Aİ-nin ehtiyacı: inqilabi islahatlar
Avropa İttifaqında (Aİ) cəmiyyət islahat tələb edir. Təəssüf ki, bu proses yuxarıdan aşağı deyil, aşağıdan yuxarılara etirazlar əsasında baş verir.
Artıq üçüncü həftədir, Fransada məktəblilər, tələbələr, həmkarlar ittifaqları və "sarı jiletlər" hərəkatının yüksək yaşayış xərclərinə qarşı və təhsil şəraitinin yaxşılaşdırılması uğrunda kütləvi etiraz aksiyaları keçirilir.
Fransa polisinin məlumatına görə, nümayişlərdə təxminən 320 000 nəfər, o cümlədən Parisdə 70 min nəfər iştirak edib. Təşkilatçılar isə aksiyaya qoşulanların sayının yarım milyona yaxın olduğunu bildiriblər.
Yerli media qeyd edib ki, etirazlar dinc keçib, qarətlər müşayiət olunmayıb. Bununla belə, Parisdə və başqa şəhərlərdə polislə toqquşmalar baş verib. Fransa hakimiyyətinin məlumatına görə, 500-dən çox iştirakçı saxlanılıb.
Daxili İşlər Nazirliyi etirazçıları günahlandıraraq bildirib ki, bəzi etirazçılar tərəfindən "son dərəcə yüksək" zorakılıq halları törədilib, ifrat sol ekstremist qruplaşmalar təhlükəsizlik qüvvələrinə hücumlar edib.
Maskalı və qara geyimli şəxslər zorakılığın törədilməsinədə fəallıq göstərirlər. Ehtimal edilir ki, onlar etirazçı deyil, daha çox güc strukturlarına bağlıdırlar. Aksiyaları yatırmaq üçün hakimiyyət tərəfindən RAID xüsusi təyinatlıları və GIGN jandarmeriyası da daxil olmaqla 70 min hüquq-mühafizə əməkdaşı cəlb edilib. Bu isə o deməkdir ki, hər dörd iştirakçıya təxminən bir əlidəyənəkli, silahlı, zirehli, qalxanlı polis əməkdaşı, jandarm düşür.
Hakimiyyət qüvvələri dinc aksiyaçılara qarşı gözyaşardıcı qaz da tətbiq ediblər.
Tələblər dəyişməyib, məktəblilərin, tələbələrin və dövlət qulluqçularının etirazları təhsil sahəsindəki problemlər, yaşayış xərclərinin artması və sosial bərabərsizliklə bağlıdır. Hakimiyyət gərginliyin artmasında məsuliyyətin bir hissəsini ifrat solçu Boyun əyməyən Fransa Partiyasının üzərinə qoyur. Yeri gəlmişkən, bu, sol və ultrasol siyasi partiyadır. Qurucusu Jan-Lük Melanşon, lideri Manüel Bompardır. İdeoloji əsasları sol populizm, demokratik sosializm, ekososializm, alterqlobalizm və suverenizmdən ibarətdir. Partiya Fransanın Milli Assambleyasında, Senatda və Avropa Parlamentində təmsil olunur. "Yeni xalq cəbhəsi" kimi sol koalisiyalara daxildir.
Partiya və lideri Jan-Lük Melanşon siyasi debatlara fəal qatılır. O, Emmanuel Makron hökumətinə qarşı etiraz aksiyalarını təşkil edir.
Melanşon Fransada qarşıdakı prezident seçkisi ərəfəsində ümummilli reytinqlərdə güclü mövqelərini qoruyub saxlayıb. Seçkinin birinci turunun 2027-ci il aprelin 18-də keçirilməsi planlaşdırılıb.
Aksiya iştirakçılarının əsas şüarlarından biri də belədir: "Pulları məktəblərə, elmə, müharibəyə yox".
Mövcud hakimiyyətin opponentləri təhsil müəssisələrinin və universitetlərin infrastrukturunun fəlakətli vəziyyətinə, müəllim yerlərinin ixtisar edilməsinə, elmi araşdırmaların kifayət qədər maliyyələşdirilməməsinə diqqət çəkirlər. Onlar hesab edirlər ki, hakimiyyət militarizasiyaya görə sosial xərcləri əsassız şəkildə azaldır.
Yelisey sarayı ardıcıl olaraq müdafiə büdcəsini artırır. 2026-cı il üçün rekord 57,2 milyard avro məbləğində maliyyələşdirmə planlaşdırılıb. 2027-ci il üçün 63,4 milyard avro layihəsi nəzərdə tutulub. Hakimiyyət isə hərbi xərclərin artmasını yenidən silahlanma zərurəti, Avropanın suverenliyinin müdafiəsi və artan geosiyasi təhdidlərlə izah edir.
Fransanın Baş naziri Sebastyan Lekornyu məktəb və universitetlərin təmirinə bir milyard avro, eləcə də məktəblər üçün güzəştli kreditlərə 4 milyard avro ayırdıqlarını bildirib. Hökumət, həmçinin 2027-ci ildən etibarən inflyasiya nəzərə alınmaqla təqaüdlərin məbləğində dəyişikliklərin edilməsini öhdəsinə götürür.
Habelə, 2027-2028-ci illərdə ali təhsil sistemində 15 min əlavə yer - müəllimlər üçün əlavə 500, psixoloq, tibb bacısı və sosial işçilər üçün 500 yer vəd edir. Həmçinin siniflərdə uşaqların sayının azaldılması və bir saatlıq nahar fasiləsinin tətbiqi nəzərdə tutulur.
Lekornyu qeyd edib ki, hökumət təhsil sistemində dəyişikliklərin hazırlanması üçün 3 min liseyin müraciətinə baxıb.
Hakimiyyətin vəd etdiyi bu tədbirlər Fransada təhsil sisteminin vəziyyətinin ciddi islahata ehtiyacı olduğunu təsdiqləyir. Bu, həm də etirazçıların nümayiş və tətillərinə haqq qazandırır.
Etirazların davam etməsi hökumət vədlərinin etirazçıları qane etmədiyini göstərir. Çünki bu məbləğ universitet və məktəblərdə islahatların aparılması, şəraitin yaxşılaşdırılması üçün yetərli sayılmır.
Hökumətin bu kimi tədbirləri isə daha çox gərginliyin azaldılması üçün atılan addımdır.
Fransada olduğu kimi, şənbə günü nümayişlər Almaniya, İtaliya, Portuqaliya, İsveçrədə də baş tutub. İsveçrədə "Bizi İsveçrə bezdirib!" şüarı ilə yürüş keçirilib. Aİ üzvlüyünə namizəd Albaniyada hökumətin istefası tələb olunub.
İtaliyada etirazçıların yürüşündə transparantların birinin üzərində belə yazılıb: "İspaniya, Fransa, İtaliya, yeni 1968-ci ilin mayı yaxınlaşır". Həmin ilə bu ölkələrdə təhsil sistemində baş verənlərə etiraz aksiyaları keçirilmişdi. Onda da etirazçılar meydan və küçələrdə barrikadalar qurmuşdular.
Almaniyada ən sərt hadisələr Frankfurt-Maynda qeydə alınıb. Etirazçıların şəhər mərkəzindəki mağazaların vitrinlərini dağıtdıqları iddia olunur. Məlumata görə, bir neçə ticarət nöqtəsi qarət edilib. Bildirilib ki, "Gen Z regelt" gənclər hərəkatının etirazları Almaniyanın 34 şəhərini əhatə edib. Aksiyalarda 160 mindən çox insan iştirak edib.
Hamburqda barrikadalar yandırılıb. Polis aksiyaları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Almaniyadakı aksiyaçılar da yüksək yaşayış xərclərinə, məktəb və universitetlərin maliyyələşdirilməməsinə, iqlim problemlərinə və məcburi hərbi xidmətin mümkün qaytarılmasına qarşı etiraz ediblər.
AFR-də də qarətçilər və polislə toqquşmada iştirak edənlər maskalı olublar. Bu da onların kimliyini müəyyən etməkdə çətinlik yaradıb.
Bu hadisələr göstərir ki, Avropa İttifaqının daxili və hərbi siyasətində problemlər mövcuddur. Elə Fransa hökumətinin etiraz aksiyalarından 15 gün sonra verdiyi vədlər, geri addımları buna bariz nümunədir. Oxşar addımların yaxın gələcəkdə Avropa İttifaqının başqa ölkələrində də atılacağı istisna deyil. Çünki üzv ölkələrin problemləri bir-birinə oxşardır.
Aksiyaların başa çatdığı ehtimalı azdır. Ümumavropa nümayişləri noyabrın 20-nə planlaşdırılıb. Həmin etiraz tədbirlərində "Gen Z regelt"in də iştirakı gözlənilir.
Avropa İttifaqının iki lideri Fransa və Almaniya sayılır. Aksiyaların Fransadan başlaması Prezident Emmanuel Makronun idarəçiliyinin göstəricisidir. Bu, həm də onun hakimiyyətinin Aİ üçün pis örnək olduğundan xəbər verir.
Avropanın ABŞ-nin himayədarlığına arxayınlığı, onun kölgəsində böyük görünməsi, islahatlar aparmadan Vaşinqtondan aldığı qrantların hesabına yüksək həyat şəraiti yaratması, hətta təhlükəsizliyini Ştataların hesabına təmin etməsi onun indiki vəziyyətə düşməsinə səbəb olub.
İndi isə Aİ ABŞ-ni təqlid etmək istəyir. İttifaqda yürüdülən miqrasiya siyasəti də Ştatların imitasiyasıdır. Amma Avropa İttifaqı ölkələrinə miqrasiyanın siyasi-tarixi, mədəni səbəbləri ABŞ-yə miqrasiya ilə eyni deyil.
Qüvvəyə minən miqrasiya qanunvericiliyi və sığınacaq qaydaları son dövrdə sərtləşdirilib. Miqrasiya və Sığınacaq Paktında qanunsuz miqrasiya ilə mübarizəni gücləndirmək, sərhəd nəzarətini sərtləşdirmək və üçüncü ölkə vətəndaşlarının deportasiyasını sürətləndirmək üçün yeni qaydalar təsdiqlənib.
Almaniya, Fransa, Belçika və Aİ-nin başqa ölkələrində milli səviyyədə sosial müavinətlər, sığınacaq müraciətlərinə baxılması və qanunsuz miqrantlarla bağlı nəzarəti gücləndirmək üçün əlavə tədbirlər tətbiq edilib. Bundan başqa, uzun illər aparılmayan islahatlar İttifaqda sosial problemləri də dərinləşdirib. Aİ-nin energetika siyasətinin Rusiyadan asılı vəziyyətə salınması bu istiqamətdə də böhrana səbəb olub.
Avropa İttifaqının problemləri sadaladığımız məsələlərlə bitmir. Bu qurumun qlobal miqyasda da nüfuzu təbliğ edilən dərəcədə deyil. Xüsusən onun xarici siyasəti hazırda, demək olar ki, böhran vəziyyətindədir. Daim ABŞ-dən asılı olduğu üçün o, beynəlxalq səviyyəli müxtəlif münaqişələrin həllində zəif və ya dişsiz görünür.
Rusiyanın Ukraynada apardığı müharibənin ilk dövründə İttifaqın, xüsusən Almaniya və Fransanın tutduğu qeyri-müəyyən mövqe hücuma məruz qalan dövlətin ziyanına olub. Onun nümayəndəsi Moskva ilə danışıqlarda, demək olar ki, görünmür. ABŞ-nin Rusiya Prezidenti Vladimir Putini dekabrın 14-15-də Mayamidə keçiriləcək "G-20"liyin zirvə toplantısına dəvət etməsi Ağ Evin Avropadakı müttəfiqləri ilə məsləhətləşmədiyindən xəbər verir. İttifaqın ali təhlükəsizlik və xarici siyasət xidmətinin başçısı Kaya Kallas bu dəvətlə kəskin razılaşmadığını bildirib.
Dünyanın istənilən bölgəsindəki münaqişədə Aİ ABŞ-nin mövqeyinə uyğun çıxış edir. Başqa sözlə, indiyədək onun hər hansı sərbəst mövqe nümayiş etdirdiyi, yaxud təşəbbüslə çıxış etdiyi müşahidə edilməyib.
İslahat tələbi ilə keçirilən aksiyalar Avropa İttifaqında inqilaba bərabər keyfiyyət halı sayıla bilər. Bu hadisələr onun heç də göründüyü kimi möhtəşəm olmadığını isbatlayır. Proseslər Avropa İttifaqının müstəqilliyinin vacibliyini göstərdi.
Sovetlər dağıldıqdan sonra Avropa İttifaqı daha cəlbedici görünürdü. Ancaq zaman keçdikcə onun yamaqları, sökükləri üzə çıxır. Bu, "demokratiyanın beşiyi" sayılan qitədə hakimiyyətlərin demokratik dəyərlərdən sui-istifadə hallarını, onu gözdən saldıqlarını da göstərir.
Avropa İttifaqında çoxsaylı problemlər və onların həll olunmaması, habelə etirazlar fonunda kosmetik dəyişikliklər, vədlər qlobal miqyasda da məyusluq yaradır. Çünki bir çox ölkələr qitədəki bu qurumu örnək, hədəf bilib.
Odur ki, Avropa İttifaqı daxili və xarici siyasət, hərbi sahələrdə inqilabi islahatlar aparmaqla nüfuzunu artıra, örnək vəziyyətini bərpa edə bilər. Onun qlobal miqyasda siyasət meydanında zəifliyi beynəlxalq arenada alternativlərin sayının azalması, hegemonluğun artması ilə nəticələnər.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib













