"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
İranın Qətərdəki nümayəndə heyəti dondurulmuş aktivlər və Hörmüz boğazının blokadası ilə bağlı razılaşma axtarır.
"Far.Az" xəbər verir ki, "Euronews" Dohada İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin apardığı danışıqlara dair mənbələrə istinadən bu məlumatı yayıb.
"İranın xarici işlər naziri A. Əraqçinin də iştirak etdiyi Doha səfərində Hörmüz boğazı və yüksək səviyyədə zənginləşdirilmiş uranla bağlı məsələlərə diqqət yetirilib", - məlumatda bildirilib.
İranın mərkəzi bankının rəhbəri Əbdülnasir Hümməti də dondurulmuş aktivləri müzakirə edəcək: "Bu məsələnin yekun razılaşmada öz əksini tapdığı bildirilir".
Qeyd olunub ki, Vaşinqton beynəlxalq sanksiyalara məruz qalmış Tehranın dondurulmuş xarici aktivlərinin bir hissəsini sərbəst buraxmağa razılaşıb. "Bunun müqabilində Hörmüz boğazındakı məhdudiyyətlər və İran limanlarına gəlib-gedən gəmilərə tətbiq edilən dəniz blokadası ləğv ediləcək", - məlumatda vurğulanıb.
İranın Qətərdəki dondurulmuş aktivlərinin dəqiq məbləği qeyri-müəyyən olaraq qalır. Beynəlxalq media qurumları daha əvvəl bu rəqəmin 6 milyard dollar (5,1 milyard avro) olduğunu bildiriblər - bu vəsaitlər İran tərəfindən saxlanılan beş ABŞ vətəndaşının azad edilməsi müqabilində 2023-cü ildə Cənubi Koreyadan Qətərə köçürülüb:
"HƏMAS-ın 7 oktyabrda İsrailin cənubuna etdiyi hücumdan və ardınca ABŞ-İran münasibətlərinin pisləşməsindən sonra həmin aktivlər sərbəst buraxılmayıb. İran rəsmiləri bu rəqəmin 12 milyard dollar (10,2 milyard avro) olduğunu bildiriblər", - əlavə olunub.
İndiyədək Pakistan ABŞ və İran arasındakı danışıqlarda əsas vasitəçi qismində çıxış edib. Əvvəllər İran və ABŞ arasında vasitəçi olmuş Qətər isə son vaxtlar danışıqlarda daha aktiv bir rol oynamağa başlayıb.
Bu ayın əvvəlində Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ABŞ-də dövlət Katibi Marko Rubio və vitse-prezident Cey Di Venslə görüşüb. Qətər həmçinin keçən həftə Trampa İrana qarşı gələcək hücumları təxirə salması üçün uğurla təsir edən üç Körfəz ölkəsindən (digər ikisi BƏƏ və Səudiyyə Ərəbistanıdır) biridir.
Qeyd edək ki, dünyanın neft və təbii qaz tədarükünün təxminən beşdə birinin tranzit keçdiyi Hörmüz boğazından hərəkətin kəsilməsi qlobal enerji axınlarına ciddi təsir göstərib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərdə səfərdədir.
"Far.Az"un məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər verir.
Bildirilir ki, səfər Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdəki münaqişənin nizamlanması prosesinin davamıdır.
"Reuters" agentliyinin məlumatına görə, onlar Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə ABŞ və İran arasında müharibənin dayandırılmasına dair mümkün razılaşma barədə danışıqlar aparacaqlar. Müzakirələr əsasən Hörmüz boğazı və İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı olacaq.
Nümayəndə heyətinin tərkibinə razılaşma çərçivəsində İran vəsaitlərinin sərbəst buraxılması mümkünlüyünü müzakirə etmək üçün İran Mərkəzi Bankının rəhbərliyi də daxildir.
Oxşar xəbərlər
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
-
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb













