Elxan Əsədov: Təbii fəlakətlər zamanı dövlət vətəndaşlarının yanında dayanır
Far.Az xəbər saytı

Elxan Əsədov: Təbii fəlakətlər zamanı dövlət vətəndaşlarının yanında dayanır


Bu ilin mart ayının sonlarında və aprel ayının əvvəllərində respublikamızın şimalı rayonları və Abşeron yarımadası ərazisinə həddindən artıq yağıntı düşüb.

Bunu "Far.Az"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

O qeyd edib ki, aparılan ilkin araşdırmalara görə, yalnız Abşeron yarımadası ərazisində üç gün ərzində yağan yağış illik statistik normanın 50 faizindən artığını təşkil edib:

"Təbii ki, bu cür təbiət hadisələrinə hazır olmaq hər zaman mümkün olmur. Ona görə də bu hadisələr nəticəsində infrastruktura, obyektlərə və yollara müəyyən ziyan dəyir. Hadisə baş verdikdən sonra ölkə başçısının tapşırığına əsasən, FHN-in əməkdaşları axtarış-xilasetmə işlərinə cəlb olunub. Nazirliyimizin mütəxəssisləri tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılıb, fərdi yaşayış evlərinə, infrastruktur obyektlərinə texniki baxışlar keçirilib, müvafiq aktlar, rəylər tərtib edilib. Bu rəylər ümumiləşdirilərək qısa müddət ərzində müvafiq orqanlara təqdim edilib".

FHN nümayəndəsi qeyd edib ki, bu gün - aprel ayının 28-də Prezident İlham Əliyev tərəfindən "Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalanıb:

"Həmin Sərəncamla infrastrukturuna ziyan dəymiş qurumlara, yerli icra hakimiyyətlərinə və Fövqəladə Hallar Nazirliyinə ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılıb. Tələb qoyulub ki, qısa müddət ərzində dəymiş ziyan aradan qaldırılsın və eyni zamanda, dağılmış evlərin yerində yeniləri tikilsin, şəhərlərdə, yaşayış məntəqələrində abadlıq işləri başa çatdırılsın".

E.Əsədov əlavə edib ki, dünyanın bir çox ölkəsində belə təbii fəlakətlər baş verir. İnsanların fərdi təsərrüfatlarına, biznes qurumlarına, infrastruktur obyektlərinə, dövlət qurumları, mühəndis-kommunikasiya, yol-nəqliyyat qurumlarının infrastrukturuna ziyan dəyir.

"Ümumi təcrübədə bu ziyanın aradan qaldırılması fərdi insanlar və biznes qurumlarına münasibətdə siğorta orqanları tərəfindən ödənilir, digər qurumlar isə öz vəsaitləri hesabına bu dəymiş ziyanı aradan qaldırırlar. Azərbaycan Respublikası, bildiyiniz kimi, sosialyönümlü bir dövlətdir. Təbii hadisələr zamanı dövlət vətəndaşlarının yanında olur. Misal üçün, 2012-ci ildə respublikanın şimal-qərb rayonlarında baş vermiş zəlzələ, eyni zamanda, 2019-cu ildə Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş vermiş zəlzələlərdə zərərin aradan qaldırılması, insanlara evlərinin təmiri, bərpası, yeni evlərin tikilməsi istiqamətində dövlət tərəfindən yüzmilyonlarla vəsait ayrılıb. Bu, əlbəttə, dövlətin, ölkə başçısının humanist addımıdır və bu dəfə də dövlət başçısı öz humanist addımını ataraq müəyyən vəsaitlər ayırıb ki, bu hadisələrdən ziyan çəkən vətəndaşlar müəyyən qədər bu əziyyətdən azad olsunlar. Belə bir praktika dünyanın heç bir ölkəsində yoxdur".

O xatırladıb ki, 6-7, 10 il bundan əvvəl İranda çox böyük bir zəlzələ oldu, sonra İtaliyada böyük bir zəlzələ oldu, Avropada, Afrikada, bilirsiniz ki, çoxlu selbasma hadisələri baş verir və dövlət heç bir zaman vətəndaşlara və yaxud da biznes qurumlarına yardım etmir:

"Çünki hər yerdə insanlar bilirlər ki, hadisələrdən qorunmaq üçün mütləq sığorta orqanlarına müraciət eləmək lazımdır. Ona görə ki, fərdi yaşayış evlərini, mənzilləri, biznes obyektlərini, bütün daşınmaz əmlakı sığorta etdirirlər. Mən də insanlarımızı, biznes qurumlarının nümayəndələrini sığorta şirkətlərinin xidmətlərindən istifadə etməyə çağırıram.

Vətəndaşlarımız və biznes qurumları sığorta orqanlarına müraciət etməklə həm öz zərərlərini vaxtından aradan qaldıra, həm də dövləti əlavə yüklərdən xilas edə bilərlər".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər