Hikmət Hacıyev: Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq - YENİLƏNİB
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq - YENİLƏNİB


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Bu barədə "Far.Az" İRNA-ya istinadən xəbər verir.

H.Hacıyev Azərbaycanın İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduğunu bəyan edib.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə əsas məqam etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.

İran Prezidentinin müşaviri Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar.

Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır:

"İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".

M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur".

19:58

İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.

Görüşdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər