"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
Far.Az xəbər saytı

"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir


Serbiyanın aparıcı xəbər agentliyi "Tanjug" Azərbaycanın palçıq vulkanları haqqında material hazırlayıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, material "Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir" başlığı ilə yayımlanıb.

Bildirilib ki, 350-dən çox aktiv palçıq vulkanı ilə Azərbaycan bu təbiət hadisəsinin ən geniş müşahidə olunduğu ölkədir və son məlumatlara görə, dünyada qeydə alınmış bütün palçıq vulkanlarının, demək olar ki, yarısı məhz Azərbaycan ərazisində yerləşir.

"Bu vulkanların böyük hissəsi Xəzər dənizinin dibində və 2007-ci ildən YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Parkının yaxınlığında yerləşir. Palçıq vulkanları soyuq palçıq və qaz püskürür, onlar yerin dərin qatlarından gələn qazların təzyiqi nəticəsində yaranır. Buna görə də mühüm geoloji cazibə mərkəzi və dünyanın ən qeyri-adi təbii xüsusiyyətlərindən biri hesab olunur",- materialda qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan palçıq vulkanlarının təxminən 60 faizi aktiv sayılır və vaxtaşırı baş verən püskürmələr güclü palçıq və qaz çıxışı ilə müşayiət oluna bilər:

"Bəzi hallarda isə metanın alışması da qeydə alınır. Onların geniş yayılması Azərbaycanın neft və qazla olduqca zəngin olması ilə əlaqələndirilir. Yeraltı təzyiq su, gil və qaz qarışığını yer səthinə doğru itələyir ki, bu da palçıq vulkanlarının yaranmasına səbəb olur.

Hündürlüyü 700 metrdən artıq olan dünyanın ən böyük palçıq vulkanlarından bəziləri Azərbaycanda yerləşir. Elmi araşdırmalar göstərib ki, bu vulkanların püskürtdüyü palçıq yüksək miqdarda yod və maqnezium ehtiva edir. Buna görə də həmin palçıq əczaçılıqda istifadə olunur.

Mütəxəssislər vurğulayırlar ki, Azərbaycan vulkanları yalnız təbii cazibə mərkəzi deyil, həm də yeni enerji yataqlarının araşdırılmasına kömək edən yerin dərinliklərinə açılan pəncərələrdir.

Unikal landşaftı və nadir geoloji fenomeni səbəbindən palçıq vulkanları Azərbaycanın ən tanınmış təbii görməli yerlərindən birinə çevrilib və hər il dünyanın müxtəlif ölkələrindən on minlərlə ziyarətçi cəlb edir".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər