Vardanyanın qaranlıq keçmişi: Amerikalı yazıçı niyə riskli fuquru müdafiə etdi?
Far.Az xəbər saytı

Vardanyanın qaranlıq keçmişi: Amerikalı yazıçı niyə riskli fuquru müdafiə etdi?


Bu dəfə yazılan bir məktub məhkəmə hökmündən daha geniş müzakirə yaradıb. Çünki o, yalnız ünvanlandığı adama yox, onu oxuyan hər kəsə sual verir. Həmin sualın konkret ünvanı dünyaca məşhur iqtisadçı və yazıçı Nassim Nikolas Talebdir.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.

Sual isə sadədir: Risklərdən yazan adam özü riskli bir fiquru niyə müdafiə edir? Qeyri-müəyyənliyi nəzəriyyəyə çevirən müəllif niyə Ruben Vardanyanın keçmişindəki faktlara bu qədər müəyyənliklə göz yumur?

Türkiyəli mühəndis və tədqiqatçı Ergün Kırlıkovalının Talebə ünvanladığı açıq məktub da məhz bu suallar üzərində qurulub.

Məktubun müəllifi deyir ki, Vardanyan haqqında illərlə yaradılmış "filantrop" obrazı reallığın yalnız görünən tərəfidir. Arxa planda isə maliyyə qalmaqalları, geosiyasi oyunlar və hüquqi ittihamlar dayanır.

Əslində, Ruben Vardanyanın adı ilk dəfə Qarabağda eşidilməyib. Onun adı hələ illər əvvəl beynəlxalq jurnalist araşdırmalarında hallanırdı. OCCRP-nin məşhur "Troika Laundromat" araşdırması milyardlarla dolların hərəkət etdiyi mürəkkəb maliyyə sxemlərini üzə çıxarmışdı. Araşdırmalarda Vardanyanın rəhbərlik etdiyi "Troika Dialog" şirkətinin də adı keçirdi. O, bu ittihamları rədd etsə də, həmin dosye heç vaxt bağlanmadı.

Sonra Ukrayna müharibəsi başladı. Rusiyalı oliqarxlara qarşı təzyiqlər artdı və elə həmin dövrdə Ruben Vardanyan gözlənilmədən Qarabağda peyda oldu. Təsadüfdür, yoxsa yeni siyasi sığınacaq axtarışı? Bu sualın cavabı müxtəlif ölkələrdə fərqli verilə bilər, amma bir həqiqət dəyişmir.

O, Azərbaycan ərazisinə qanunsuz daxil oldu. Separatçı rejimin ən yüksək postlarından birini tutdu. Azərbaycanın suverenliyini açıq şəkildə hədəfə alan bəyanatlar verdi. Sülh danışıqlarının getdiyi vaxt bölgədə qarşıdurmanı körükləyən əsas fiqurlardan biri kimi çıxış etdi.

Bu gün isə bütün bunlar artıq siyasi polemikanın yox, məhkəmə materiallarının tərkib hissəsidir. Azərbaycan məhkəməsində ona qarşı terrorçuluğun maliyyələşdirilməsindən qanunsuz silahlı birləşmələrin yaradılmasına, təcavüzkar müharibədə iştirakdan insanlıq əleyhinə cinayətlərə qədər çoxsaylı ittihamlar irəli sürülüb və hökm çıxarılıb.

Bütün bunlar ortada ikən dünyanın tanınmış intellektuallarından birinin yalnız "humanist" Vardanyan obrazını müdafiə etməsi istər-istəməz başqa suallar doğurur. Nə üçün, nəyə əsasən, hansı faktlara söykənərək? Yoxsa burada faktlardan çox münasibətlər rol oynayır?

Taleb uzun illər risklərin düzgün qiymətləndirilməsindən yazıb. Ancaq görünür, bu dəfə ən böyük riski özü edib. Çünki hər hansı şəxsi müdafiə etməzdən əvvəl onun bioqrafiyasının yalnız parlaq səhifələrinə yox, qaranlıq hissələrinə də baxmaq lazımdır.

Vardanyanın "xeyriyyəçi" imici də məhz həmin sualların mərkəzindədir. Bir tərəfdə məktəblər, fondlar, humanitar layihələr, digər tərəfdə isə beynəlxalq araşdırmalar, maliyyə qalmaqalları, Qarabağdakı qanunsuz fəaliyyət və separatçılığa verilən siyasi maliyyə dəstəyi ilə bağlı iddialar.

Məhz buna görə də açıq məktub müəllifi deyir ki, filantropiya bəzən xeyirxahlıqdan çox reputasiya layihəsinə çevrilə bilir.

Talebdən fərqli olaraq Vardanyanın fəaliyyətini diqqətlə izləyəndə həmin zənciri addım-addım görmək mümkündür: maliyyə sxemləri, Qarabağa gəliş, separatçı rejimdə fəaliyyət və nəticədə, məhkəmə zalına qədər uzanan yol.

Bu gün Talebə yazılan məktub, əslində, bir nəfərə yox, beynəlxalq ictimaiyyətə ünvanlanıb. Mesaj isə kifayət qədər aydındır: bir insan haqqında hökm verəndə onun yaratdığı imicə yox, keçdiyi yola baxmaq lazımdır.

Çünki bəzən ən bahalı PR kampaniyası belə faktların qarşısında tab gətirə bilmir. Faktların isə, adətən, yaddaşı güclü olur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər