Vaşinqton razılaşmaları Azərbaycanın son illərdə qazandığı zəfərlərin məntiqi nəticəsidir - DEPUTAT
Far.Az xəbər saytı

Vaşinqton razılaşmaları Azərbaycanın son illərdə qazandığı zəfərlərin məntiqi nəticəsidir - DEPUTAT


Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə ölkəmizin son illərdə qazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqi nəticəsidir.

Bu fikirləri Far.Az-ə açıqlamasında Milli Məclisin VI və VII çağırış deputatı Kamal Cəfərov bildirib.

Deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə ölkəmizin regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən tam qəbul edilməsi, beynəlxalq hüquq və milli maraqlara söykənən müstəqil siyasətimizin təntənəsi olub.

Kamal Cəfərov qeyd edib ki, Vaşinqton razılaşmaları Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərinin təkcə Ermənistan deyil, bütün dünya birliyi tərəfindən qəbul edilməsinin göstəricisidir. Onun sözlərinə görə, bununla da Zəngəzur dəhlizinə qarşı aparılan kampaniya və cəhdlərə son qoyulub:

Vaşinqton razılaşmaları Azərbaycanın son illərdə qazandığı zəfərlərin məntiqi nəticəsidir - DEPUTAT

"Vaşinqtonda əldə olunan konsensus həm də Cənubi Qafqazın geosiyasi memarlığının Azərbaycan tərəfindən təqdim edilən yeni, müstəqil və qarşılıqlı maraqlara əsaslanan model əsasında qurulması üçün mühüm rol oynayıb.

Bu tarixi zəfərin memarı Böyük Lider, Prezident İlham Əliyevdir və onun müdrik liderliyi təkcə son illərin zəfərləri ilə ölçülmür. Bu uğur iyirmi ildən artıq davam edən dərin strateji fəaliyyətin, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətçiliyi xəttinin növbəti möhtəşəm təntənəsidir."

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev 90-cı illərin xaosundan sabitliyə yol açıb, ölkənin gələcək inkişaf istiqamətini müəyyən edib. Məhz həmin möhkəm təməl üzərində Prezident İlham Əliyev illər boyu səbr və uzaqgörənliklə ordunu gücləndirib, iqtisadiyyatı şaxələndirib və Azərbaycanın haqq səsini beynəlxalq aləmdə ucaldıb. Deputat bildirib ki, Prezident İlham Əliyev xalqın Qarabağı qaytarmaq inamını hər gün artıraraq ən yüksək zirvəyə çatdırıb.

Kamal Cəfərov qeyd edib ki, bu gün əldə olunan həm döyüş meydanındakı Zəfər, həm də diplomatik qələbələr Heydər Əliyev və İlham Əliyevin bir-birini tamamlayan, vahid məqsədə yönəlmiş strategiyasının ən böyük uğurlarından biridir. O əlavə edib ki, bu zəfərlər eyni zamanda öz liderlərinin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsidir.

Deputat bildirib ki, bu gün Azərbaycan əldə etdiyi nəticələr əsasında bölgədə yeni nizam yaradıb. Onun sözlərinə görə, bu nizam qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyünün tanınmasına, eləcə də praktiki iqtisadi inteqrasiyaya söykənir. Kamal Cəfərov vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi model heç kimə qarşı yönəlməyib və Ermənistan da daxil olmaqla bütün region ölkələrinin mənafeyinə xidmət edir.

"Azərbaycan artıq Avrasiyanın nəqliyyat, kommunikasiya və iqtisadi xəritəsinin döyünən ürəyinə çevrilib. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanla birbaşa əlaqə bərpa olunacaq, eyni zamanda Asiya ilə Avropanı birləşdirəcək mühüm nəqliyyat bağlantısı yaradılacaq", - deyə deputat bildirib.

Kamal Cəfərov bildirib ki, Zəngəzur dəhlizi Türk dünyasının coğrafi birliyini daha da möhkəmləndirəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Azərbaycanın strateji mövqeyini əvəzsiz edəcək.

Deputat əlavə edib ki, Azərbaycanın gələcəyə baxışı təkcə nəqliyyat dəhlizləri ilə məhdudlaşmır. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində dünyanın aparıcı enerji şirkətləri ilə icra olunan layihələr ölkənin gələcək inkişaf strategiyasını nümayiş etdirir.

Onun sözlərinə görə, bu addımlar Azərbaycanı təkcə etibarlı neft-qaz tədarükçüsü deyil, həm də bərpa olunan enerji sahəsində Avropanın gələcək tərəfdaşına çevirir.

Kamal Cəfərov sonda bildirib ki, bütün bu amillər onu göstərir ki, regionda Azərbaycanın iştirakı olmadan heç bir dayanıqlı layihə reallaşa bilməz. Deputatın sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə açılan yollar və həyata keçirilən layihələr bütün iştirakçılar üçün rifah və tərəqqi gətirəcək.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər