Kamran Əsədovun məhkəməsi keçirilib
Far.Az xəbər saytı

Kamran Əsədovun məhkəməsi keçirilib


Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasov ifadə veriblər.

Dövlət ittihamçısı, hakim və Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri onların ifadələri arasında ziddiyyətlər olduğunu deyiblər.

Həmçinin DİM nümayəndələri iclasda əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət veriblər.

Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Yaşar oğlu Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Kamran Alim oğlu Əsədov ilə cinayət əlaqəsinə girməklə üç nəfər və şəxsən səkkiz nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Sənan Rasim oğlu Hüseynovun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə kömək), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Xatırladaq ki, Kamran Əsədov yanvarın 23-də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.

Oxşar xəbərlər

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Kamran Əsədovun cinayət işinin DETALLARI - Pinəçi də istintaqa dəvət olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər