Azərbaycan-İtaliya münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub - RƏY
Far.Az xəbər saytı

Azərbaycan-İtaliya münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub - RƏY


İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi regionda balanslı yanaşmanın nümayişi olmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında formalaşmış münasibətlər uzun illər ərzində ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu gün artıq daha dərin məzmun kəsb edir:

"Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri zamanı verdiyi bəyanat bu münasibətlərin əhatə dairəsini və perspektivlərini aydın şəkildə ortaya qoyur. Azərbaycan ilə İtaliya arasında münasibətlərin hüquqi-siyasi bazasını təşkil edən əsas sənədlər 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələridir. Bu sənədlər yalnız diplomatik formal xarakter daşımır, eyni zamanda iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirən yol xəritəsi rolunu oynayır. Bu gün həmin sənədlərdə əksini tapmış müddəaların real həyatda uğurla həyata keçirilməsi Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafını təsdiqləyir".

Deputatın fikrincə, Baş nazir Meloninin səfəri xüsusi rəmzi məna daşıyır:

"Bu səfər, eyni zamanda, İtaliyanın Azərbaycanla münasibətlərə verdiyi önəmin bariz ifadəsidir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Bu gün İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin 12 milyard dollar səviyyəsinə çatması iqtisadi münasibətlərin geniş miqyas aldığını göstərir. Bu göstərici həm də qarşılıqlı etimadın və əməkdaşlıq potensialının yüksək olduğunu təsdiqləyir. Enerji sahəsi Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi İtaliyanın enerji təminatında xüsusi yer tutur. Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşması bu əməkdaşlığın strateji əhəmiyyətini göstərir".

O əlavə edib ki, bu əməkdaşlığın əsas alətlərindən biri Cənub Qaz Dəhlizidir. Bu mühüm enerji layihəsinin tərkib hissəsi olan TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına, xüsusilə İtaliyaya çatdırılır. Son illərdə qaz ixracının həcminin artması və gələcəkdə bu həcmin daha da genişləndirilməsi planları enerji əməkdaşlığının davamlı xarakter daşıdığını göstərir.

"Azərbaycanda fəaliyyət göstərən 130-dan çox İtaliya şirkəti müxtəlif sahələrdə uğurla çalışır. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin fəallığı diqqət çəkir. Hərbi-texniki əməkdaşlıq isə münasibətlərin yeni və perspektivli istiqamətlərindən biridir. Təhsil və humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu sahədə mühüm nailiyyətlərdən biridir. Bütün bu amillər göstərir ki, Azərbaycan-İtaliya münasibətləri artıq klassik diplomatik çərçivələri aşaraq strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və siyasi iradə bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir", - deyə Şahin Seyidzadə vurğulayıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər