Oyan Nəzəriani: "Azərbaycanda çimərlik güləşinə maraq ildən-ilə artır"
Far.Az xəbər saytı

Oyan Nəzəriani: "Azərbaycanda çimərlik güləşinə maraq ildən-ilə artır"


Azərbaycanda çimərlik güləşinə maraq ildən-ilə artır.

Bunu "Report"a açıqlamasında milli komandanın baş məşqçisi Oyan Nəzəriani deyib.

O, bir neçə gün öncə başa çatan Azərbaycan çempionatında rekord sayda iştirakçı qeydə alındığını vurğulayıb:

"Böyüklər və U-17 yaş qrupu üzrə oğlanlar və qızların Azərbaycan çempionatı keçirildi. Bu tədbir daha əvvəl çimərlik güləşi üzrə təşkil olunan Azərbaycan çempionatları ilə müqayisədə daha yüksək səviyyədə baş tutdu. Buna həm iştirakçı sayını, həm də təşkilatçılığı aid etmək olar. Rekord sayda iştirakçı var idi. Bu, əlbəttə, bizim üçün çox sevindirici haldır. İldən-ilə güləşin bu növünə diqqət və maraq artır. Bu da karyerasını çimərlik güləşində davam etdirmək istəyənlərin sayının artmasına vasitə olur. Mükafatçıların hər birini məşq prosesinə cəlb edəcəyik. Onları qarşıdan gələn yarışlara hazırlayacağıq".

Mütəxəssis Yeniyetmələrin Yay Olimpiya Oyunlarına qatılacaqlarını nəzərə çatdırıb:

"Qarşıda bizi mötəbər və bir o qədər böyük məsuliyyət tələb edən yarışlar gözləyir. Bakıda avqustun 27-də U-17 dünya çempionatı, növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi baş tutacaq. Sentyabrda Yunanıstanın Katerini şəhərində Dünya Seriyasının final mərhələsində çıxış edəcəyik. Bu yarışda dünya çempionları müəyyənləşəcək. Noyabrda isə Yeniyetmələrin Yay Olimpiya Oyunları olacaq. Bu yarışı xüsusi edən cəhətlərdən biri ilk dəfə çimərlik güləşinin proqrama əlavə olunmasıdır. Biz Oyunların ilk iştirakçılarından olacağıq. Bizi böyük bir sınaq gözləyir. İnanıram ki, güləşçilərimiz bu yarışda da ölkəmizi layiqincə təmsil edəcəklər".

Qeyd edək ki, çimərlik güləşi üzrə Azərbaycan çempionatı iyunun 29-30-da Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) baş tutub.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Oyan Nəzəriani Vyetnamda IOC və UWW-nin birgə təşkil etdiyi məşqçilik kursunda təlim keçib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər