İlham Əliyevin Qırğızıstan səfəri: Türk dünyasının geosiyasi xəritəsi yenidən formalaşır - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana növbəti səfəri Bakı ilə Bişkek arasında uzun illərdir yüksələn xətlə inkişaf edən münasibətlərin keyfiyyətcə yeni və mühüm mərhələsinin başlanğıcıdır.
SSRİ dağıldıqdan sonra Azərbaycanla Mərkəzi Asiya respublikaları arasında ortaq tarixi-mədəni köklərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin yüksəliş dinamikası Bakı-Bişkek dialoqundan da yan keçməyib. Son illərdə isə TDT (Türk Dövlətləri Təşkilatı) çərçivəsində əməkdaşlıq, birgə layihələr, Türk dünyasının inkişafına verilən töhfələr Azərbaycanla Qırğız respublikası arasında əməkdaşlığı yeni müstəviyə daşıyıb. Son illər Azərbaycan və Qırğızıstan liderlərinin intensiv qarşılıqlı səfərləri də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verən əsas amillərdəndir.
Prezident İlham Əliyevin budəfəki səfəri zamanı imzalanan sənədlər isə tərəflərin daha geniş, müttəfiqlik münasibətlərinə hədəfləndiyini göstərir. Bu mənada Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə diqqət çəkir.
Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarına görə, bu günə qədər Bakı ilə Bişkek arasında əldə edilmiş razılaşmalar daha da möhkəmləndirilir, paralel olaraq isə yaxın gələcəkdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığın təməli atılır və fəaliyyət xəritəsi müəyyənləşir. Bu sənəd həm də sübut edir ki, Azərbaycanın Mərkəzi Asiyada strateji nüfuzu ciddi şəkildə artır, Azərbaycanla Qırğız Respublikası beynəlxalq platformalarda vahid geosiyasi mövqedən çıxış edəcək. Bu, sənədin siyasi çəkisidir. İqtisadi çəkiyə gəldikdə isə qarşılıqlı ticarət dövriyyəsinin artırlması, birgə layihələrin işlənməsi, bir sıra sahələrdə əməkdaşlıq əsas prioritet olaraq götürülür. Çünki bu sənədlə Bakı ilə Bişkek energetika, kənd təsərrüfatı, sənaye, rəqəmsal texnologiyalar sahəsində də strateji tərəfdaşlığın təməlini qoymuş sayılır.
Həm də qeyd etmək yerinə düşər ki, iki ölkə liderinin imzaladığı "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə" Bakı ilə Bişkek arasındakı strateji addımların ən yüksək zirvəsi hesab edilir. Bununla da Azərbaycanla Qırğız Respublikası arasındakı diplomatik əlaqələr rəsmi müttəfiqlik müstəvisinə keçid edir.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanla Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb. "Bugünkü danışıqların mühüm nəticəsi Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu, Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsindən xəbər verən həqiqətən də tarixi bir hadisədir", - S.Japarov bildirib. Qırğız liderinin bu fikrinin arxasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın dəyişən geostrateji reallıqları, habelə hər iki dövlətin uzaqgörən milli maraqları dayanır. Eyni zamanda TDT-nin getdikcə real güc mərkəzinə çevrilməsini də nəzərə almaq lazımdır. Dənizə çıxışı olmayan Qırğızıstan üçün Azərbaycan Avropaya və Yaxın Şərqə açılan ən etibarlı qapıdır. Yəni, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik quraraq, Türk dünyasını daha da möhkəmləndirir, Xəzərin hər iki sahilini vahid geostrateji oxda birləşdirir.
İki ölkə arasındakı münasibətlərin strateji xarakterini şərtləndirən ən vacib istiqamətlərdən biri də şübhəsiz ki, energetika sahəsi ilə bağlıdır. Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında enerji əməkdaşlığının inkişafı üzrə konseptual təkliflərin hazırlanması, eləcə də Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkili xüsusi tapşırıq kimi yer alır. Rəsmi Bakı bu addımı ilə sübut edir ki, təkcə Avropa üçün yox, həm də Mərkəzi Asiya dövlətləri üçün də etibarlı enerji tərəfdaşı rolunu üzərinə götürür. Bu, rəsmi Bakının geoiqtisadi mövqeyini daha da möhkəmləndirən addımdır. Qırğız Respublikası üçün də Azərbaycanın zəngin enerji resurslarına birbaşa çıxış əldə etmək çox önəmlidir. Rəsmi Bişkek illik neft məhsulları tələbatının 90 faizindən çoxunu idxal yolu ilə təmin edir. Azərbaycanla bu sahədə əməkdaşlıq bu ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Ehtimal etmək olar ki, bu sahədə əməkdaşlıq eyni zamanda bərpaolunan enerji layihələrinin də reallaşdırılmasına səbəb olacaq.
Əgər iki ölkə arasında enerji sahəsində tərəfdaşlıq məsələsi varsa, bu, birbaşa nəqliyyat və logistika sahəsinə də ciddi təsir edir. Bu səbəbdən də iki ölkə arasında energetika sahəsində artan dinamika Orta Dəhliz üzrə də əməkdaşlığı genişləndirəcək. Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında nəqliyyat-logistika infrastrukturunun inteqrasiyasına xüsusi yer verilməsinə bu prizmadan yanaşmaq lazımdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dənizə çıxışı olmayan Qırğızıstan üçün Avropa və Yaxın Şərq bazarlarına ən qısa və təhlükəsiz çıxış da məhz Azərbaycan vasitəsilə mümkün olacaq. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, inşası davam edən Zəngəzur dəhlizi nəinki Qırğız Respublikası, eyni zamanda digər Mərkəzi Asiya ölkələri üçün də ciddi nəfəslik rolunu oynayacaq. Əgər yaxın gələcəkdə "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu reallaşaraq, Orta Dəhlizə qoşulsa, bu, iki ölkə arasındakı yükdaşımaların artımına ciddi təsir edəcək. Başqa sözlə desək, iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşməsi təkcə ticarətin və yükdaşımaların artması deyil, həm də strateji və geosiyasi xarakterə malikdir. Şərqlə Qərbi birləşdirən bu qlobal nəqliyyat zəncirində Bakı və Bişkekin eyni mövqedən çıxış etməsi həm də Xəzər dənizi ilə Mərkəzi Asiya arasındakı logistik baryerləri aradan qaldırır. Beləliklə, Bakı və Bişkek xətti boyunca nəqliyyat əlaqələrinin dərinləşməsi yalnız qarşılıqlı yükdaşımaları artırmır, eyni zamanda Avrasiya məkanında Türk dünyasının vahid geoiqtisadi və logistik mərkəz kimi mövqelərini sarsılmaz edir.
Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Yuxarıda qeyd etdiyimiz nəqliyyat və logistika sahəsində əməkdaşlıq və vahid geosiyasi və geoiqtisadi mövqedən çıxış etmək həm də Türk dünyasının hərtərəfli inteqrasiyasının əsas sütununu təşkil edir. Məhz son illərdə də Azərbaycanla Qırğızıstanın TDT-nin institusional inkişafı, nəqliyyat-kommunikasiya bağlantılarının möhkəmləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması təşəbbüsü kimi vacib məsələlərdə eyni fikri paylaşması, eyni fikirdə olmasına da bu prizmadan baxmaq lazımdır. Bu kontekstdə, Dövlətlərarası Şuranın 3-cü iclasında qəbul olunan qərarlar və müəyyənləşdirilən strateji fəaliyyət xəritəsi yalnız iki ölkənin milli maraqlarına xidmət etməklə kifayətlənmir, bütövlükdə Adriatikdən Sakit okeana qədər uzanan Türk coğrafiyasında strateji birliyin və inteqrasiya proseslərinin daha da dönməz xarakter almasına misilsiz töhfə verir.
Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətlərinin bəyanatlardan praktiki layihələr müstəvisinə keçidinin əsas mühərriki Azərbaycan-Qırğız İnkişaf Fondudur. Fondun nizamnamə kapitalının da 200 milyon dollaradək artırılması barədə əldə edilmiş razılaşma da bir sıra mətləblərdən xəbər verir. Bu maliyyə rıçaqları kənd təsərrüfatı, sənaye, rəqəmsal texnologiyalar, turizm, bərpaolunan enerji kimi vacib sahələrdə birgə layihələrin reallaşmasına imkan yaradır. Bu da Azərbaycana Mərkəzi Asiya bazarlarına investisiya etməyə imkan yaradır. Paralel olaraq da Qırğızıstanın iqtisadiyyatına müsbət təsir edir, yeni iş yerləri yaradır. Beləliklə, iqtisadi tərəfdaşlığın bu miqyasda dərinləşməsi rəsmi Bakı və Bişkek arasındakı müttəfiqlik münasibətlərinin sarsılmaz təməllərini daha da bərkidir.
Əlavə olaraq, deyə bilərik ki, Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı yalnız iqtisadiyyat, logistika və maliyyə rıçaqları ilə məhdudlaşmır. Bundan əlavə, iki ölkə arasında humanitar, təhsil və mədəniyyət sahələrində də layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu da bir daha sübut edir ki, Azərbaycan Qırğız Respublikası ilə sadəcə geoiqtisadi və geosiyasi sahələrdə əməkdaşlıq etmir. Çünki ortaq tarix, dil və mədəni dəyərlər humanitar əməkdaşlığı da vacib edir. Ağdamın Xıdırlı kəndində inşa edilən Ayköl Manas adına məktəb, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, təhsil sahəsində tələbə-müəllim mübadiləsi kimi layihələr də xalqlar arasında bağların gücləndirilməsinə xidmət edir.
Qısacası, Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi bir hadisə sayılır və təkcə iki ölkə arasında münasibətlərdə yeni dövrün başladığını elan etmir, eyni zamanda Türk dünyasının inteqrasiya proseslərində də ciddi canlanmaya təkan verir. Bir sıra sahələri əhatə edən layihələrin təməlinin qoyulması göstərir ki, Bakı ilə Bişkek arasındakı əməkdaşlıq artıq klassik diplomatik münasibətlər çərçivəsini aşaraq uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilir...
Kamil Məmmədov
Oxşar xəbərlər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib













