Bahəddin Həzi Report Media Məktəbində: Jurnalistika gündəmin ədəbiyyatıdır
Far.Az xəbər saytı

Bahəddin Həzi Report Media Məktəbində: Jurnalistika gündəmin ədəbiyyatıdır


"Bizimyol.info" saytının təsisçisi, yazıçı, publisist, jurnalist Bahəddin Həzi jurnalistikanın cəmiyyətin suallarına cavab axtardığını bildirib.

"Report" xəbər ki, Report Media Məktəbinin tələbələri ilə görüşə gələn B.Həzi jurnalistin peşəkarlığının təkcə yazdığı xəbərlə ölçülmədiyini qeyd edib:

"Jurnalistika gündəmin ədəbiyyatıdır. Yaxşı jurnalist əvvəlcə özünü sorğulamalı, sonra isə cəmiyyəti maraqlandıran sualların cavabını axtarmalıdır. İnsan bir gün özünü sorğulamağı dayandırsa, inkişafı da dayanacaq. Jurnalistin işi cəmiyyətdə olan sualları tapmaq, onları müxtəlif şəxslərə vermək və cavab alana qədər onların arxasınca getməkdir".

Jurnalist media sahəsində süni intellektin rolu barədə fikirlərini də bölüşüb.

"Süni intellekt jurnalisti əvəz etməyəcək. O sadəcə köməkçi bir vasitədir. Ondan istifadə etməyi bacaran jurnalist, istifadə etməyi bacarmayan jurnalisti əvəz edəcək", – o bildirib.

Yazıçı söz ehtiyatını artıran, dili cilalayan vasitə kimi bədii ədəbiyyatı nümunə göstərib:

"Oxucu fərqli situasiyalarla qarşılaşır. Nəticədə isə onun təsəvvür etmə qabiliyyəti inkişaf edir. Bədii mətndə insan obrazları ilə həyat obrazları müqayisə olunur. İnsan həyatı obrazlarla dərk edir".

B.Həzi qeyd edib ki, publisistika rəy jurnalistikasıdır:

"Publisistika interpretasiyadır. Həmçinin şərhə yaxındır. O jurnalistikanın ədəbiyyatla birləşən nöqtəsidir. Bu elə janrdır ki, onun içində şəfqət olmalıdır" – publisist vurğulayıb.

Bahəddin Həzi (Həziyev) 1965-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Avropa ölkələrində media üzrə müxtəlif kurs və təlimlərdə iştirak edib.

Bahəddin Həzi hələ məktəb dövründən jurnalistikaya maraq göstərib, yazıları "Araz" qəzetində və digər mətbuatda dərc olunub. 1990-cı ildən peşəkar jurnalistikaya başlayan jurnalist uzun illər müxtəlif media orqanlarında çalışıb. 2005-ci ildən "Bizim yol" qəzetinə, 2012-ci ilin iyun ayından isə "Bizimyol.info" saytına rəhbərlik edir. Hazırda "Bizimyol" MMC-nin baş direktorudur.

2010-cu ildə Əməkdar jurnalist fəxri adını qazanıb. Dəfələrlə müxtəlif mükafat və diplomlara layiq görülüb. "Ölümcül həqiqətlər", "Göyün cazibə qüvvəsi" kimi kitabların, minlərlə məqalənin müəllifidir.

Oxşar xəbərlər

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Polad incəsənətə çevriləndə - Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər