Maka Boçorişvili: Orta Dəhlizin inkişafı Gürcüstan üçün həyati əhəmiyyət daşıyır
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Əbu-Dabi Davamlı İnkişaf Həftəsi Sammitində çıxışı zamanı Orta Dəhlizin inkişafının Gürcüstan və region üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.
"Far.Az"un Gürcüstan bürosunun məlumatına görə, nazir qeyd edib ki, sammitdə müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin iştirakı bölgənin tranzit potensialı barədə danışmaq üçün mühüm fürsətdir.
"Beynəlxalq əməkdaşlığın inkişafı kontekstində Orta Dəhlizin inkişafı bizim üçün həyati əhəmiyyət daşıyır. Bu platformada regionumuzun tranzit imkanlarına diqqət yetirmək son dərəcə vacibdir", – deyə Boçorişvili vurğulayıb.
Xarici işlər naziri Gürcüstana investisiya qoymaqda maraqlı olan şirkətlərə dolğun məlumat verilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, iri beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşlər planlaşdırılır və bu şirkətlərin Gürcüstanın investisiya potensialı barədə ətraflı məlumatlandırılması əsas prioritetlərdəndir.
"Qlobal miqyasda fəaliyyət göstərən şirkətlər regionumuzda fəaliyyət göstərməkdə maraqlıdır və Gürcüstanı potensial investisiya məkanı kimi dəyərləndirirlər", – deyə nazir bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə yüksək səviyyəli görüşlərini davam etdirir. Baş nazir müxtəlif ölkələrin liderləri qarşısında çıxış edəcəyi Davamlı İnkişaf Həftəsi Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Sammitin əsas mövzuları əməkdaşlıq, investisiya və innovasiyadır. Tədbir çərçivəsində Orta Dəhlizin potensialı, Gürcüstanın bu dəhlizdəki rolu, eləcə də Anakliya limanının tikintisi və inkişaf perspektivləri xüsusi diqqət mərkəzində olacaq.















