İnam Heydər Malik: COP27 və COP28-də verilən vədləri yerinə yetirməyin vaxtı çatıb
Pakistan təbii fəlakətlərlə mübarizəni bir regionla məhdudlaşmayan qlobal problem kimi qəbul edir.
Bunu “Report”a müsahibəsində Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik deyib.
O qeyd edib ki, bir ölkədə baş verən təbii fəlakət çox vaxt temperaturun yüksəlməsi, buzlaqların əriməsi və digər qlobal proseslərlə əlaqəlidir:
“Bizim vəzifəmiz təbii kataklizmlərin inkişafını proqnozlaşdırmaq və onların trayektoriyalarını müəyyən etməkdir. Burada məqsəd cəmiyyəti əvvəlcədən məlumatlandırmaq və onlara hazırlaşmaq üçün vaxt verməkdir”.
General bildirib ki, Pakistan təbii fəlakətləri onların baş verməsindən 10 ay əvvəl proqnozlaşdırmağı öyrənib ki, bu da zərər və insan itkilərini minimuma endirməyə imkan verir.
“COP27 və COP28 konfranslarında verilən vədləri yerinə yetirməyin vaxtı gəlib çatıb. Biz iqlim maliyyələşdirilməsi ilə bağlı İtki və Zərərlə Mübarizə üzrə Qlobal Fondu işə salmalıyıq. Bu fond regionlarda ictimai təşkilatların iştirakı və innovasiyaları stimullaşdırmaq üçün özəl sektorun cəlb edilməsi də daxil olmaqla müxtəlif komponentlərə bölünməlidir”, - o deyib.
Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsi təkcə dövlət qurumlarının deyil, fəlakətlərə cavab vermək üçün texnologiya və materialların hazırlanmasında mühüm rol oynaya bilən özəl sektorun töhfəsini də nəzərə almalıdır.
“Fəaliyyət üçün vaxt getdikcə azalır. Biz artıq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunacaq 2030-cu ilə gedən yolun təxminən yarısını keçmişik. İndi əvvəllər müəyyən edilmiş vəzifə və məqsədlərin həyata keçirilməsi üçün siyasəti yenidən nəzərdən keçirmək və genişmiqyaslı cavab tədbirləri görmək lazımdır”, - general bildirib.
Azərbaycanla münasibətlərə toxunan H.Malik vurğulayıb ki, Pakistan beynəlxalq təşkilatlar və ölkələrlə, o cümlədən Azərbaycan, Avropa, Şərqi Asiya dövlətləri və kiçik ada ölkələri ilə fəal əməkdaşlıq edir.
“Biz tərəfdaşlarımıza müraciət edərək Pakistanın soyuq şimal bölgələrindəki fəlakətlərlə dünyanın digər yerlərindəki oxşar zonalar arasındakı əlaqəni öyrənməyi təklif etmişik”.
O qeyd edib ki, bu, tarixi məlumatlar və müasir erkən xəbərdarlıq texnologiyaları əsasında bilik mübadiləsi aparmağa və cavab tədbirlərini təkmilləşdirməyə imkan verir.
“COP29 konfransına hazırlıq çərçivəsində azərbaycanlı həmkarlarla məhsuldar qarşılıqlı fəaliyyəti xüsusilə qeyd etmək istəyirəm. Bütövlükdə, Bakıda COP29 yüksək səviyyədə təşkil edilib. Bu platformada əməkdaşlıq qlobal iqlim problemlərinin həllində önəmli addım ola bilər”, - o deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













