"Yastıqaltı" pullar iqtisadiyyata gətirilir: Kütləvi maliyyələşdirmə biznes mühitini necə dəyişəcək?
Azərbaycanın maliyyə bazarında yeni mərhələnin əsasını qoyacaq "Kraudfandinq haqqında" qanun layihəsi ölkədə ilk dəfə olaraq kütləvi maliyyələşdirmə fəaliyyətini hüquqi müstəvidə tənzimləyir. Sənəd parlamentin plenar sessiyasının ilk oxunuşundan keçib. Layihənin əsas məqsədi sahibkarların, xüsusilə də startapların bank kreditlərindən asılılığını azaltmaq və onlar üçün alternativ maliyyə mənbəyi formalaşdırmaqdır.
Qanun layihəsinə əsasən, kraudfandinq platformaları vasitəsilə investorların vəsaiti səhm və ya borcəsaslı maliyyələşdirmə formasında layihələrə yönəldilə biləcək. Bu platformalar yalnız Mərkəzi Bankın reyestrinə daxil olduqdan sonra fəaliyyət göstərə biləcəklər. Sənəddə investorların hüquqlarının qorunmasına xüsusi yer ayrılıb. Belə ki, fərdi investorlara investisiya qərarını dəyişmək üçün yeddigünlük "düşünmə dövrü" veriləcək və bu müddət ərzində onlar heç bir cərimə ödəmədən təkliflərini geri götürə biləcəklər. Qanun layihəsi platformalarda layihələr haqqında ətraflı və şəffaf məlumatların açıqlanmasını da məcburi edir. Layihə sahibləri maliyyə vəziyyəti, fəaliyyət istiqamətləri, risklər və cəlb ediləcək vəsait barədə investorları tam məlumatlandırmalı olacaqlar.
Eyni zamanda, investisiyaların dövlət zəmanəti və ya sığorta ilə təmin olunmadığı barədə açıq xəbərdarlıq ediləcək. Toplanan vəsaitlər operatorun şəxsi aktivlərindən ayrı saxlanılacaq və layihə baş tutmadıqda və ya ləğv edildikdə investorlara geri qaytarılacaq. Qanun operatorların maraqlar münaqişəsinə yol verməməsini və platformaların təhlükəsiz fəaliyyət göstərməsini də tələb edir. Bundan başqa, layihədə investisiya limitlərinin müəyyən edilməsi və kraudfandinq kampaniyalarının keçirilməsi qaydaları da əksini tapıb. Kraudfandinq sahəsində dövlət tənzimlənməsi və nəzarəti isə Mərkəzi Bank tərəfindən həyata keçiriləcək. Bu yanaşmanın həm yeni maliyyə imkanlarının formalaşmasına, həm də investorların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcəyi nəzərdə tutulur.
Görəsən, layihənin qəbulunun hansı üstünlükləri olacaq?
Far.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov vurğulayıb ki, sözügedən sahə ilə bağlı qlobal, həmçinin yerli çağırışlar var.
Deputat əlavə edib ki, hazırda alternativ maliyyə alətlərinə ehtiyac yaranıb:
"İndiyə qədər sahibkarlar, startaplar üçün əsas maliyyə mənbələri şəxsi vəsaitlər və bank kreditləri idi. Qanunun qəbulu isə əlavə maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq. "Yastıq altında" saxlanılan vəsaitlər hərəkətsiz qalıb, dövriyyədə deyil. Ölkə iqtisadiyyatına hansısa faydanı vermir. Digər tərəfdən isə hüquqi boşluqlar və risklər mövcud idi. Bu günə qədər bu sahəni tənzimləyən qanun olmayıb. Sosial şəbəkələr vasitəsilə müxtəlif vaxtlarda ianələr, pullar toplanılırdı. İndi isə bu məsələ qanun çərçivəsində olacaq. Dünya, o cümlədən biz rəqəmsallaşmaya keçid edirik. Bu baxımdan, innovativ maliyyə texnologiyalarını əhatə edən qanunvericilik bazasının yaradılması zəruridir ki, bu cür layihələr hüquqi çərçivədə tənzimlənsin".
M.Cəfərov qanunun üstünlüklərindən danışıb:
"Burada əsas üstünlük investisiyaların əlçatan olmasıdır. İstənilən vətəndaş, investor və ya sahibkar layihələrə qoşula, rəsmi ortaq ola bilər. Girovsuz və faizsiz maliyyələşmə imkanı yaradılır. Sahibkarlar yalnız ideya və biznesini kütləyə təqdim etməklə kapital toplaya biləcəklər. Eləcə də Mərkəzi Bank təminat verir ki, pul toplanılmadan layihəyə start verilə bilməyəcək. Həmçinin emosional qərarlar da nəzərə alınacaq. Qanuna görə, qoyulan investisiyanı yeddi gün ərzində geri çəkmək olacaq və buna görə cərimə nəzərdə tutulmur. Həmçinin lazımi investisiya olmadıqda toplanan vəsait geri qaytarılacaq. Qanunun qəbulu iqtisadiyyatı canlandıracaq, yeni iş yerlərinin açılmasına kömək olacaq. Maliyyə şəffaflığı artacaq, kölgə iqtisadiyyatının qarşısı alınacaq".
İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında qeyd edib ki, ABŞ və Avropada kraudfandinq inkişaf edib.
O qeyd edib ki, qeyri-peşəkar şəkildə insanlar müəyyən hallarda sosial şəbəkələrdə ətraflarındakı insanlara yardım məqsədilə pul toplayırdılar:
"Bu qanun ona görə qəbul edilir ki, maliyyələşmədə alternativ mənbələr formalaşsın və hüquqi baza yaradılsın. Startaplarla bağlı mikrosahibkarlar banklardan kredit ala bilmirlər. Ölkədə "Mələk investorlar" azdır. Startap mühiti elə də ürəkaçan deyil. Yeni bizneslərin nə girov təminatı olur, nə də pul cəlb edə bilirlər. Pul cəlb edə bilmədikləri üçün inkişaf da olmur.
Əhali əlindəki kiçik yığımlarını investisiyaya çevirə biləcək. Həmçinin investorlar layihələrdən pay əldə edə biləcəklər ki, bu da onları daha da həvəsləndirir. Hüquqi tənzimləmə olacaq. ABŞ-də sözügedən sahə geniş inkişaf edib. Avropada da inkişafdadır".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, Azərbaycanda startapların, innovativ təşəbbüslərin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi son illərdə dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
O qeyd edib ki, bu baxımdan "Kraudfandinq haqqında" qanun layihəsinin hazırlanaraq ictimai müzakirəyə təqdim edilməsi bazar iqtisadiyyatının inkişafı baxımından mühüm addım hesab oluna bilər:
"Dünyanın müxtəlif ölkələrində uğurla tətbiq edilən kraudfandinq modeli artıq ənənəvi bank kreditləri və klassik investisiya mexanizmlərini tamamlayan alternativ maliyyələşmə vasitəsinə çevrilib. Azərbaycanda da belə hüquqi bazanın formalaşdırılması həm sahibkarlığın inkişafı, həm də investisiya mühitinin dərinləşdirilməsi üçün yeni imkanlar yarada bilər.
Layihənin müsbət cəhətlərini qeyd etməmək düzgün olmazdı. İlk dəfə olaraq kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilir, platforma operatorlarının fəaliyyətinə nəzarət mexanizmi yaradılır və investorların müdafiəsinə xidmət edən bir sıra ilkin təminatlar nəzərdə tutulur. Operatorların reyestrə daxil edilməsi, Mərkəzi Bankın nəzarət funksiyası, maraqlar toqquşmasının məhdudlaşdırılması, investor üçün düşünmə müddətinin müəyyən edilməsi və cəlb olunan vəsaitlərin ayrıca uçotunun aparılması layihənin güclü tərəfləri sırasındadır.
Bununla belə, qanun layihəsi yalnız yeni maliyyə alətini tənzimləyən sənəd deyil. Kraudfandinq kapital bazarı, ödəniş xidmətləri, korporativ hüquq, vergi sistemi, fərdi məlumatların qorunması, kibertəhlükəsizlik və çirkli pulların yuyulmasına qarşı mübarizə kimi müxtəlif sahələrin kəsişməsində formalaşan mürəkkəb hüquqi institutdur. Məhz buna görə də layihənin mövcud qanunvericilik sistemi ilə uyğunluğu son dərəcə vacibdir".
Hüquqşünas vurğulayıb ki, ilk diqqətçəkən məqam kraudfandinq mexanizminin qüvvədə olan maliyyə qanunvericiliyi ilə əlaqəsinin kifayət qədər aydın müəyyən edilməməsidir:
"Layihədə nəzərdə tutulan "əsas məlumat vərəqəsi" anlayışının qiymətli kağızlar bazarında tətbiq olunan emissiya prospekti və informasiya memorandumu ilə hüquqi münasibəti açıq göstərilmir. Gələcək tətbiq zamanı bu qeyri-müəyyənlik layihə sahibləri, investorlar və operatorlar üçün müxtəlif şərhlərə səbəb ola bilər. Daha məqsədəuyğun olardı ki, qanunda kraudfandinq yolu ilə həyata keçirilən qiymətli kağızlar təkliflərinin ümumi kapital bazarı qanunvericiliyinə tabe olduğu, yalnız xüsusi hallarda fərqli qaydaların tətbiq edilə biləcəyi ayrıca norma ilə təsbit edilsin.
Operatorun hüquqi statusu da əlavə dəqiqləşdirmə tələb edir. Layihədə operator, əsasən, texniki platforma kimi təqdim olunur. Halbuki vəsaitlərin qəbul edilməsi, sifarişlərin emalı, investisiya prosesinin təşkili və müəyyən hallarda qiymətli kağızların yerləşdirilməsi artıq maliyyə xidmətlərinin elementlərini özündə birləşdirir. Bu səbəbdən gələcəkdə hansı fəaliyyət növləri üçün əlavə lisenziyanın tələb olunacağı qanunun özündə daha aydın göstərilməlidir. Əks halda nəzarət və lisenziyalaşdırma sahəsində hüquqi mübahisələrin yaranması istisna edilmir. Layihənin əhatə dairəsi ilə bağlı digər mühüm məsələ səhm əsaslı kraudfandinqin yalnız səhmdar cəmiyyətlərinə şamil edilməsidir. Azərbaycan təcrübəsində innovativ bizneslərin böyük hissəsi məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərir. Belə vəziyyətdə yalnız səhmdar cəmiyyətlərini əhatə edən model bazarın real iştirakçılarının əhəmiyyətli hissəsini kraudfandinq imkanlarından kənarda saxlayacaq".
Ə.Nuriyevin sözlərinə görə, qanunverici ya MMC-lər üçün xüsusi hüquqi mexanizm hazırlamalı, ya da onların mərhələli şəkildə bu sistemə qoşulmasına imkan verən keçid modeli nəzərdə tutmalıdır:
"İnvestorların etimadı kraudfandinq bazarının uğurunu müəyyən edən əsas amildir. Layihədə bu istiqamətdə müəyyən təminatlar nəzərdə tutulsa da, onların bir hissəsinin yalnız Mərkəzi Bankın gələcək normativ aktlarına həvalə edilməsi hüquqi sabitlik baxımından optimal yanaşma hesab edilə bilməz. Xüsusilə investor limitlərinin əsas prinsipləri birbaşa qanunda müəyyən edilməli, konkret məbləğlərin və texniki göstəricilərin müəyyənləşdirilməsi isə tənzimləyici orqanın səlahiyyətində qalmalıdır.
İnvestor vəsaitlərinin hüquqi statusu da ayrıca diqqət tələb edir. Qanunda açıq şəkildə göstərilməlidir ki, platformaya yerləşdirilən vəsaitlər operatorun əmlakına daxil edilmir, onun balansında əks olunmur və operatorun kreditorlarının tələblərinin təmin edilməsi üçün istifadə edilə bilməz. Operatorun müflis olması halında həmin vəsaitlərin iflas kütləsindən kənarda qalması investor etimadının əsas hüquqi təminatlarından biridir. Bununla yanaşı, yalnız "düşünmə müddəti" investorların müdafiəsi üçün kifayət etmir. Platformalar sadə uyğunluq qiymətləndirməsi aparmalı, investorun riskləri başa düşdüyünü təsdiqləyən elektron mexanizmlər tətbiq etməlidirlər. İnvestora aydın şəkildə bildirilməlidir ki, belə investisiyalar dövlət tərəfindən sığortalanmır, gəlirlilik zəmanət verilmir və qoyulan vəsaitin tam və ya qismən itirilməsi mümkündür. Bu xəbərdarlıqlar formal deyil, texniki təsdiq tələb edən prosedur şəklində həyata keçirilməlidir.
Layihənin daha bir zəif tərəfi vəsait toplandıqdan sonrakı mərhələnin kifayət qədər tənzimlənməməsidir. İnvestor yalnız vəsait yatıran şəxs deyil, eyni zamanda, layihənin gələcək inkişafı barədə məlumat almaq hüququna malik iştirakçıdır. Buna görə də layihə sahiblərinin müəyyən dövrlərlə investorlara vəsaitlərin istifadəsi, layihənin icra vəziyyəti, yaranmış risklər və biznes modelində baş vermiş mühüm dəyişikliklər barədə hesabat təqdim etmələri qanunla müəyyən edilməlidir".
Fond rəhbəri qeyd edib ki, maliyyə təhlükəsizliyi baxımından kraudfandinq platformaları xüsusi risk daşıyan sahələrdən biridir:
"Çoxsaylı kiçik məbləğli əməliyyatlar çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün əlverişli mühit yarada bilər. Buna görə operatorların müştərinin identifikasiyasını aparması, benefisiar mülkiyyətçiləri müəyyən etməsi, sanksiya siyahıları üzrə yoxlamalar həyata keçirməsi, siyasi nüfuzlu şəxslərlə bağlı gücləndirilmiş nəzarət tədbirləri görməsi və şübhəli əməliyyatları aidiyyəti orqanlara bildirməsi qanunun əsas prinsiplərindən biri kimi əks olunmalıdır.
Layihədə diqqətdən kənarda qalan istiqamətlərdən biri də sosial kraudfandinqdir. Hazırkı model, əsasən, kommersiya layihələrinə yönəlib. Halbuki beynəlxalq təcrübə göstərir ki, kraudfandinq xeyriyyə təşəbbüslərinin, mədəniyyət layihələrinin, sosial innovasiyaların və ictimai fayda daşıyan proqramların maliyyələşdirilməsində də uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatları və sosial təşəbbüslər üçün sadələşdirilmiş, lakin şəffaflıq və hesabatlılıq tələblərini qoruyan ayrıca hüquqi rejimin yaradılması bu sahənin inkişafına mühüm töhfə verə bilər.
Qanunun gələcək effektivliyi bir neçə əlavə məsələnin həllindən də asılı olacaq. Vergi rejiminin əvvəlcədən aydınlaşdırılması, qeyri-rezident investorların vergitutma qaydalarının müəyyən edilməsi, platforma xidmət haqlarının hüquqi statusunun dəqiqləşdirilməsi bazarın inkişafını sürətləndirə bilər. Digər tərəfdən, səhməsaslı kraudfandinqdə investisiyaların sonradan dövriyyəyə buraxılması üçün sadələşdirilmiş ikincili bazar mexanizmlərinin formalaşdırılması da gələcək islahat gündəliyində yer almalıdır. Eyni zamanda, Mərkəzi Bank yanında tənzimləyici "sandbox" mexanizminin yaradılması yeni platformaların məhdud miqyasda sınaqdan keçirilməsinə, risklərin əvvəlcədən qiymətləndirilməsinə və tənzimləyicinin praktik təcrübəsinin formalaşmasına imkan verərdi".
"Ümumilikdə, "Kraudfandinq haqqında" qanun layihəsi Azərbaycanın maliyyə bazarlarının inkişafı istiqamətində perspektivli təşəbbüsdür. Onun əsas ideyası müasir iqtisadiyyatın tələblərinə cavab verir və alternativ maliyyələşmə imkanlarının genişlənməsinə xidmət edir. Bununla belə, qanunun real uğuru yalnız qəbul edilməsindən deyil, hüquqi sistemə nə dərəcədə səmərəli inteqrasiya olunmasından və praktik tətbiq zamanı etimad yaradan mexanizmlərin formalaşdırılmasından asılı olacaq. Bu məsələlər lazımi səviyyədə həll edilərsə, kraudfandinq Azərbaycanda təkcə yeni maliyyə aləti kimi deyil, innovasiya, sahibkarlıq, sosial təşəbbüskarlıq və vətəndaş iştirakçılığını stimullaşdıran müasir maliyyə infrastrukturu kimi formalaşa bilər", - deyə Əliməmməd Nuriyev fikrini tamamlayıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Qaxda vətəndaş qəbulu keçirilib













