Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər - XİN-ə nota göndərilib
Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.
BAKU.WS xəbər verir ki, "Report" sözügedən vəziyyətlə bağlı xəbər hazırlayıb.
Sürücülər əsasən "Sarp" və "Qırmızı Körpü" sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.
Teymur Sultanov
Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin "Sarp" sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.
"Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə "gözləyin" deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir", - sürücü bildirib.
Oxşar problemlə üzləşən digər sürücü Eldəniz Məmmədliyev isə artıq bir aydan çoxdur Gürcüstanda qaldığını deyir. Onun sözlərinə görə, Kutaisidə istehsal olunan və dəmir sənayesində istifadə edilən kimyəvi maddəni Azərbaycana apararkən əvvəlcə gömrükdə üç gün saxlanılıb, daha sonra isə başqa məntəqəyə aparılıb.
"Maşını tamamilə sökdülər, bütün sənədlərimi, pasportumu, telefonumu aldılar. Sonra heç bir izahat vermədən dedilər ki, "gedə bilərsən". Soruşdum hara gedim, cavab verdilər ki, "bilmirik", - deyə sürücü bildirib.
E.Məmmədliyev qeyd edib ki, pasportu yalnız 20 gündən sonra qaytarılıb, bu müddətdə isə avtomobili sökülmüş vəziyyətdə qalıb və özü küçədə gecələməyə məcbur olub.
"Əgər problem yükdədirsə, yükü boşaldın, məni buraxın. Amma heç kim heç nə izah etmir. Hazırda 43-45 gündür Gürcüstandayam", - o vurğulayıb.
Bəhadur Əliyev
Sürücülər Bəhadur Əliyev və İman Əliyev də Batumidə gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən günlərlə gözlədiklərini bildirirlər. Onların sözlərinə görə, saxlanılmalarının səbəbi ilə bağlı onlara da hər hansı rəsmi izahat verilməyib.
"Artıq neçə gündür Batumidə gözləyirik. Nə vaxt buraxılacağımızı deyən yoxdur. Sadəcə "gözləyin" cavabı alırıq", - B.Əliyev deyib.
İman Əliyev
İ.Əliyev isə söyləyib ki, bütün sənədlər təqdim olunub, amma problem nədən ibarətdir, heç kim izah etmir.
Sürücülərin sözlərinə görə, "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Onların bildirdiyinə görə, gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədin təqdim olunduğunu, lakin daha sonra sənədin gürcü dilinə tərcüməsinin istənildiyini bildirirlər.
Yük sahibi Sahib Əliyev isə deyib ki, sözügedən icazə sənədi 2023-cü ildə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib və indiyədək eyni sənədlərlə yüzlərlə yük avtomobili Gürcüstan ərazisindən maneəsiz keçib. Onun sözlərinə görə, eyni məhsul bu ilin mart və aprel aylarında, həmçinin ötən ilin oktyabr və dekabr aylarında da heç bir problem olmadan tranzit daşınıb.
"Hesab edirəm ki, hazırkı vəziyyət sənədlərin vaxtında yoxlanılmaması və bürokratik anlaşılmazlıq nəticəsində yaranıb", - S.Əliyev bildirib.
Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, "Get, gözlə" cavabı ilə kifayətlənirlər.
Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.
Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.
Qalereya
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













