İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr III oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda qəbul olunub.
"Far.Az" xəbər verir ki, yeni qanunla "Rəqəmsal texnologiya", "süni intellekt texnologiyası", "innovasiya məhsulu", "kibertəhlükəsizlik" və "bulud hesablama xidmətləri" (royalti və ya icarə hesab edilməyərək birbaşa xidmət kimi tanınır) anlayışları hüquqi çərçivəyə salınır.
Muzdlu işçi cəlb etmədən rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində müstəqil xidmət göstərən və sənaye/texnologiyalar parkının rezidenti olan fiziki şəxslərə rəsmi status verilir.
Xarici qeyri-rezident şirkətlərlə müqavilə əsasında Azərbaycan ərazisində məsafədən işləyən şəxslərin bu fəaliyyəti xarici şirkətin ölkədə daimi nümayəndəliyinin yaranmasına səbəb olmayacaq. Frilanser və rəqəmsal səyyahlar vergi uçotuna alındıqdan sonra geniş güzəştlərdən yararlanacaqlar.
Bundan başqa, Rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsullarının hazırlanması və kibertəhlükəsizlik sahəsində xidmət göstərən fiziki və hüquqi şəxslərin (texnopark rezidentləri istisna olmaqla) bu fəaliyyətdən əldə etdikləri gəlirlər vergidən azad olunur. Şərt: İxrac edilən xidmətlərin vəsaitləri mütləq Azərbaycan banklarındakı hesablara köçürülməlidir.
Qeyd olunan sahələrdə çalışan yüksəkixtisaslı miqrantların, son 24 ayda Azərbaycanda vergi öhdəliyi olmayan mütəxəssislərin və xaricdən bu sahələr üzrə fəaliyyət üçün ölkəyə qayıdan Azərbaycan vətəndaşlarının muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulacaq.
Həmin fəaliyyətlə məşğul olan hüquqi şəxslər tərəfindən ödənilən dividendlər də 20 il müddətinə vergidən tam azad edilir.
Həmçinin Akkreditə olunmuş investorlar, fiziki və ya hüquqi şəxslər tərəfindən vençur kapitalı fondlarına, "Startap" və ya texnopark şəhadətnaməsi olan şirkətlərə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi hesabat ilində həmin investorun vergitutulan ümumi gəlirindən/mənfəətindən çıxılır.
Çıxılan məbləğ investorun illik gəlirinin/mənfəətinin 50%-indən çox olmamalıdır; tərəflər qarşılıqlı asılı şəxs olmamalıdır; investor şirkətdə 50%-dən çox paya sahib olmamalıdır və əldə edilmiş pay azı 3 il mülkiyyətdə saxlanılmalıdır (şirkət müflis olarsa, məbləğ vergiyə bərpa edilmir).
Vençur kapitalı fondları tərəfindən öz investorlarına ödənilən dividendlər gəlir vergisindən azad edilir. Kraudfandinq platformaları vasitəsilə edilən investisiyalardan yaranan gəlirlərə və dividendlərə də analoji güzəştlər şamil olunur.
Vergi ödəyicilərinin özlərinin həyata keçirdiyi elmi-tədqiqat və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycanda yaradılmış müəllif hüququ obyektlərinin, proqram təminatlarının və nou-hauların digər şəxslərə ötürülməsindən (royalti), texnologiya transferindən və ya satışından əldə edilən gəlir və mənfəətlərin 95 faizi vergidən azad edilir.
Qrant müqavilələri və subsidiyalar çərçivəsində rəqəmsal layihələrə alınan vəsaitlər vergitutulan gəlirə aid edilmir.
Uzadılma, dayandırılma və əlavə yoxlamalar da daxil olmaqla, bir vergi ödəyicisində aparılan səyyar vergi yoxlamasının ümumi xronoloji davametmə müddəti heç bir halda 90 iş günündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra hər hansı əlavə vergi və ya sanksiya hesablana bilməz.
"Startap" və ya texnopark şəhadətnaməsini yeni almış (ilk 3 ilində olan) şirkətlərin vergi yoxlaması zamanı yaranan ümumi borcu 50 000 manatdan çox olmadıqda, borcdan yuxarı orqana və ya məhkəməyə şikayət verildiyi andan son qərar çıxanadək bank hesablarındakı pul vəsaitlərinin dondurulması barədə sərəncam göndərilməyəcək (riskli vergi ödəyiciləri istisna olmaqla).
Vergi azadolması və ya güzəşt müddəti ilin ortasında başladıqda və ya bitdikdə, güzəşt günlərin sayına mütənasib olaraq və ya dəqiq uçot aparıldıqda faktiki göstəricilər əsasında hesablanacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib
-
Şamaxıda Yay Fest 2026-ya start verildi













