Fariz Yusifov: "Sarı vərəqə limitinin artırılması futbolçularda məsuliyyətsizlik yarada bilər"
Far.Az xəbər saytı

Fariz Yusifov: "Sarı vərəqə limitinin artırılması futbolçularda məsuliyyətsizlik yarada bilər"


UEFA-nın sarı vərəqə limitinin 3-dən 4-ə qaldırılması ilə bağlı qərarı futbolçularda müəyyən məsuliyyətsizlik yarada bilər.

Bunu "Report"a açıqlamasında FIFA referisi Fariz Yusifov UEFA-nın sarı vərəqə cəzaları ilə bağlı qayda dəyişikliyinə münasibət bildirərkən deyib.

Mütəxəssis yeni qərarın mənfi və müsbət tərəflərini dəyərləndirib:

"Bəzi dəyişikliklər hər bir dövr üçün nəzərdə tutulur. UEFA və FIFA-dakı komitələr də öz fəaliyyətlərini göstərmək üçün illər ərzində yeni addımlar atmalıdırlar. Üç sarı vərəqədən sonra dördüncünü alan futbolçunun bir oyunu buraxması məsələsi ortaya çıxdı. Hamı bunu qəbul edəcək, belə də olmalıdır. Lakin digər tərəfdən, əvvəlki qayda oyunçular üçün bir intizam amili idi. İdmançı üç xəbərdarlıqdan sonra cəzalanacağını bildiyi üçün daha diqqətli davranırdı. İndi isə limitin artırılması futbolçularda müəyyən qədər arxayınlıq və səhlənkarlıq yarada bilər".

F.Yusifov klublarda bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb:

"Komandalarda qaydalarla bağlı məsul şəxslər futbolçularla psixoloji söhbətlər aparmalıdırlar. Onlara izah olunmalıdır ki, ali futbol qurumları intizam sanksiyalarını yumşaltmaqla oyun sayını artırmağa şərait yaradırlar. Bu səbəbdən klubların daxilində izahat işləri vacibdir. Oyunçular maksimum dərəcədə sarı və qırmızı vərəqələrdən uzaq durmalıdırlar. Oyunun başlanğıcında sarı vərəqə alan idmançıda matçın sonunadək həyəcan və ikinci xəbərdarlığı almaq qorxusu olur. Bu baxımdan klublarda intizamla bağlı tədbirlər gücləndirilməlidir. Bu addımı təqdir etmirəm. Futbolçularda məsuliyyət hissini artırmaq üçün sarı vərəqə limiti azaldılmalı idi. Çünki elə oyunçular var ki, sanki intizamsızlıq onların alnına yazılıb. Bəzi idmançılar komandanın xeyrinə, bəziləri isə aqressivliyə görə cəzalanırlar. Bəzən də futbolçular bu hərəkətləri düşünmədən edirlər".

Qeyd edək ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb. Bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq. Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı – 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.

Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir - Bal limitinin artırılması gündəmdə
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər