Azərbaycanda yağış və isti hava daxili turizmə necə təsir edib? - ARAŞDIRMA
Far.Az xəbər saytı

Azərbaycanda yağış və isti hava daxili turizmə necə təsir edib? - ARAŞDIRMA


Bu yay Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti gündəlik həyatla yanaşı, turizm sektoruna da təsirsiz ötüşməyib. Davamlı yağıntılar, qəfil hava dəyişiklikləri və bəzi bölgələrdə yaranan yol problemləri daxili turizmə təsir göstərərək bəzi istiqamətlərdə turist axınının azalmasına, eləcə də səyahət planlarının dəyişməsinə səbəb olub.

İqlim dəyişiklikləri fonunda turizm sektorunun yeni reallıqlara uyğunlaşması zərurətə çevrilir. Bunun üçün alternativ turizm məhsullarının inkişaf etdirilməsi, hava şəraitindən asılı olmayan xidmətlərin genişləndirilməsi və çevik turizm paketlərinin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

"Report" mövzu ilə bağlı araşdırma aparıb.

Bakıda fəaliyyət göstərən hotellərdən birinin rəhbəri, turizm eksperti İbrahim Qəfərov deyir ki, bu yay Azərbaycanda müşahidə olunan hava şəraiti turizm sektoru üçün ciddi sınağa çevrilib: "Bir gün kəskin isti, ertəsi gün isə gözlənilməz leysan yağışları müşahidə olundu. Bu dəyişkənlik təkcə kənd təsərrüfatına deyil, turizm sənayesinə də ciddi təsir göstərdi. Son illərin təcrübəsi göstərir ki, qeyri-sabit hava artıq istisna hal deyil, yay mövsümünün ayrılmaz xüsusiyyətinə çevrilib. Əsas məsələ sektorun yeni reallığa nə dərəcədə hazır olmasıdır.

Qeyri-sabit hava şəraitinin təsirini statistikadan daha çox gündəlik fəaliyyətimizdə hiss edirik. Məsələn, iyulun əvvəlində Qusara göndərdiyimiz turist qrupu yağışlı hava proqnozuna görə səyahət proqramını dəyişmək məcburiyyətində qaldı və marşrut Nabran istiqamətinə yönəldildi. Lakin orada da məlum oldu ki, çimərlik infrastrukturu Bakı ətrafındakı istirahət zonaları ilə müqayisədə kifayət qədər inkişaf etməyib. Bu isə göstərir ki, alternativ istiqamət təklif etmək kifayət deyil, həmin ərazidə də turistə eyni səviyyədə xidmət göstərilməlidir".

Ekspertin sözlərinə görə, belə hallar xüsusilə kiçik hotellər, qonaq evləri və qlempinqlər üçün ciddi gəlir itkisi yaradır: "Bu obyektlərin fəaliyyəti əsasən açıq hava şəraitindən asılıdır. Piknik zonaları, açıq hovuzlar, təbiət marşrutları və digər xidmətlər yağışlı və ya küləkli havada demək olar ki, istifadə olunmur. Əslində bu problem yeni deyil. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hələ 2023-cü ildə hava şəraitindəki dəyişikliklərin turizmə təsir göstərdiyini bildirmişdi. Bu il müşahidə olunan vəziyyət isə göstərir ki, söhbət artıq mövsümi təsadüfdən deyil, uzunmüddətli və sistemli yanaşma tələb edən çağırışdan gedir".

İ.Qəfərovun sözlərinə görə, hava şəraitinin təsiri bütün regionlarda eyni olmur: "Qəbələ, Şamaxı və İsmayıllı kimi həm açıq, həm də qapalı istirahət imkanları təqdim edən istiqamətlər dəyişkən hava şəraitinə daha davamlıdır. Bu da sübut edir ki, turizm məhsullarının şaxələndirilməsi artıq təkcə rəqabət üstünlüyü deyil, həm də risklərin idarə olunmasının vacib elementidir".

Ekspert hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsulları hələ kifayət qədər inkişaf etməyib: "Hazırkı vəziyyətdə bunu yetərli hesab etmək çətindir. Halbuki ölkədə böyük potensial mövcuddur. Məsələn, Naftalanın sağlamlıq turizmi hava şəraitindən demək olar ki, asılı deyil və ilboyu sabit turist axınını qoruyur. Oxşar imkanlar Masallı və Lənkəran kimi bölgələrdə də var.

Bakıda yerləşən Qala Muzey Kompleksi, Azərbaycan Milli Xalça Muzeyi və digər qapalı turizm obyektləri maraqlı məkanlar olsa da, onlar hələ də turizm marşrutlarına sistemli şəkildə inteqrasiya edilməyib. Nəticədə hava şəraiti pisləşdikdə turoperatorların turistlərə təqdim edə biləcəyi alternativ proqramlar məhdud qalır".

Onun sözlərinə görə, qonşu Gürcüstan və Türkiyənin təcrübəsi göstərir ki, şərab zavodları, qapalı əyləncə mərkəzləri, tematik parklar və digər oxşar turizm məhsulları ilboyu turist axınını saxlamağa imkan verir.

"Azərbaycanda isə turizm hələ də əsasən "yay – çimərlik", "qış – xizək" modeli üzərində qurulub. Mövsümlərarası dövrdə turistlər üçün kifayət qədər alternativ məhsul formalaşdırılmayıb. Halbuki qastronomiya, sağlamlıq və MICE (işgüzar tədbirlər və konqres) turizmi istiqamətlərində böyük potensial mövcuddur. Lakin bu imkanlar hələ tam şəkildə turizm məhsuluna çevrilməyib. İlk növbədə, hər bir regional turizm paketində hava şəraitinə uyğun alternativ proqramlar nəzərdə tutulmalıdır. Muzeylər, emalatxanalarda ustad dərsləri, qapalı əyləncə və mədəniyyət məkanları belə proqramların ayrılmaz hissəsinə çevrilməlidir.

Bununla yanaşı, dövlət və özəl sektor regionlarda qapalı turizm infrastrukturunun inkişafına daha çox investisiya yatırmalıdır. Rəqəmsal platformalar isə real vaxt rejimində hava məlumatlarını turistlər üçün alternativ marşrut və fəaliyyət təklifləri ilə əlaqələndirməlidir. Bu yay bir daha göstərdi ki, iqlim dəyişikliyinə uyğunlaşmayan turizm modeli uzunmüddətli perspektivdə dayanıqlı olmur. Azərbaycanın zəngin təbii, mədəni və sağlamlıq turizmi potensialı var. İndi əsas məqsəd bu imkanları hava şəraitindən minimum asılı olan, daha çevik və dayanıqlı turizm məhsullarına çevirməkdir".

Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Rəhman Quliyev isə bildirir ki, bu il bölgələrdə hava şəraitinin qeyri-sabit keçməsi Azərbaycanın daxili turizm bazarına müəyyən təsir göstərib.

"Xüsusilə yağıntılı günlərdə bəzi istiqamətlərə səfərlərdə ləngimələr müşahidə olunsa da, hava şəraiti normallaşdıqdan sonra turizm aktivliyi yenidən artmağa başlayıb. Həm yerli, həm də xarici turistlər regionlara səfər etməzdən əvvəl hava proqnozlarını diqqətlə izləməlidirlər. Çünki intensiv yağıntılar və hava şəraitinin qəfil dəyişməsi, xüsusilə dağlıq və ucqar kəndlərə aparan yollarda hərəkəti çətinləşdirə bilər. Turistlər səfərə çıxmazdan əvvəl hava proqnozunu yoxlamalı, mümkün riskləri nəzərə almalı və zərurət yarandıqda alternativ istiqamətlər seçməlidirlər. Bu, həm təhlükəsizlik, həm də səyahətin rahat keçməsi baxımından vacibdir", – deyə o qeyd edib.

R.Quliyevin sözlərinə görə, hava şəraitindəki dəyişkənliyə baxmayaraq, Azərbaycanda daxili turizm inkişafını davam etdirir: "Bu il Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində müəyyən azalma müşahidə olunur. Bu isə əsasən dünyada davam edən geosiyasi proseslər və bəzi istiqamətlərdə hökm sürən əlverişsiz iqlim şəraiti ilə bağlıdır. Avropanın bir sıra ölkələrində anomal istilər müşahidə olunur. Asiyanın bir çox istiqamətlərində isə yay mövsümü turizm baxımından əlverişli hesab edilmir. Bu səbəbdən yerli turistlər daha çox Azərbaycanın regionlarında istirahətə üstünlük verirlər", – deyə ekspert vurğulayıb.

O əlavə edib ki, regionlarda fəaliyyət göstərən hotellərdə doluluq səviyyəsi yüksək olaraq qalır: "Xarici turistlərin sayında müəyyən azalma müşahidə olunsa da, daxili turizmdəki artım bu azalmanı qismən kompensasiya edir. Daxili turizmin inkişafında Dövlət Turizm Agentliyinin həyata keçirdiyi təşviq layihələri mühüm rol oynayır. Bu istiqamətdə görülən işlərin genişləndirilməsi gələcəkdə daxili turizm göstəricilərinin daha da yaxşılaşmasına imkan verəcək".

Turizm üzrə digər ekspert Nizami Həsənov isə deyir ki, qeyri-sabit hava şəraiti turizm sektoruna, xüsusilə də daxili turizmə bir sıra təsirlər göstərir. Onun sözlərinə görə, hava dəyişikliklərindən ən çox təsirlənən istiqamətlərdən biri dəniz turizmidir.

"Azərbaycan Xəzər dənizi sahilində yerləşir, Bakı və Abşeron yarımadası ölkənin əsas çimərlik turizmi məkanları hesab olunur. Çimərlik turizmi isə hava şəraitindən birbaşa asılıdır. Buna görə də qeyri-sabit hava şəraiti həm yerli turistlər, həm də ölkəyə gələn xarici qonaqlar üçün müəyyən çətinliklər yaradır. Bu, hazırkı vəziyyətin ən bariz nümunələrindən biridir", – deyə ekspert bildirib.

N.Həsənov hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsullarının inkişafı hələ tam qənaətbəxş səviyyədə deyil: "Son illər bu istiqamətdə müəyyən müsbət tendensiyalar müşahidə olunur. Turizm sektorunda davamlı olaraq yeni məhsullar formalaşdırılır və yeni xidmətlər təqdim edilir. Bu proses sürətli olmasa da, inkişaf davam edir. Bunun üçün isə turizm infrastrukturunun daha da gücləndirilməsi, sahə üzrə peşəkar kadrların hazırlanması, digər vacib istiqamətlərdə işlərin davam etdirilməsi böyük əhəmiyyət daşıyır".

Rəsmi statistikaya görə, bu ilin ilk yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə qeydə alınan gecələmələrin sayı da azalıb. Belə ki, yanvar-iyun aylarında bu obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 % azalaraq 1 milyon 807,9 min təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər