VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
Fərhad Hacıyev bildirib ki, bu il keçirilən müsabiqənin konsepti "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib: "Yarımfinal mərhələsində iştirak edən 326 namizəddən 130 nəfər finala yüksəlib. Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq".
Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, karyera inkişafı təkcə vəzifədə yüksəlmək deyil: "Bu həm də ömürboyu öyrənmək, dəyişən dünyaya uyğunlaşmaq və özünü daim inkişaf etdirmək bacarığıdır. İnnovasiyaların, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi, hər bir peşəni yenidən formalaşdırdığı müasir dövrdə davamlı öyrənmək ən qiymətli bacarıqlardan birinə çevrilib".
Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, müasir dövr hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, həm də etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara qarşı çevik və adaptiv yanaşma tələb edir: "Bu baxımdan, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. Bu müsabiqə ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda, inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır".
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öz çıxışında qeyd edib ki, ildən-ilə xaricdə yaşayan azərbaycanlıların da "Yüksəliş" müsabiqəsinə marağı artmaqdadır: "Biz il ərzində bir çox layihələr təşkil edirik. Sizlər də bizim bu layihələrimizdə iştirak edə, Azərbaycanı təmsil edə bilərsiniz. Azərbaycan dövləti bu gün böyük gücə çevrilib və bu gücün inkişafı üçün də güclü kadr potensialı olmalıdır".
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva söyləyib ki, "Yüksəliş" sadəcə adi bir yarışma deyil, bu, uğur qazanmış insanların müsabiqəsidir: "Burada artıq real həyatda nailiyyət əldə etmiş, bilik və bacarıqları sayəsində öz karyerasını və həyat yolunu formalaşdırmış, eyni səviyyədə olan digər uğurlu şəxslərlə rəqabət aparan insanlar bir araya toplanır. Əminəm ki, müsabiqə yekunlaşdıqdan sonra bir çoxunuz yeni dostluqlar quracaq, yeni peşəkar əlaqələr yaradacaqsınız. Bu da "Yüksəliş"in ən əhəmiyyətli dəyərlərindən biridir. Biz yarışmada bilikli, bacarıqlı, öz sahəsinin mütəxəssisi olan, eyni zamanda, dövlətçiliyə sədaqətli, sağlam mənəvi prinsiplərə əsaslanan, məsuliyyət duyğusu güclü olan insanların qalib gəlməsini arzu edirik. Elə şəxsiyyətlər ki, məsuliyyəti təkcə özünə, ailəsinə və işinə qarşı deyil, eyni zamanda, dövlətinə, xalqına və millətinə qarşı da hiss edirlər".
Finalçılar müsabiqədə mərhələ ərzində "İdarəçi rollar modeli"nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər. Bununla da, altıncı "Yüksəliş" müsabiqəsinə yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"













