Sosial şəbəkələrdə yaş qadağası ilə yanaşı, valideyn nəzarəti də vacibdir - RƏY
Sosial şəbəkələrdə hesab açmağın 16 yaşadək qadağan edilməsi bu yaşda uşaqların asanlıqla manipulyasiyaların təsiri altına düşə bilməsi ilə bağlıdır.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, real həyatda uşaqların pis vərdişləri olan, yaşına uyğun olmayan insanlarla ünsiyyət qurmasına icazə verilməsə də, onlar virtual dünyada bu tip insanlarla sosial şəbəkələr vasitəsilə, bəzən bloglarda, qısa videolarda, mobil tətbiq oyunlarında təmasda olurlar, onları izləyirlər:
"Böyümə və öyrənmə dövründə olan uşaq ətraf aləmi tanımır və o, nəyi görürsə onu təqlid edir, ondan öyrənir, böyüklərdən özünə rol model axtarır. Təəssüf ki, bu gün rəqəmsal mühit uşaqlarımız üzərində böyük təsirə malikdir. Uşaqlar təkcə izləyici ola bilmir, bu, onların davranışlarına, tərbiyəsinə, mənəvi dəyərlərinə təsir edir, hətta onu formalaşdırır. Təsir altına düşdüyü üçün də, bu, onda asılılıq və aqressivlik yaradır. Sosial şəbəkələrdə hesab açmağın məhz, 16 yaşadək qadağan edilməsi, bu yaşadək uşaqların ətraf mühiti tam dərk etmədiyi üçün, asanlıqla manipulyasiyaların təsiri altına düşə bilməsi ilə bağlıdır".
"Bəzi sosial şəbəkə platformalarını hesab açmadan da izləmək olur və ya uşaq bunu valideynin hesablarından davam etdirə bilər. Təbii ki, bu zaman o yalnız izləyici olacaq, özü ilə bağlı məzmun paylaşa bilməyəcək. Digər tərəfdən, uşaqlara zərər verən rəqəmsal mühit təkcə sosial şəbəkələrdən də ibarət deyil. Uşaqlara uyğun olmayan elə mobil tətbiq oyunları var ki, yaş məhdudiyyəti burada formal xarakter daşıyır. Bu tip oyunların da qadağan edilməsi məqsədəuyğun olardı. Bu prosesdə valideyn nəzarəti mütləqdir. Qanunda da qeyd olunduğu kimi, 16-18 yaş arası uşaqların hesab açması, məzmun paylaşması yalnız onun qanuni nümayəndəsinin iştirakı və razılığı ilə mümkün olacaqdır. Dövlət burada valideynin rolunu qeyd edir".
Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycan Konstitusiyasında uşaq hüquqlarının qorunmasına dövlətin nəzarət etdiyi qeyd olunur:
"Ona görə də, uşaqların rəqəmsal mühitdə hüquqlarının qorunması dövlətin başlıca vəzifələrindən birinə çevrilib. Qanunun 12 aydan sonra qüvvəyə minməsinin nəzərdə tutulması da sistemli hazırlıq mərhələsini göstərir. Həmin dövrdə yaş yoxlanılması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdirilməli, texniki həllər seçilməli, şəxsi məlumatların qorunması ilə yaşın yoxlanılması arasında hüquqi balans təmin edilməli, dövlət qurumları və platformalar arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, valideynlər və uşaqlar üçün geniş maarifləndirmə kampaniyaları aparılmalı, müəllimlər və digər mütəxəssislər üçün təlimlər təşkil edilməlidir".
O qeyd edib ki, burada əsas məqsəd sosial şəbəkələri qadağan etmək deyil, rəqəmsal mühitdə uşağın maraqlarını kommersiya alqoritmlərindən, zərərli məzmundan, manipulyasiyadan və təhlükəli təsirlərdən üstün tutmaqdır:
"Eyni zamanda, düşünürəm ki, rəqəmsallaşma günün tələbi olduğu üçün bundan istifadə qaçılmazdır. Ona görə də, uşaqları zərərli məzmunlardan qorumaqla yanaşı, onlara biliklərini artıra biləcəkləri faydalı alternativlər də verməliyik".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













