Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
Far.Az xəbər saytı

Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir


ABŞ dövlət katibi Marko Rubio ABŞ, Rusiya və Çin liderləri arasında şəxsi təmasların əvəzsiz əhəmiyyət daşıdığını və üç ölkə arasında gələcək münasibətlərin xarakterini müəyyənləşdirdiyini bildirib.

"Report" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Ağ Evdə Prezident Donald Trampın Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Rubionun sözlərinə görə, liderlər arasında münasibətlərin yaxşı olması sonradan konkret razılaşmaların əldə edilməsini asanlaşdırır və bunun üçün əlverişli şərait yaradır.

"Bu, bütün sonrakı proseslərin istiqamətini müəyyənləşdirir. Üç lider bir-biri ilə nə qədər yaxşı münasibətdə olarsa, istər Rusiya, istər Çin, istərsə də hər üç ölkə arasında konkret razılaşmalara nail olmaq bir o qədər asan olar. Bu cür təmaslar əvəzsizdir. Dövlət başçıları arasındakı münasibətlərin əvəzsiz əhəmiyyət daşıdığını hər kəsin anlamasını istəyirəm", – Rubio vurğulayıb.

Onun sözlərinə görə, üçtərəfli görüş Vaşinqton, Moskva və Pekin arasında gələcək diplomatik və ticarət danışıqları üçün zəmin yaradıb.

"Əgər liderlər bir-biri ilə yola gedə, qarşılıqlı əlaqə qura və müsbət münasibətləri qoruya bilmirlərsə, onların ölkələri və bütün dünyada təhlükəsizlik naminə heç bir müsbət nəticəyə nail olmaq mümkün deyil. Buna görə də bu liderlərin danışıqlar apara bilməsindən məmnunam", – dövlət katibi qeyd edib.

Rubio əldə olunan qarşılıqlı anlaşmanın təkcə Amerika xalqının deyil, bütün dünyanın maraqları naminə mürəkkəb diplomatik işlərin və ticarət danışıqlarının aparılmasına imkan yaradacağına ümidvar olduğunu bildirib.

O, həmçinin üç ölkənin rəhbərləri arasında müntəzəm məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

"Bu üç liderin müntəzəm məsləhətləşmələr aparmamalı olduğu fikri sadəcə absurd deyil, həm də təhlükəlidir. Ən azı ona görə ki, bu üç ölkə qarşılıqlı əlaqə qurmaq imkanına malik olmalıdır", – ABŞ-nin dövlət katibi bildirib.

Rubio əlavə edib ki, dövlət başçılarının birbaşa ünsiyyəti gələcək danışıqlar üçün əlverişli atmosferin formalaşdırılması baxımından zəruridir.

Qeyd edək ki, noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin Çinin Şençjen şəhərində üçtərəfli görüş keçiriblər.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər