Tanışını öldürən keçmiş məhkumun cəzası yüngülləşdirildi
Far.Az xəbər saytı

Tanışını öldürən keçmiş məhkumun cəzası yüngülləşdirildi


Qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Far.Az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkumun kassasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə məhkum olunmasına dair cinayət işinə dair Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Təbriz Həsənovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 ünvanında qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş Təbriz Həsənov 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirib. T.Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İstintaqla müəyyən edilib ki, Azər İbrahimovun xalası oğlu saxlanıldığı üçün o, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fəhləlik etdiyini, ona görə də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov bu məsələ ilə bağlı Nihat Abbaslı və onun tanışı Cavid Məmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində, dəmiryolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ev 484-ə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmasını tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasına şərait yaratdığını deyib.

O, əvvəllər cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etməli olduğunu bildirib.

Təbriz Həsənov onun sözlərinə məhəl qoymadığı üçün Azər İbrahimovdan qisas almaq məqsədi ilə ona Yasamal rayonu, "İnşaatçılar" metrostansiyasının girişində görüşə çağırıb. Orada söhbət edərkən, bir gün əvvəl ona qarşı qeyri-etik hərəkətə hər üç nəfərin üzr istəməsini istəyib. Azər bununla razılaşmadıqda, Təbriz üzərindəki bıçaqla tanışına bir neçə dəfə zərbə vurub. Yerə yıxılan tanışının ölmədiyini görüb ona əlavə zərbələr endirib. A.İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə, T.Həsənov həmin ərazidən qaçıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılan Azər İbrahimov orda ölüb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədənində 7 ədəd bıçaq yarası aşkar edilib.

Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd: Təbriz Həsənov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər