WUF13 Bakıda: Müharibələr və iqlim dəyişikliyi şəhərlərin gələcəyinə təsir göstərir
Far.Az xəbər saytı

WUF13 Bakıda: Müharibələr və iqlim dəyişikliyi şəhərlərin gələcəyinə təsir göstərir


Müharibələr və iqlim dəyişikliyi şəhərlərin simasını hökumətlərin onları bərpa etmək sürətindən daha tez dəyişir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nümayəndələri xəbərdarlıq ediblər.

Ukrayna nümayəndə heyətinin təmsilçisi bildirib ki, Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan bəri təkcə onun regionunda 30 minə yaxın dağılmış və ya zədələnmiş obyekt bərpa edilib. "Kiyev vilayətinə gəlincə, biz bərpa sürətinə görə liderik", - deyə Kiyev Vilayət Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Bakıda "Euronews"a bəyan edib.

"Prezidentimiz, hökumətimiz, parlamentimiz və beynəlxalq tərəfdaşlarımız sayəsində onların 80%-ni bərpa edə bildik. Hazırda bərpa olunmuş obyektlərin ümumi sayı 24 minə çatır", - deyə o bildirib. Kalaşnikin sözlərinə görə, Azərbaycan bu işdə birbaşa tərəfdaşa çevrilib.

"Azərbaycan Kiyev vilayətini bərpa etməkdə bizə kömək edir. Artıq iki layihə başa çatıb: İrpendə məktəb, həmçinin xəstəxana və sığınacaq. Çünki regionumuz təhlükəli olaraq qalır və tərəfdaşlarımızın tikməyə kömək etdiyi etibarlı yeraltı məkanlara ehtiyacımız var", - deyə vilayət rəhbəri xatırladıb.

O qeyd edib ki, tərəfdaşlar arasında SOCAR şirkətinin də olduğu Azərbaycan daha dörd layihədə iştirak edir. Söhbət çoxmənzilli yaşayış binası, incəsənət mərkəzi, uşaq və gənclər üçün idman məktəbi və sosial infrastruktur obyektinin tikintisindən gedir.

Əməkdaşlıq tikinti çərçivəsindən kənara çıxır. Kiyev vilayətinin ən çox zərər çəkmiş şəhərlərindən biri olan İrpen Azərbaycanın Qarabağ bölgəsində yerləşən və çoxillik münaqişədən sonra yenidən bərpa olunan Laçın şəhəri ilə tərəfdaşlıq əlaqələri qurub. Kalaşnik məlumat verib ki, bu yay Kiyev vilayətindən olan 100 uşaq sağlamlıq istirahəti üçün Azərbaycana yollanacaq.

Günün ikinci əsas mövzusu iqlim dəyişikliyi olub.

Əddis-Əbəbə administrasiyasının dayanıqlılıq üzrə rəhbəri doktor Moges Tadesse bildirib ki, Afrika şəhərləri üçün fəsadlar artıq son dərəcə ağırdır.

"İqlim dəyişikliyi qlobal çağırışdır, lakin o, təkcə mənzil təsərrüfatına təsir etmir. Bu, iqtisadiyyata, insanların həyatına təsir göstərir və həqiqətən dağıdıcı xarakter daşıyır", - deyə o, zəngin dövlətlərin fəaliyyəti nəticəsində yaranan xərclərin öhdəsindən gəlməkdə həssas ölkələrə kömək etmək üçün daha geniş beynəlxalq investisiyaların ayrılmasına çağırıb.

"Hesab edirəm ki, dünya birliyi iqlim dəyişikliyinin fəsadlarını yumşaltmaq üçün ciddi investisiyalar qoymalıdır", - deyə o əlavə edib.

Ekspertlər vurğulayırlar ki, iqlim böhranı ilə eyni vaxtda demoqrafik təzyiq də sürətlə artır.

Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (Sustainable Development Solutions Network) prezidenti, iqtisadçı Ceffri Saks forum iştirakçılarına xəbərdarlıq edib: "25 ildən sonra Afrika artıq aqrar region olmayacaq".

Latın Amerikasında isə əksinə, dinamika başqa istiqamətdə inkişaf edir: hazırda ev təsərrüfatlarının təxminən 20%-i bir nəfərdən ibarətdir və bu, tələbatın strukturunu daha kompakt və əlçatan şəhər mənzillərinə doğru dəyişir.

Səudiyyə Ərəbistanı şahzadəsi Lamiya bint Məcid Əl Səud vahid qlobal mənzil modellərinə qarşı çıxıb.

"Universal həllər yoxdur: Səudiyyə Ərəbistanına uyğun olan model Hindistana, Avropaya və ya Amerikaya uyğun gəlmir", - deyə o, müsahibəsində bildirib və vurğulayıb ki, şəhərlər başqa ölkələrdən hazır həllər götürmək deyil, öz kontekstlərindən çıxış edərək icmalar layihələndirməlidirlər.

Avropa İttifaqının özündə yaranan mənzil böhranı Avropa Komissiyasının Əlçatan Mənzil üzrə İşçi Qrupuna rəhbərlik edən baş direktor müavini Metyu Robert Bolduin tərəfindən kəskin tənqid olunub. Onun sözlərinə görə, blokun 27 ölkəsində mənzil fondunun təxminən 20%-i boş qalıb, eyni zamanda qısamüddətli kirayə sektoru sürətlə böyüyür.

Bolduin qeyd edib ki, defisiti aradan qaldırmaq üçün təkcə dövlət maliyyələşməsi açıq-aşkar kifayət deyil.

"Dünyanın bütün dövlət vəsaitləri belə yetərli olmayacaq. Hamı üçün əlçatan mənzili dəstəkləmək məqsədilə tez mənfəət güdməyən, təmkinli və məsuliyyətli özəl kapitalı cəlb etməyin ağıllı yolunu tapmalıyıq", - deyə o izah edib.

İşçi qrupu Aİ ölkələrində əlçatan mənzillə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün səkkiz bənddən ibarət plan təklif edib.

Müzakirələr "UN-Habitat" proqramının yeni "Dünya şəhərləri" hesabatının təqdimatı çərçivəsində keçirilib. Hesabata əsasən, dünyada təxminən üç milyard insan keyfiyyətsiz mənzil, ağır xərclər və ya əsas xidmətlərə çıxışın olmaması ilə üzləşir, 1.1 milyarddan çox insan isə hələ də gecəqondularda və qeyri-formal məskənlərdə yaşayır.

Hesabatda qeyd olunur ki, bir çox regionlarda mənzil qiymətləri gəlirlərdən daha sürətlə artır, vəziyyəti isə iqlim miqrasiyası və getdikcə dərinləşən qeyri-bərabərsizlik daha da ağırlaşdırır.

"Şəhərlərdə mənzil problemləri 2050-ci ilə qədər daha da güclənəcək", - deyə "UN-Habitat" proqramının qlobal hesabatlar və tendensiyalar şöbəsinin rəhbəri Ben Arimax bildirib. Dünya əhalisinin yalnız 25%-i mənzil almaq üçün ipotekadan istifadə edə bilir. Bu, insanların əksəriyyətinin maliyyə imkanlarının yetərsiz olduğunu göstərir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər