

Hakkı Erenin siyasi ünvanı: xilafət

"Köklü Değişim" yazarı Hakkı Erenin 3 mart 2023-cü ildə yayımlanmış mətnində xilafət açıq şəkildə müdafiə olunur. Müəllif onu islam hökmlərini həyata keçirəcək hakimiyyət kimi təqdim edir, yenidən qurulması istiqamətində göstərilən səyləri müsbət qiymətləndirir.

Burada müəllifin siyasi idealı kifayət qədər aydındır. Xilafəti arzulanan idarəçilik modeli sayan şəxsin dünyəvi dövlətlərə münasibəti də həmin mövqedən dəyərləndirilməlidir.

Hakkı Eren öz ideoloji seçimini edə bilər. Lakin bu seçim ona Azərbaycan dövlətinin quruluşuna, cəmiyyətin həyatına və məktəbin qaydalarına göstəriş vermək səlahiyyəti qazandırmır.

Muhammed Emin Yıldırımın çıxış yolu da xilafətdir

Siyahıda "Köklü Değişim" nümayəndəsi kimi göstərilən Muhammed Emin Yıldırımın öz imzası ilə yayımlanmış mətnində də liderliyin Raşidi Xilafət Dövlətini yenidən qurmaqla əldə edilə biləcəyi yazılır. Söhbət eyniadlı başqa din xadimindən deyil, məhz həmin nəşrin yazarından gedir.

Beləliklə, ən azı bu iki müəllifin mətnlərində xilafət konkret siyasi ideal kimi təqdim edilir. Onların dünyəvi idarəçiliyə yönələn tənqidlərinin arxasında hansı alternativin dayandığı da görünür.

Azərbaycan həmin ideoloji layihələrin sınaq meydanı deyil!

Bu nümunələr siyahıdakı 31 nəfərin hamısına eyni mövqeyi aid etməyə əsas vermir. Lakin adları çəkilən şəxslərin öz açıqlamaları onların düşüncə tərzi haqqında kifayət qədər aydın təsəvvür yaradır.

Birinin siyasi gündəmində "quyruqlu uşaqlar", digərinin hədəfində dünyəvilik, başqasının yazılarında tələbələri aşağılayan ifadələr, o birilərinin gələcək təsəvvüründə isə xilafət var.

Azərbaycanın dövlət quruluşu və gələcəyi bu şəxslərin ideoloji xülyaları ilə müəyyənləşmir. Səs-küylü çıxışlar da onlara belə bir haqq qazandırmır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər