Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb
Far.Az xəbər saytı

Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb


Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan Sanders ilə görüş keçirib.

Bu barədə Far.Az-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar, sülh prosesi, işğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Nazir ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edib. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni imkanlar yaratdığı qeyd olunub.

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin, innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə beynəlxalq gömrük əməkdaşlığını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər