Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa"
"Hərbçi ilə ailə qurmaq onunla birlikdə xidmət etmək deməkdir".
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, bunu "Şəhiddən qalan son foto" rubrikasında Vətən müharibəsinin iştirakçısı, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanovun həyat yoldaşı Arzu Şirvanova deyib.
Şəhidin xanımı həyat yoldaşının şəhid olmazdan bir gün öncə çəkilmiş ən son fotosunu təqdim edib.
"Bu şəkli Mehman şəhid olmazdan bir gün əvvəl dostuna atıb, deyib ki, saxla, lazım olar. Mehman mənə çox vaxt söz deməzdi. Bilirdi ki, çox darıxıram, narahat oluram. Müharibə başlayanda da dostlarına deyib ki, mən şəhid olacam", - deyə Arzu Şirvanova bildirib.
Onun sözlərinə görə, Mehman çox güclü, uzaqgörən zabit olub:
"Döyüş yoldaşları da bunu daim təsdiqləyirdi. O, gəncliyini, həyatını hərbi xidmətə həsr etmişdi. Xidmət illərinin böyük hissəsini cəbhə bölgələrində, dağlarda, postlarda keçirmişdi.
Mehman haqqında çox söz demək olar. Amma nə kitablar, nə jurnallar, nə də qələm onun necə biri olduğunu tam ifadə edə bilər. Biz onunla 10 il birlikdə yaşadıq, artıq 6 ildir onsuz qalmışıq - bu illəri sözə sığdırmaq mümkün deyil".
Şəhidin 26 sentyabr 2020-ci ildə çəkilmiş fotosu
Arzu xanımla həyat yoldaşının tanışlığının maraqlı tarixçəsi olub:
"Mehmanla tanışlığımız onun bacısının toyunda baş verib. Orada məni görüb bəyənib, qonaq gəlmişdilər. Biz bir-birimizi uzun illər tanımadan ailə qursaq da, aramızdakı sevgi və bağlılıq illərlə qurulan münasibətlərə meydan oxuyacaq qədər güclü idi. 2010-cu ildə ailə həyatı qurduq. Onda mənim 19 yaşım var idi, Mehman isə məndən 11 yaş böyük idi. O, həmişə qayğıma qalar, mənə uşaq kimi yanaşar, nazımı çəkərdi.
Mehmanla birgə çox çətinliklərimiz, ağır günlərimiz də olub. Evlənəndən 8 il sonra qızımız - Nuray dünyaya gəldi. Mehman şəhid olanda Nurayın cəmi 1 yaş 10 aylıq idi. İndi isə artıq 2-ci sinifdə oxuyur.
Mehmanla birlikdə çox yerlər gəzmişəm, onunla hər yerə getmişəm. Amma onun getdiyi o son məqama - şəhidlik zirvəsinə birgə gedə bilmədim... Onun gedişi məni sanki bir anda qocaltdı. Amma bu gün Mehman özü olmasa da, onun sevgisi bizimlədir. Xatirəsi şeirlərdə, hekayələrdə, sənədli filmlərdə yaşayır. İnanıram ki, Mehman kimi qəhrəmanlar heç vaxt unudulmayacaq".
O, həyatını, gəncliyini - hər şeyini hərbi yola verdi
"Heç nədən qorxmazdı, gözündə qorxu yox idi. Müharibə başlayanda da bilirdim ki, geri qalmayacaq. Çox qorxurdum və qorxduğum başıma gəldi.
Mehman xidmət etdiyi illərdə demək olar ki, evdə olmazdı. Nə bayram, nə şənlik… Həmişə deyirdi ki, əsgərlərimin mənə ehtiyacı var, onları valideynləri bizə əmanət edib, yanında olmalıyam. Onun üçün hərbi xidmət, əsgərləri hər şeydən öndə idi.
23 il bir igidin ömrüdür… Mehman ömrünün bu qədərini Vətən yolunda yaşadı. Mən bu gün də bilirəm ki, əgər yenidən seçim qarşısında qalsaydım, onun şəhid olacağını bilsəm belə, yenə də Mehmanı seçərdim.
Yaxşı ki, onunla bağlı xatirələrim var. Yaxşı ki, onun kimi bir insanın həyat yoldaşı olmuşam. Bu gün onun adını, onun övladını yaşadıram və bununla fəxr edirəm", - deyə şəhidin həyat yoldaşı söyləyib.
Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Polkovnik-leytenant Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elə həmin gün də Murovdağ döyüşlərində şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin 09.12.2020, 15.12.2020 və 24.06.2021-ci il tarixli sərəncamlarına əsasən, Mehman Şirvanov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq və igidliyə görə "Qarabağ" ordeni, ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər













