İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu
Far.Az xəbər saytı

İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar, müharibənin bitməsinə baxmayaraq, humanitar fəlakətin hələ də davam etdiyini göstərir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, indiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiyası təkcə faciənin miqyasını deyil, həm də gizlədilən həqiqətlərin dərinliyini ortaya qoyur. Lakin bu rəqəmlər son deyil, yüzlərlə məzarın yeri hələ də naməlum qalır.

Otuz ildən artıqdır ki, minlərlə azərbaycanlı ailəsi yaxınlarının aqibətindən xəbərsizdir. Bu, təkcə emosional və sosial problem deyil, həm də beynəlxalq humanitar hüququn tanınmış fundamental hüquqlarının pozulmasıdır. 1949-cu il Cenevrə Konvensiyaları və onun əlavə protokolları münaqişə tərəflərinin qarşısına açıq öhdəliklər qoyur. İtkin düşmüş şəxslərin taleyi araşdırılmalı, məzar yerləri müəyyən edilməli və qalıqlar ailələrə qaytarılmalıdır. Həmçinin 1997-ci ildə Osloda imzalanan Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına görə, piyada əleyhinə minaların basdırılması beynəlxalq cinayətdir.

Eləcə də 1997-ci ildə qəbul edilib, 1999-cu ildə qüvvəyə minən Ottava müqaviləsi də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Bu konvensiyalar nəinki piyada əleyhinə minaların istehsalının dayanmasına səbəb olub, hətta həmin konvensiyalardan sonra ölkələr beynəlxalq təşkilatların nəzarətində 40 milyondan çox piyada əleyhinə minanı məhv ediblər.

Onu da qeyd edək ki, "Amnesty International" piyada əleyhinə minaların basdırılmasını müharibə cinayəti elan edib və onun bu istiqamətdə istintaq aparmaq səlahiyyəti var. Bu baxımdan, təşkilatın Ermənistanla bağlı da istintaq aparması lazımdır.

Ermənistanın bu öhdəlikləri yerinə yetirməməsi beynəlxalq humanitar hüququn açıq pozuntusudur.

Aşkarlanan kütləvi məzarlıqlar bir daha göstərir ki, itkin düşmüş şəxslərin böyük hissəsi faktiki olaraq qətlə yetirilib və qeyri-qanuni şəkildə dəfn olunub. Bu məzarların yerlərinin gizlədilməsi yalnız hüquqi məsuliyyətdən yayınmaq deyil, o həm də ailələrin uzun illərdir davam edən iztirabını daha da dərinləşdirir.

Problemin digər ağır tərəfi mina təhlükəsidir. Statistik göstəricilər vəziyyətin nə qədər ciddi olduğunu təsdiqləyir:

10 noyabr 2020-ci ildən 26 aprel 2026-cı ilədək 261 mina insidenti qeydə alınıb. 423 nəfər zərər çəkib. 73 nəfər həlak olub. 350 nəfər xəsarət alıb. Zərərçəkənlərin 230-u mülki şəxslərdir (58 ölü, 172 yaralı). 193 nəfər hərbçidir (15 ölü, 178 yaralı). Ümumilikdə isə 1991-ci ildən bu günədək 3400-dən çox insan mina qurbanına çevrilib.

Son günlərdə yenidən iki nəfərin minaya düşməsi bu təhlükənin hələ də aktiv olduğunu göstərir. Bu faktlar təsdiqləyir ki, mina problemi keçmişin deyil, bu günün reallığıdır.

Beynəlxalq hüquq minalanmış ərazilərin xəritələrinin dərhal və tam təqdim edilməsini tələb edir. Bu, mülki əhalinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Ermənistanın bu xəritələri təqdim etməməsi isə yalnız öhdəlik pozuntusu deyil, yeni insan itkilərinə səbəb olan bir davranışdır. Mina xəritələrinin gizlədilməsi faktiki olaraq ölüm riskinin davamlı saxlanılması deməkdir. Məzar yerlərinin və mina xəritələrinin gizlədilməsi təsadüfi və ya lokal qərarlar kimi görünmür. Bu, illər boyu davam edən və müxtəlif siyasi hakimiyyətlər tərəfindən qorunan sistemli yanaşmanın nəticəsidir. Ermənistanda həm keçmiş hakimiyyət, həm də hazırkı idarəetmə bu siyasətə görə məsuliyyət daşıyır.

İtkinlərin taleyinin açıqlanması və mina xəritələrinin təqdim edilməsi regionda real sülhün və etimadın formalaşması üçün zəruri addımlardır. Əks halda, müharibə bitsə də, onun humanitar nəticələri onilliklər boyu davam edəcək. Bugünkü reallıq onu göstərir ki, münaqişənin ən ağır yükünü hələ də mülki insanlar daşıyırlar. İtkinlərin taleyinin gizlədilməsi və mina təhlükəsinin davam etməsi yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət məsələsidir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər