WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdi - RƏY
Far.Az xəbər saytı

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdi - RƏY


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdi.

Bu barədə "Far.Az"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, sessiya Azərbaycanın necə dövlət modelini təqdim etmək istədiyini göstərən platformaya çevirilib:

"Azərbaycan tədbirdə öz şəhərsalma baxışını, postmünaqişə bərpa modelini nümayiş etdirib. Sessiya zamanı Azərbaycanın təqdim etdiyi əsas istiqamətlərdən biri müasir şəhərsalma ilə tarixi mədəni irsin qorunmasında balans məsələsi idi. Dünyanın bir çox ölkəsində urbanizasiya prosesi şəhərlərin yaddaşını zəiflədir, tarixi irsdən uzaqlaşma baş verir. Nəticədə müasir şəhərlər yaranır, keçmiş unudulur. Azərbaycanda İçərişəhər, Şuşa və digər tarixi şəhərlərə yanaşmalar göstərir ki, şəhər sadəcə kommunikasiya sistemi deyil, həm də kollektiv yaddaşdır".

Ə.Nuriyev deyib ki, WUF13-də diqqətçəkən əsas mövzulardan biri də işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri idi:

"İştirakçılar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini görəndə bunu bütöv dövlət səfərbərliyi modeli kimi qiymətləndirdilər. Yenidənqurma işlərində həm tarixi irs qorunur, həm də müasir yanaşmalardan istifadə edilir. "Böyük Qayıdış" proqramı da tədbir çərçivəsində diqqətçəkən məqamlardan oldu. Burada əsas məsələ təhlükəsiz və davamlı yaşayış mühitinin yaradılmasıdır. Digər xüsusi məqam "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası, Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji, yaşıl nəqliyyat və davamlı infrastruktur elementlərinin tətbiqi beynəlxalq ekspertlər tərəfindən xüsusi maraqla qarşılandı. Bu model bir çox postmünaqişə regionları üçün də nümunə olacaq".

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri həmçinin sessiya çərçivəsində "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" təşəbbüsünün də xüsusi diqqət çəkdiyini söyləyib:

"Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə hava keyfiyyəti və "yaşıl infrastruktur" məsələsi WUF13-ün gündəliyinin daimi hissəsinə çevrildi. Bu, şəhərsalmaya yeni baxış idi. Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) təsis olunması da Azərbaycanın sessiyanın gündəliyində fəal rol almaq niyyətini göstərir. Bu addım Azərbaycanı yalnız iştirakçı yox, həm də təşəbbüskar ölkə kimi diqqətdə saxlayır".

Ə.Nuriyev vurğulayıb ki, WUF13-ün uğurlu təşkilindən sonra Azərbaycana beynəlxalq etimadın artdığı hiss olunur:

"Bu cür tədbirlərdə əsas logistika deyil, koordinasiya, idarəetmə çevikliyi, beynəlxalq əməkdaşlarla işləmə bacarığı həlledici rol oynayır. COP29-dan sonra WUF13-ün uğurlu təşkili göstərdi ki, Azərbaycan qlobal platformaların təşkilində ciddi təcrübəyə malikdir. Prezident İlham Əliyevin forumun açılışı zamanı çıxışı xüsusi qeyd edilməlidir. Burada şəhərsalmaya yeni baxış, Azərbaycanın tarixi coğrafiyasında baş verən proseslər, keçmiş, bu gün, gələcəklə bağlı dövlət başçısının baxışları dünya şəhərsalmasına töhfə kimi də qiymətləndirmək olar. WUF-un gələcək sessiyalarında Azərbaycanın təcrübələrinə müraciət olunması da gözləniləndir".

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər